İranın Britaniyadakı səfiri noyabrın 17-də deyib ki, Britaniya 1970-ci illərdən qalan borc məsələsini həll etmək üçün Tehrana 400 milyon funt sterlinq (527 milyon dollar) ödəməyi planlaşdırır.
Səfir Həmid Bayedinejad bu bəyanatı özünün Telegram platformasındakı hesabından yayıb.
O əlavə edib ki, bu borcun ödənişinin Tehranda həbsdə olan britaniyalı-iranlı humanitar yardım işçisinin məsələsi ilə əlaqəsi yoxdur.
Britaniyanın The Telegraph qəzeti noyabrın 15-də yazmışdı ki, London 1970-ci illərdən dondurulmuş vəsaitin Tehrana verilməsi ilə ikili vətəndaşlığı olan Nazənin Zaqari-Ratcliffe-in azad olunmasına ümid edir.
The Telegraph adının çəkilməsini istəməyən Britaniya hökumət rəsmisinə istinadən yazıb ki, London bu ödənişin Nazənin Zaqari-Ratcliffe-in azad edilməsinin haqqı kimi görünməsini istəmir.
Buna baxmayaraq başqa mənbələr Londonun Tehranın “xoş məramına” ümid etdiyini bildirirlər.
Britaniyanın xarici işlər naziri Boris Johnson xanım Zaqari Ratcliffe-in azad edilməsi üçün əlindən gələni edəcəyini bildirmişdi.
Zaqari-Ratcliffe 2016-cı ilin aprelində Tehranda həbs olunub və dövlət çevrilişi ittiihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Thomson Reuters Fondunun layihə meneceri olan xanım Zaqari-Ratcliffe ittihamları rədd edir.