Keçid linkləri

2026, 02 Mart, Bazar ertəsi, Bakı vaxtı 02:43

İran və İsrail qarşılıqlı zərbələri davam etdirir

Tehran, 1 mart, 2026-cı il
Tehran, 1 mart, 2026-cı il

Bu gün – martın 1-də İsrail İrandakı hədəflərə zərbələri davam etdirib, Tehran isə cavab zərbələri endirib. Bir gün öncəki zərbələrdə isə İranın ali rəhbəri ayətullah Əli Xameneinin öldürüldüyü açıqlanıb.

Vaşinqton və Təl-Əvivin İrana qarşı birgə hücumunun ikinci günündə ABŞ-nin hava zərbələri haqda rəsmi məlumat verilməyib. Prezident Donald Tramp isə bildirib ki, İran hərbi fəaliyyətini gücləndirsə, Vaşinqton onu “indiyədək görünməmiş güclə” vuracaq. Tramp daha öncə “ağır və dəqiq bombardmanın” həftə boyunca, yaxud daha uzun davam edəcəyini deyib.

“İran rejiminin şansı var idi, amma razılaşma bağlamaqdan imtina etdi, indi isə bunun nəticələri ilə üzləşib”. Bunu ABŞ-nin müdafiə naziri Pit Heqset X sosial şəbəkəsində yazıb.

Tehran isə İsrailə, ABŞ-nin hərbi obyektlərinin yerləşdiyi ərəb ölkələrinə cavab hücumları gerçəkləşdirir, Yaxın Şərq boyunca hava hücumu siqnalları səslənir.

Karaçidə ABŞ konsulluğu
Karaçidə ABŞ konsulluğu

Karaçidə ABŞ konsulluğuna hücum

Pakistanın Karaçi şəhərində tələbələr ABŞ konsulluğuna girməyə cəhd edib, yeddi nəfər həlak olub. Güc strukturları əməkdaşları ilə şiə siyasi partiyalarına bağlı İmamiyyə Tələbə Təşkilatının üzvləri arasında atışma olub.

AzadlıqRadiosunun “Radio Maşaal” xidməti müxbirinin çəkdiyi videoda yanan bina, yanmış motosiklet, ərazidə xeyli sayda Pakistan təhlükəsizlik qüvvələri görünür.

İraqın Bağdad şəhərində ABŞ səfirliyi yaxınlığında da toqquşmalar baş verib. Omanın paytaxtı Məsqətdəki ABŞ səfirliyi ölkədəki əməkdaşlarına “sığınacaqda qalmaq” təlimatı verib. Omanda bir limana dron hücumu baş verib.

İsrail Müdafiə Qüvvələri X sosial şəbəkəsində yazıb ki, “son 24 saatda artıq 20-ci dəfədir milyonlarla israilli İranın raket atəşi altında ölkə boyunca sığınacaqlara qaçır.”

Dubayda və Qətərin paytaxtı Dohada ikinci gündür güclü partlayış səsləri eşidilir. İran dövlət mediası Xameneinin ölümünə cavab olaraq zərbələrin həyata keçirildiyini bildirib.

İranın ali təhlükəsizlik rəsmisi Əli Laricani bildirib ki, ABŞ və İsrailin hava zərbələrindən Xamenei və bir neçə yüksək vəzifəli şəxs öldürüldükdən sonra müvəqqəti yeni idarəetmə şurası yaradılır.

Martın 1-i səhər İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın Fars Xəbər Agentliyi də Xameneinin ailə üzvlərinin İsrailin hücumlarında öldürüldüyünü bildirib.

Şamxani, Pakpur da öldürülüb

Xameneinin müşaviri Əli Şamxaninin və SEPAH komandanı Məhəmməd Pakpurun öldüyünü dövlət mediası da təsdiqləyib.

İranda öldürülən digər yüksək rütbəlilər arasında müdafiə naziri Əziz Nəsirzadə və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əbdülrahim Musəvi də var.

Tehran, Kərəc, Şahavar, İsfahan, digər şəhərlərdə bayram əhval-ruhiyyəsi, siqnallar verildiyi, yanvar etirazlarında öldürülən etirazçıların fotolarının qaldırıldığı xəbər verilir.

“AFP” Xamenei tərəfdarlarının da aksiyalar keçirildiyini, Tehrandakı meydanlardan birinə minlərlə insanın yığışdığını xəbər verib.

Bəsrədə Xamenei üçün matəm mərasimi
Bəsrədə Xamenei üçün matəm mərasimi

Xameneinin ölümü təzyiq altında olan İran rəhbərliyinə böyük zərbə sayılır. Sərt xətt tərəfdarı Xamenei mötədil liderlərin Qərblə münasibətləri yaxşılaşdırmaq cəhdlərinin qatı əleyhdarı idi. Bir çox iranlı ona Tehrandakı teokratik rejimin repressiyalarına görə nifrət edirdi.

İsrail ordusu Tehranda yüksək vəzifəli şəxslərin olduğu bir neçə ərazini, İranın raket buraxılış qurğularını hədəfə aldığını bildirir. Təxminən 200 qırıcı təyyarənin toplam 500 hədəfi vurduğu açıqlanıb.

Bu gün səhər saatlarında Tehranda da partlayışlar barədə məlumat verilib.

İranın məhkəmə sisteminə bağlı Mizan xəbər agentliyi Minab şəhərində qız məktəbinə endirilən zərbə nəticəsində 108 nəfərin öldüyünü bildirib, hücuma görə İsraili günahlandırıb.

Qərb jurnalistlərinə hadisə yerinə girməyə icazə verilmədiyindən iddianı təsdiqləmək mümkün olmayıb.

XS
SM
MD
LG