Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 17:00

İranda silahlı qüvvələrin iqtisadiyyatda iştirakı azala bilər


İİKK generalları Ali Khamenei ilə görüşdə
İİKK generalları Ali Khamenei ilə görüşdə

İranda iqtisadi problemlər və azadlıqların olmamasına geniş etiraz dalğasından iki həftə sonra ölkənin ali dini lideri ayətulla Ali Khamenei silahlı qüvvələrə ölkə iqtisadiyyatındakı iştirakını azaltmağı tapşırıb.

Yanvarın 20-də hökumətin nəzarətində olan gündəlik «İran» qəzetinə müsahibə verən müdafiə naziri general Amir Hatami belə deyib: «Ayətulla Khamenei-nin göstərişinə əsasən, İslam Respublikası silahlı qüvvələrinin baş qərargahına ordunun nəzarətində olan iqtisadi qurumlardan imtina etməyə hazırlaşmaq tapşırığı verilib. Söhbət bilavasitə silahlı qüvvələrin missiyasına aidiyyəti olmayan iqtisadi qurumlardan gedir».

Ancaq general Hatami qeyd edib ki, silahlı qüvvələrin bu qəbildən işləri davam edəcək, həmçinin İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) aid «Khatam ol-Anbia» sənaye konqlomeratı tikinti sektorundakı fəaliyyətini hökumətin ehtiyaclarına uyğun davam etdirəcək.

İnvestisiya sektorunun taleyi qaranlıqdır

General Hatami bundan başqa hansı şirkətlərin özəl sektora köçürülə biləcəyindən danışıb. Ancaq o, investisiya sektoruna aid şirkətlərin özəl sektora ötürülməsi məsələsinə çox səthi toxunub.

General Hatami investisiya sektorunda bu planın hökumətə aid Özəlləşdirmə Qurumunun müdaxiləsi olmadan gerçəkləşdiriləcəyini deyib.

Son 10 ildə İİKK özünün müxtəlif sahələri, o cümlədən maliyyə xidmətlərini əhatələyən iqtisadi imperiyasını xeyli genişləndirib. Özü də bu proses o qədər də şəffaf getməyib.

Bundan başqa, «Bəsic»lə (İİKK-nin nəzarətində olan silahlı qruplaşma) əlaqəli bir korporasiya bir sıra şirkət və zavodların səhmlərini alıb.

Prezident Hassan Rouhani Tehranda İİKK komandirlərini qəbul edir.
Prezident Hassan Rouhani Tehranda İİKK komandirlərini qəbul edir.

İİKK-nin biznesə gəlişi 1980-88-ci illərin İran-İraq müharibəsindən sonraya düşür. O zaman prezident Akber Hashemi Rafsanjani özünün müharibədən sonrakı bərpa planının icrasından ötrü bu sxemi dəstəkləyirdi. Bu sxemin sayəsində müharibədən sonra işi-gücü olmayan on minlərlə veteran gəlirli bizneslə məşğul olaraq özünü və ailəsini dolandıra bilərdi. Ancaq tezliklə İİKK iqtisadi nəhəngə çevrildi, qol-qanad açaraq bütün gəlirli hökumət kontraktlarına iddia etməyə başladı. Ona müqavimət göstəriləndə isə buna qarşı öz nüfuzundan və gücündən istifadə edirdi.

Ahmadinejad və Rouhani-nin mövqeyi

2005-ci ildə İİKK təyyarələri havaya qaldırıb Tehranın yeni İmam Khomeini adına beynəlxalq hava limanının üzərində uçmaqla hava limanının açılışına mane oldu. Az sonra ozamankı prezident Mohammad Khatami (1997-2005) bu təzyiqə davam gətirməyib hava limanının Türkiyənin TAV şirkəti ilə təhlükəsizlik müqaviləsinə xitam verdi. Sonradan həmin kontrakt İİKK-nə bağlı bir şirkətə verilib.

Mahmoud Ahmadinejad-ın prezidentliyi dövründə (2005-2013) isə İİKK neft biznesi də daxil olmaqla, İranın bütün əsas iqtisadi sahələrinə nüfuz etdi. İİKK-nin İran iqtisadiyyatındakı rolu o qədər gücləndi ki, onun komandanı və «Khatam-ol-Anbia» sənaye konqlomeratının rəhbəri Rostam Qassemi 2011-ci ildə neft naziri təyin edildi. Buna baxmayaraq, Ahmadinejad-ın prezidentliyinin sonuncu ilində onunla İİKK-nin yolları ayrıldı. İş o yerə çatdı ki, Ahmadinejad artıq İİKK rəhbərliyini istehza ilə «bizim qaçaqmalçı qardaşlarımız» adlandırırdı.

Ahmadinejad-ın xələfi Hassan Rouhani də İİKK-nin iqtisadiyyatdakı rolundan narazılıq ifadə edib.

Keçmiş İran şahının oğlu: "Nə qədər dözmək olar?"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

«Bir zamanlar İran iqtisadiyyatının bir hissəsi silahsız hökumətə məxsus idi. Ancaq biz onu silahlı hökumətə təhvil verdik», – prezident ötən yay deyib.

Özəl sektor sıxışdırılıb

Bundan başqa, İranın nizami ordusu da iqtisadiyyata daxil olub. Ancaq onun rolu İİKK-ninki qədər ziddiyyətli deyil.

İranın müstəqil iqtisadçıları iddia edirlər ki, hərbçilərin biznes sahəsində olması İranda inkişafı və xarici investisiyaları əngəlləyən əsas problemlərdəndir. Onlar hesab edirlər ki, bu amil özəl sektoru irimiqyaslı investisiyalardan sıxışdırıb çıxarıb.

Küçələrdə güc sərgiləyən və güclü kəşfiyyat şəbəkəsinə malik İİKK ali dini liderdən başqa heç kimə hesabat vermir. Özəl şirkətlərin onunla bərabər səviyyədə rəqabət aparmaq imkanı yoxdur.

Xalqın İİKK-dən narazılığı sosial şəbəkələrdən də görünür. Çoxları İranın 100-dən çox şəhərində baş qaldırmış son etiraz dalğasının İİKK-nin ölkənin həyatının bütün sahələrində qabarıq rol oynamasından qaynaqlandığını düşünürlər.

İİKK bütün iri biznes sahələrində fəal iştirak edir. Onun indiki və keçmiş komandanları isə müxtəlif vəzifələr tutur, idman klublarının, xəbər agentliklərinin və psevdo-bankların sahibidirlər.

XS
SM
MD
LG