İranın Təhsil Nazirliyi bəyan edib ki, hicab da daxil ölkənin qadınlar üçün geyim qaydasını pozanlara məktəb və universitetlərdə “təhsil xidməti” göstərilməyəcək.
İranda aylardır davam edən etirazların əsas mövzularından biri də hicabdır.
Etirazçılar hökumətin hicab qaydasını məcburi tətbiq etməsini insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirirlər.
Nazirliyin aprelin 3-də yayılmış bəyanatında deyilir ki, ölkədə Novruzdan sonra başlanan yeni təhsil ilində hicabsız qız və qadınlar məktəblərə buraxılmayacaq.
Bəyanatda deyilir ki, hicab “İran mədəniyyətinin, əxlaqının, inanclarının və dini ənənələrinin tərkib hissəsidir”.
Son vaxtlarda İranda ictimai yerlərdə hicabsız görünən qadınların sayı artıb.
Halbuki İran qanunlarına görə qızların 9 yaşından hicablanması icbaridir.
“Hakimiyyətə və dəyərlərə düşmənçilik”
Son həftələrdə hakimiyyət qadınlara hicab barədə xəbərdarlıq edib və bildirib ki, bu qaydanı pozanlar cəzalandırılacaq.
Hakimiyyət orqanları habelə sahibləri və müştəriləri tərəfindən hicab qaydası pozulan onlarca biznesi, restoran, kafe və aptekləri bağlayıb.
İran ədliyyəsinin rəhbəri Qulamhüseyn Mohseni-Ejeyi ötən ay demişdi ki, hicab qaydasını pozan qadınlar sərt cəzalandırılacaq.
O bildirmişdi ki, hicabı açmaq “hakimiyyətə və ölkənin dəyərlərinə düşmənçilik” kimi dəyərləndiriləcək.
Xatırlatma
İranda sentyabrın ortalarında, deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürüyüb.
Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü iddia edirdilər.
Hazırkı küçə etirazları İranda 1979-cu il inqilabından bəri ən böyük həyəcan sayılır.
Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını atır, yandırır və saçlarını kəsirlər.
Fəalların HRANA agentliyi yanvarın 16-na olan məlumata görə etirazlar ərzində 70-i azyaşlı olmaqla azı 522 nəfərin öldüyünü bildirib.
Ölkədə etirazlarla bağlı 20 min nəfərin həbs olunduğu, bunlardan 100-ü barəsində edamla nəticələnə biləcək hökmlərin çıxarıldığı xəbər verilir.
Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki, İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub.
İran etirazlarda iştirakilə bağlı 4 nəfərin edam olunduğunu təsdiq edib.