Birləşmiş Ştatlar İranı beş ildən çox saxladığı yaşlı amerikalını təcili tibbi müalicədən ötrü buraxmağa çağırıb.
UNICEF-in 84 yaşlı keçmiş təmsilçisi Bağır Namazi beyinə qan təmin edən əsas arteriyada tutulmanı təmizləmək üçün təcili əməliyyat olunmalıdır. Açıqlamanı oğlu Babək və ailənin vəkili verib.
“Atam onsuz da qiymətli vaxtını itirib”
“İranı onun ölkədən çıxmasına, ailəsinin müşayiəti ilə əməliyyatdan sonrakı bərpasına icazə verməyə çağırırıq”, – ABŞ-ın İran üzrə elçisi Robert Melli Twitter-də yazıb.
Namazinin oğlu da atasının təcili əməliyyat olunması üçün təcili buraxılmasına çağırmışdı.
O, 2016-cı ildə Tehrana bir neçə ay qabaq saxlanmış oğlunu buraxdırmaq üçün gedib. Biznesmen Siamək Namazi hələ də İranın bədnam Evin həbsxanasındadır.
“Atam onsuz da qiymətli vaxtını itirib. İrandan xahiş edirəm ki, ömrünün qalan vaxtını ailəsi ilə keçirməsinə icazə versin”, – Babək Namazi oktyabrın 4-də jurnalistlərə deyib.
Bağır və Siamək Namazilər ABŞ və BMT-nin qondarma hesab etdiyi casusluq ittihamları ilə 10 il həbsə məhkum edilib.
Cəzası yüngülləşdirilib, amma...
Ötən ilin əvvəlində İran məhkəməsi Bağır Namazinin cəzasını yüngülləşdirib, ancaq vəkilləri hakimiyyətin ona İran pasportu vermədiyini deyirlər. Tehran ikili vətəndaşlıq tanımır, ölkəni tərk etmək üçünsə İran pasportu lazımdır. Ailənin vəkili BMT-nin sağlamlıq hüququ üzrə xüsusi təmsilçisinə məktubunda yazır ki, Bağır Namazinin işi “dəhşətli və həddən artıq təcili”dir.
Vəkil Jared Genser ailənin birbaşa ABŞ Prezidenti Co Bayden administrasiyası üzvlərinə müraciət etdiyini yazır.
“İndi hərəkət zamanıdır. Bunun baş verməsindən ötrü Prezident Baydeni şəxsən məşğul olmağa çağırıram”, – Genser deyib.
Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərə deyib ki, Namazinin və digər amerikalıların azadlığa buraxılması Bayden administrasiyası üçün “prioritetdir”.