İranda hüquq-mühafizə və təhlükəsizlik qüvvələri barələrində ölüm hökmü çıxarılmış məhkumların qohumlarının Tehranda, Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirməsinə imkan verməyiblər.
Sentyabrın 12-də “Edamlara yox” şüarı ilə keçirilməli olan aksiya dalbadal davam edən etirazların 6-cı günü olmalıydı.
Aksiya zamanı kimlərinsə saxlandığına dair heç bir rəsmi məlumat verilməyib.
Lakin xəbər verilir ki, etirazda iştirak edənlərin əksəriyyəti qadınlar və uşaqlar olub.
Təkadamlıq kameralara
Etirazçıların sosial media şəbəkələrində yaydıqları videolarda polisin nümayişi dağıtdığı və bəzi aksiyaçıların həbs olunduğu görünür.
Xaricdə mənzillənmiş İran insan haqları qruplarından biri xəbər verir ki, ölüm cəzasına məhkum edilmiş azı 18 məhbus Kərəc, Minab və Göhərdəşt mərkəzi həbsxanalarından İranın müxtəlif yerlərindəki təkadamlıq kameralara köçürülüb.
Ədliyyə rəsmiləri hələki etirazçıların tələblərinə cavab verməyiblər.
Rəisi prezident olandan bəri…
Son illərdə İranda çox sayda etiraz nümayişləri keçirilib, lakin edamlara qarşı etiraz aksiyası nadir itaətsizlik hadisəsidir.
İran İnsan Haqları Təşkilatının sentyabrın 12-ə olan məlumaına görə bu il İranda azı 410 edam qeydə alınıb.
İnsan Haqları Fəallarının Xəbər Agentliyi də daxil bəzi insan haqları mənbələri bildirirlər ki, İrandakı edamların 85 faizi “gizli və ictimaiyyətə heç bir məlumat verilmədən” icra olunur.
İranda edamların sayı 2021-ci ilin sentyabrından, keçmiş ədliyyə rəhbəri Ebrahim Rəisi prezident olandan və keçmiş kəşfiyyat naziri Qulamhüseyn Mohseni-Ejeyi ədliyyə başçısı təyin ediləndən sonra artıb.