İranda son günlər "milli təhlükəsizliyi pozmağa yönəlik onlayn fəaliyyət" ittihamı ilə 466 nəfər həbs olunub. Bunu dövlət polis idarəsi bildirib.
Polisin martın 24-də yaydığı hesabatda həbs olunan şəxslərin "düşmən şəbəkələri" ilə əlaqə qurduğu, ölkədə qeyri-sabitlik yaratmaq istədikləri iddia edilir. İranın dövlət mediası son bir ayda oxşar ittihamlarla mindən çox insanın həbs olunduğunu bildirib.
Bu arada Kəşfiyyat Nazirliyi Həmədan, Luristan və Kirman vilayətlərində 30 nəfəri həbs etdiyini bildirib, bu şəxslərin ABŞ və İsraillə əlaqəli şəbəkələrdə aktiv olduqlarını iddia edib. Saxlanılanlardan bəzilərinin "hərbi və təhlükəsizlik mərkəzlərindən məlumat toplamaqda və göndərməkdə rolu olub", - nazirlik bildirib.
İranda internet bloklandığı, rabitə kanalları, əsasən, pozulduğu üçün iranlıların böyük əksəriyyəti bu cür xəbərləri dövlət mediasından alır.
Bəhai inanclıya ölüm təhdidləri
İranın cənubundakı Kirman şəhərində həbsdə olan gənc bəhai inanclı Peyvan Nəimi ölüm təhdidləri ilə üzləşir. Bu açıqlama ilə Beynəlxalq Bəhai Birliyi çıxış edib. Qurum bildirir ki, Nəimi uzun müddət işgəncə və dindirilməyə məruz qalıb: "İran hakimiyyəti onu törətmədiyi cinayəti boynuna almağa vadar etmək istəyir".
Nəimi yanvarın 8-də ölkədəki etirazları təhrik etmək ittihamı ilə həbs olunub. Beynəlxalq Bəhai İcması bu ittihamı "yalan" adlandırıb. Onun həbs edildikdən sonra Kirmandakı İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətindəki təcridxanaya köçürüldüyü bildirilir. Bu mərkəz məhbuslara işgəncə verməsi və pis rəftar etməsi ilə məşhurdur.
Sonradan dövlət televiziyasında Nəiminin "məcburi" etirafı yayılıb. Qrup bugünədək onun məhkəməsinin keçirilmədiyini, barəsində heç bir hökm çıxarılmadığını, ona qarşı ittihamları əsaslandıracaq heç bir dəlil təqdim olunmadığını bildirir.
İnsan haqları qrupları İranda məcburi etirafların alınması üçün işgəncədən, dindirilmədən, saxta edamlardan istifadə olunduğunu sənədləşdirib.
İranda bəhai icması onilliklər boyunca təqiblərə – qanunsuz həbslərə, uzunmüddətli hökmlərə məruz qalıb. Onların ali təhsil alması, dövlət sektorunda çalışması yasaqlanıb.