Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 11:13

Prezident: 'Heç kim bizim işimizə burnunu soxmasın'


İlham Əliyev
İlham Əliyev

İlham Əliyev Cəbrayıl rayonunda çıxış edib

“Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm”.

AZƏRTAC-ın xəbərinə görə, bunu oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olarkən Prezident İlham Əliyev deyib.

O, Azərbaycan xalqına və bütün dünyaya xitabən vurğulayıb ki, “bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”.

Dövlət başçısı deyib ki, onlar bu ittihamları rədd edir, qəbul etmir və sübutlar tələb edir.

O vurğulayıb ki, bu yaxınlarda İranın əyalət mollası Azərbaycana qarşı iftiralar uyduranda buna fikir verilməyib:

“Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur.”

Prezident daha sonra sual edib:

“Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

Azərbaycan İranın ittihamlarına cavab verib
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

“Heç kim bizim daxili işimizə qarışmasın”

Prezident qeyd edib ki, Azərbaycan müstəqil siyasət aparan ölkədir:

“Bunu hər kəs bilir və birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla, bütün başqa ölkələrlə müstəqil siyasət əsnasında münasibətlər qururuq. Heç kim bizim daxili işimizə qarışmasın.”

Azərbaycan dövlət başçısının sözlərinə görə, onların hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururması öz işləridir:

“Biz axı Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq. Görün, Ermənistanın nə qədər havadarı var. İkinci Qarabağ müharibəsi bunu göstərdi və bu gün, görün, Ermənistanı dəstəkləyən nə qədər ölkə var.”

Prezident deyib ki, onlar hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırlar:

“Tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin”.

Prezident daha sonra deyib:

“Belə cəhdlər əvvəllər də olub, onların hamısı uğursuz olub. Bir daha demək istəyirəm, rəsmi qaydada bizə qarşı səsləndirilən ittihamlar sübuta yetirilməlidir. Gəlsinlər tapsınlar, bir xarici vətəndaş var bu bölgədə?”

“Bu, bizə qarşı hörmətsizlikdir”

O qeyd edib ki, 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizlənib:

“Bu 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Biz indi bunu araşdırırıq”.

Dövlət başçısı deyib:

“Yoxsa durduğu yerdə Azərbaycanı burada ittiham etmək ki, Azərbaycan hansısa ölkəni Azərbaycana gətirib. Guya Azərbaycanı Azərbaycan xalqı yox, Azərbaycan dövləti yox, hansısa kənar qüvvə idarə edir. Bu, bizə qarşı hörmətsizlikdir… Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın”.

“…Türkiyə və Rusiyanın rolu çox böyükdür”

Prezident habelə deyib ki, bölgədə sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür: “Yəni, bizə bu format kifayətdir.”

Prezidentin sözlərinə görə, Ermənistan da bu formata qoşulacaq, çünki başqa yolu yoxdur:

“İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri biz də dəstəkləyirik”.

Dövlət başçısı deyib ki, hazırda regionda real praktik əməkdaşlıq çərçivələri müəyyən olunur:

“Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır. Bu yaxınlarda Türkiyə və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu və həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq. Mən Prezident olaraq daim təmasdayam”.

Prezident qeyd edib ki, bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır:

“Yəni, bizim üçün bu format kifayətdir: “Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir”.

“Biz istəyirik ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun”

Prezident Ermənistanla münasibətlərdən də ayrıca bəhs edib:

“Biz regionun gələcək inkişafı ilə bağlı əməkdaşlığa hazırıq. Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşdülər. BMT Baş Assambleyasının sessiyasının əsnasında, o cümlədən onlar arasında ikitərəfli görüş olub. Mənə bizim xarici işlər naziri məruzə elədi və bildirdi ki, görüş konstruktiv keçib. Biz də elə bunun tərəfdarıyıq”.

Əliyev daha sonra deyib:

“Bu yaxınlarda mən demişdim ki, Ermənistanın baş naziri ilə görüşməyə hazıram. O da demişdi ki, hazırdır. Yəni, bu nəyi göstərir? Bu onu göstərir ki, bizim gündəliyimiz artıq burada qəbul olunur. Bəziləri yəqin ki, bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Biz bunu istəyirik”

Xatırlatma

Son aylar Azərbaycan və İran arasında müəyyən narazılıqlar müşahidə edilir. Azərbaycan rəsmiləri bəyan ediblər ki, İrana məxsus yük maşınları onların nəzarətində olmayan ərazilərinə qanunsuz yük daşıyır.

Bununla bağlı İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinəçağırılaraq ona nota da təqdim edilib.

Habelə, Azərbaycan prezidenti İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimləri çox təəccüblü bir məsələ kimi dəyərləndirmişdi: "Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı".

Amma İran rəsmiləri də qeyd ediblər ki, öz ərazilərində hərbi təlim keçirmək onların suveren hüququdur.

İranın istər Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian, istərsə də başqa rəsmilərinin açıqlamasına görə, üçüncü qüvvələr Azərbaycan-İran münasibətlərinin korlanmasında təhrikedici rol oynayır.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və (İranla sərhəd ərazilər də daxil) ətraf 7 rayona nəzarəti bərpa edib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Hazırda Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü və iki ölkə arasında problemli məsələlərin müzakirəsi gözlənir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG