İranda dekabrın sonlarından başlayan etiraz aksiyalarında azı 27 nümayişçi, o cümlədən beş azyaşlı öldürülüb. Məlumatı yanvarın 6-da Norveçdə yerləşən "Iran Human Rights" insan haqları təşkilatı yayıb.
Ölkənin səkkiz vilayətində etirazçılara atəş açılması, gücdən istifadə nəticəsində insanların həlak olduğu bildirilir. Təşkilat 10 gün ərzində 100-dən çox insanın saxlanıldığını qeyd edir.
Təhlükəsizlik qüvvələri azı altı nəfərin ölümü ilə nəticələnən bir insidentdə günahlandırılır. Yanvarın 3-də İlam əyalətinin qərbində Məlikşahi rayonunda etirazçılara atəş açılıb. Bazar günü – yanvarın 4-də isə təhlükəsizlik qüvvələri Məlikşahidən yaralı nümayişçilərin aparıldığı İlamdakı xəstəxanaya reyd keçirib, onlardan bir neçəsini həbs edib.
Qurum etirazların İranın 31 vilayətindən azı 26-sını əhatə etdiyini bildirir. 20-dən çox universitetdə tələbə etirazlarının olduğu bildirilir. İran mediası rəsmi məlumatlar əsasında etirazların əvvəlindən azı 12 nəfər, o cümlədən təhlükəsizlik qüvvələrinin əməkdaşlarının həlak olduğunu hesablayıb.
"Iran Human Rights" bu dəfə etirazçılara qarşı repressiyaların əvvəlkindən daha sərt və genişmiqyaslı ola biləcəyindən ehtiyatlanır. "Hazırda rejim heç vaxt olmadığı qədər qeyri-sabitdir və öz mövcudluğu sarıda ciddi narahatdır", – qurumun rəhbəri Mahmud Əmiri Müqəddəm deyib.
Tehranda etirazlar milli valyutanın kəskin ucuzlaşması və sürətli inflyasiya fonunda başlayıb. İştirakçılar hökumətin iqtisadi siyasətinə etiraz edir, monarxiyanın bərpası ilə bağlı çağırışlar səslənir.
Hakimiyyət orqanları iqtisadi çətinlikləri etiraf edir, amma etirazların qızışdırılmasında xarici ölkələrlə əlaqəli qrupları günahlandırırlar.