Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:55

ABŞ və İran arasında yeni böhran yetişməkdədir - Qərb mediası


İranda Qarabağa dəstək verən fəallar 888 şallaq və 180 ay həbs aldı
Gözlə

No media source currently available

0:00 0:15:17 0:00

İranda Qarabağa dəstək verən fəallar 888 şallaq və 180 ay həbs aldı

İran habelə zəncirvari reaksiyaya qabil nüvə materialının da ehtiyatını artırır və indi atom bombası üçün lazım olan hədəfdən “bir tük” məsafəsindədir.

The Economist məcmuəsi yazır ki, keçmiş Fransa prezidenti Nikola Sarkozi, görünür 2007-ci ildə İran barəsində sözün “ən düzünü” demişdi.

O demişdi ki, İranla sərt nüvə diplomatiyası “İran bombası ilə İranı bombalamaq” arasındakı fəlakətli seçimdən yayınmağın ən yaxşı yoludur.

Məqalədə deyilir ki, prezident Co Bayden bu seçimlə üzləşməmək üçün İranla 2015-ci il nüvə sazişini dirçəltməyə qərar verib, amma İran bu məqsədə çatılmasına heç də kömək etmir.

Tehran Vyanada keçirilən nüvə danışıqlarının 6 dövrəsi ərzində amerikalı rəsmilərlə birbaşa danışmaqdan imtina edib.

Danışıqlar İranda keçirilən prezident seçkisi ilə bağlı iyun ayından dayanıb. Bu seçkidə mühafizəkar İbrahim Rəisi qalib gəlib. İndi isə Tehran hələ nazirlərin və danışıqçıların təyin olunmasının başa çatmadığını bildirərək vaxtı uzadır.

Tehran bildirir ki, danışıqlara noyabr ayında qayıdacaq.

Bir "tük" məsafəsi

The Economist yazır ki, bu müddət ərzində İran özünün nüvə proqramını daha da genişləndirib. İran oktyabrın 9-da 20 dərəcəyədək zənginləşdirilmiş uran ehtiyatının 120 kiloqrama çatdığını elan edib. Halbuki bu, BMT-nin ötən ay bəyan etdiyi 84 kiloqramdan xeyli çoxdur. BMT-nin silah müfəttişləri bildiriblər ki, Tehran nüvə silahının istehsalı üçün lazım olan 170 kiloqram hədəfinə yaxınlaşmaqdadır.

İran habelə zəncirvari reaksiyaya qabil nüvə materialının və ya fisil materialının da ehtiyatını artırır və indi atom bombası üçün lazım olan hədəfdən “bir tük” məsafəsindədir. Tehran bütün bunlara daha çox və daha təkmil sentrifuqlardan istifadə etməklə nail olub.

The Economist yazır ki, başqa bir həyəcanı zənginləşdirilmiş uranın heksaflüorid qazının uran metalına çevrilməsi yaradır, çünki bundan əsasən atom bombasının istehsalında istifadə olunur.

Tehran habelə Beynəlxalq Atom Enerjisi müfəttişlərinin İrandakı nüvə məntəqələrinə girişini əngəlləyir.

İrana qarşı başqa variantlar nə ola bilər?

Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu analitik mərkəzindən Devid Olbraytın hesablamasına görə İranın atom bombası hazırlaması üçün lazım olan vaxt artıq bir aya enib. Hərçənd ABŞ rəsmiləri bunun “bir neçə ay” olduğunu deyirlər, bütün hallarda bu, 2015-ci ildə nüvə sazişi imzalanarkən mövcud olan 1 il məsafəsindən xeyli azdır.

Məqalədə deyilir ki, İranın nüvə başlığını raketə yerləşdirməsinə daha iki il lazım gələcək.

ABŞ dövlət katibi Entoni Blinken də xəbərdarlıq edib ki, “uçuş zolağı qısalmaqdadır”.

Amerika rəsmiləri bildirirlər ki, İranla danışıqlarda irəliləyiş əldə olunmasa, Vaşinqton başqa variantlara baxacaq. Onlar bu variantların nədən ibarət olduğunu bildirmirlər.

İsrailin baş naziri Naftali Bennet daha açıq danışıb:

“İranın nüvə proqramı kritik həddinə çatıb, elə bizim səbrimiz də…”

The Economist yazır ki, İsrail İranın nüvə alimlərinə qarşı sui-qəsdlərdə və nüvə qurğularına qarşı təxribatlardakı rolunu o qədər də gizlətmir.

İsrail hərbiyyəsinin başçısı Aviv Koçavi deyib:

“İranın nüvə qabiliyyətini dağıtmaq əməliyyatları müxtəlif meydanlarda və istənilən vaxtlarda davam edəcək. İsrailin effektiv və vaxtında hərbi reaksiya üçün həmişə imkanı olacaq”.

Tehran düşünür ki, ən çətin dövr arxada qalıb

The Economist yazır ki, bu böhran keçmiş prezident Donald Tramp ölkəsini 2015-ci ilin nüvə sazişindən çıxardığı ilk gündən başlanıb.

Nüvə sazişi İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində onun üstündəki sanksiyaların qaldırılmasını nəzərdə tutur.

Məqalədə deyilir ki, cənab Trampın İranın üzərinə yağdırdığı sanksiyalar İranı daha sərt şərtləri qəbul etməyə məcbur edə bilməyib. Tehran raketlərin tikilməsini, Yaxın Şərq boyunca proksilərinə hərbi dəstəyini də dayandırmayıb.

The Economist yazır ki, Bayden rəsmi adı Birgə Hərtərəfli Hərəkət Planı olan sazişi dirçəltmək istədiyini bildirsə də, Trampın İrana qarşı sanksiyalarını qüvvədə saxlayıb.

Vaşinqton, beləliklə danışıqlarda İranın daha üzüyola olmasına çalışır. Lakin Staretji Tədqiqatlar İnstitutundan Mark Fitspatrik deyir ki, indi Tehran özünün nüvə proqramını sürətləndirməklə ABŞ-ın üzərinə təzyiqi artırıb.

Məqalədə deyilir ki, İranın nəzərində ABŞ etibarsız ölkədir. Nüvə sazişi çox qısa müddətdə qüvvədə olub və onun bəhrəsini əsasən şəhər yerlərində görüblər. Tehran bu qənaətdədir ki, Amerikanın sanksiya təzyiqlərinin ən çətin dövrünə sinə gərə bilib. İranın ÜDM-i 2018-ci ildə 6, 2019-cu ildə 7 faiz azalıb, milli valyuta çəkisinin 85 faizini itirib.

Rusiya Azərbaycan və İran arasında?
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

İran dirçəlir

Tramp administrasiyasının ümidlərinə rəğmən ruhani rejimi çökməyib. İndi İran mühafizəkarları özlərini “müqavimət” qəhrəmanı hesab edirlər.

Ölkədə özəl şirkətlər müflis olsalar da, İslam İnqilab Keşikçiləri Korpusuna bağlı şirkətlər varlanıb. Bu şirkətlər müəyyən xeyriyyəçiliklə nüfuz qazanmağa çalışıblar. Amma ölkədə dəmir yumruq hakimiyyəti bərpa olunub. Təhlükəsizlik qüvvələri 2019-cu ilin etirazları zamanı yüzlərlə adamı güllələyib.

İndi isə İranın iqtisadi vəziyyəti yaxşılaşmaqdadır. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə İran ÜDM-i bu il 3 faiz artacaq. Həm də bu proqnoz neft qiymətlərinin hələ qalxmadığı vaxtlarda verilmişdi.

İran Çinin dünyanı bürüyən Kəmər və Yol təşəbbüsünün layihələrinə cəlb olunub. Rusiya Tehranı Avrasiya İttifaqı ilə ticarətə cəlb etmək istəyir.

The Economist yazır ki, İran regional baxımdan da qüdrətlənib. O Suriyada Əsəd rejimini xilas edib, Bağdaddakı dostlarını İslam Dövləti ekstremistlərindən qoruya bilib. Tehranın Yəməndəki hutilərə dəstəyi Səudiyyənin başçılıq etdiyi koalisiyanı bu müharibədn çıxmaq barədə düşünməyə vadar edib. Amerikalılar Əfqanıstanı tərk ediblər. Taliban indi İranla dost münasibətlərdədir.

Məqalədə deyilir ki, prezident Bayden İranın heç vaxt nüvə silahı əldə edə bilməyəcəyini bəyan etmişdi. Digər tərəfdən İran bilir ki, o Amerikanı müsəlman dünyasındakı “sonsuz müharibələrdən” çıxarmaq istəyir və İranla nüvə proqramına görə daha bir müharibə istəməyəcək.

İran öyrəndiyini tərgidə bilməz

The Economist yazır ki, İran öz nüvə proqramının dinc olduğunda israr edir, lakin onu elə bir həddə çatdırmağa çalışır ki, lazım gəlsə qısa müddətdə nüvə silahı hazırlamaq qüdrəti olsun.

Məqalədə deyilir ki, 2015-ci il sazişi lap əvvəldən problemin köklü həlli deyildi və İranı yalnız cilovlamağı nəzərdə tuturdu.

Bayden administrasiyası mövcud sazişdən “daha uzunmüddətli və daha güclü” razılaşma əldə etmək istəyirdi. Amma indi İran əksinə yeni razılaşmadan özü üçün daha böyük güzəştlər gözləyir.

Hər iki tərəfin belə mövqeyi razılaşmanı mümkünsüz edir. Belə bir şəraitdə ən ağlabatan yol sazişin olduğu variantına qayıdışdır.

Ekspertlər bildirirlər ki, hətta yüksək zənginlikli uranın İran ərazisindən çıxarılması da problemi həll etməyəcək. Tehran bu müddət ərzində əldə etdiyi texniki qabiliyyət və bilikləri özündə saxlayacaq və bu səbəbdən də İranı atom bombası istehsalından ayıran müddət bir daha heç vaxt bir il olmayacaq.

Digər tərəfdən 2015-ci il nüvə sazişinin bəzi müddəaları İranın nüvə zənginləşdirilməsi proqramına 2025-ci ildən başlaya biləcəyini nəzərdə turur.

İran bilir ki, demokratlar Konqresi gələn il, Ağ Evi isə 2024-cü ildə itirə bilərlər.

“Minlərlə yara vurmaqla öldürmək”

The Economist yazır ki, Bayden administrasiyası İranla hər hansı razılaşmanı Konqresin müzakirəsinə vermək niyyətində deyil. Əslində sazişi imzalayan Barak Obama administrasiyası da elə belə etmişdi.

Lakin Konqres, əksinə bu sazişin onun divarları arasında müzakirə olunmasına çalışır. Cənab Bayden ümid edir ki, İranın nüvə təhlükəsini dərk edən bəzi opponentləri Tehranla razılaşmanı dəstəkləyəcəklər.

Digər tərəfdən əgər razılaşma alınmasa, onda Ağ Evin ümidi Avropa müttəfiqlərinin İrana qarşı sanksiyaları dəstəkləyəcəyinədir.

Məqalədə deyilir ki, İsrailin baş naziri Bennet İranla nüvə danışıqlarının davam etməsinə hələki dinmir. Bəzi İsrail rəsmiləri belə bir razılaşmada hətta xeyir də görürlər. Amma bəziləri Amerikanın belə görünür, hərbi yol da daxil B planının olmamasından əsəbidirlər.

İsrailin irəli sürdüyü ideyalardan biri də “minlərlə yara vurmaqla öldürmək” strategiyasıdır.

Bu strategiya İrana qarşı kiçik hərbi və diplomatik addımların atılmasını, ona qısa və üstüörtülü hava zərbələrinin endirilməsini nəzərdə tutur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG