Keçid linkləri

2025, 18 Yanvar, şənbə, Bakı vaxtı 15:24

İran məhbus alimə vətəndaşlıq verən İsveçə etiraz bildirib


Djalalinin şəkli olan plakat Brüsseldə İran səfirliyinin qarşısında
Djalalinin şəkli olan plakat Brüsseldə İran səfirliyinin qarşısında

İranın Xarici İşlər Nazirliyi İsveçin, hazırda Tehran həbsxanasında olan və potensial olaraq edamını gözləyən məhbus alimə vətəndaşlıq verməsi qərarı ilə bağlı bu ölkənin səfirinə rəsmi etiraz notası təqdim edib.

Alim Ahmadrza Djalali İran vətəndaşı olsa da, daimi olaraq İsveçdə yaşayır və işləyirdi.

İranın rəsmi IRNA agentliyi İran XİN-in sözçüsü Bahram Qasemiyə istinadən bildirib ki, İsveç Djalaliyə vətəndaşlıq verəndən iki gün sonra, fevralın 19-da İran tərəfi İsveçin Tehrandakı səfirinə rəsmi etiraznamə verib.

İsveç Xarici İşlər Nazirliyinin sözçüsü fevralın 17-də bildirmişdi ki, nazirlik İrandan “bizim vətəndaşımıza konsul xidmətinin göstərilməsinə” imkan yaradılmasını xahiş edib.

Sözçü bildirmişdi ki, “bizim tələbimiz edam cəzasının icra edilməməsidir”.

Qasemi deyib ki, İran İsveçin bu hərəkətini “sual doğuran və qeyri-dost hərəkət” hesab edir. O əlavə edib ki, İran həbsxanada olan şəxsin “xarici vətəndaşlığını qəbul edə bilməz”.

Qasemi Djalalinin hələ də İran vətəndaşı sayıldığını deyib. Tehran məhbus olan xaricilər üçün ikili vətəndaşlığı qəbul etmir. Bu qayda, İrana, belə məhbuslara xarici səfirliklər tərəfindən baş çəkilməsinin qarşısını almaqda kömək edir.

Stokholmdakı Karolinska İnstitutunun həkimi və mühazirəçisi olan Djalali 2016-cı ilin aprelində İranda həbs edilib və daha sonra ona qarşı casusluq ittihamı irəli sürülüb.

İran hakimiyyət orqanları onu, İsrailə bir neçə vəzifəli İran nüvə aliminin qətlini törətməkdə kömək edən informasiyaları ötürməkdə ittiham edir.

İranın Ali Məhkəməsi bu iş üzrə çıxarılmış ölüm hökmünü dekabr ayında qüvvədə saxlayıb.

Tehran prokuroru Abbas Jafari Dolatabadi deyib ki, Djalali İsrailin Mossad agentləri ilə görüşdüyünü və onlara İranın nüvə və müdafiə proqramları, habelə hərbi heyət barədə planlarını ötürdüyünü etiraf edib.

Djalali həbs edilərkən İranda ezamiyyətdə idi və hazırda Tehranın bədnam Evin həbsxanasında saxlanır.

Amnesty International təşkilatı bildirir ki, Djalali üç ay müddətində təkadamlıq kamerada saxlanıb və ona işgəncələr verilib.

Təşkilat habelə bunu da bildirir ki, Djalali avqust ayında həbsxanadan yazdığı məktubda İran üçün casusluq etməkdən boyun qaçırdığına görə saxlandığını bildirib.

2016-cı ildə 75 Nobel mükafatı laureatı İran hökumətinə müraciət edərək Djalalinin “bəşəriyyət naminə elmi araşdırmalarını davam etdirə bilməsi üçün” onun azad olunmasına çağırıb.

XS
SM
MD
LG