Ağ ev İran dövlət televiziyasının çərçivə razılaşması layihəsi barədə xəbərinin “doğru olmadığını”, “tamamilə uydurma” olduğunu bildirib.
“İranın dövlət mediasının hazırladığına heç kəs inanmamalıdır. FAKTLAR ÖNƏMLİDİR”, – Ağ evin X-dəki “Rapid Response 47” hesabında deyilir.
İran dövlət televiziyası bundan əvvəl ABŞ ilə ilkin çərçivə layihəsini əldə etdiyini bildirib. Televiziyanın yaydığı xəbərə görə, layihədə ABŞ-nin İrana qarşı dəniz blokadasını ləğv etməsi, Hörmüz boğazında kommersiya nəqliyyatının bərpası, Fars körfəzində Amerika hərbi qüvvələrinin sayının azaldılmasına dair öhdəliklər yer alıb.
Anlaşma memorandumu layihəsinin hələ yekunlaşmadığı bildirilir. Məlumata görə, Vaşinqton dəniz blokadasını qaldırmaq, “İran İslam Respublikasına gedib-gələn gəmiləri qısnamağı dayandırmaq” öhdəliyi götürüb.
Bunun qarşılığında isə İran bir ay ərzində Hörmüz boğazından keçən kommersiya tranzit gəmilərinin sayını müharibədən əvvəlki səviyyəyə çatdırmağı öhdəsinə götürüb. Tehranın Hörmüzdə gəmilərin hərəkətini idarə edəcəyi, gəmiləri yoxlayacağı, fevralın 28-də müharibə başlayandan bəri qoyduğu xidmət haqlarını tətbiq edəcəyi bildirilir.
Layihədə həmçinin deyilir ki, Vaşinqton ABŞ qoşunlarının regiondan çıxarılması ilə bağlı “İran İslam Respublikası qarşısında öhdəlik götürüb”. Bunun yalnız münaqişə zamanı yerləşdirilmiş qüvvələrə, yoxsa Fars körfəzindəki uzunmüddətli ABŞ bazalarına da aid olub-olmadığı isə hələ aydın deyil.
Tərəflər çərçivə razılaşmasını qəbul etdikdən sonra 60 günlük danışıqlar dövrünə başlayacaqlar, xəbərdə deyilir.
ABŞ rəsmiləri, hələlik, bu xəbəri şərh etməyiblər.
“Reuters” bu xəbərlər, üstəlik Hörmüzdən keçən tanker sayının artması fonunda neftin qiymətinin daha da düşdüyünü yazır. Mayın 27-də neft 5 faizdən çox ucuzlaşıb.
“Brent” markalı neft fyuçerslərinin bareli 3,66 dollar və ya 3,7 faiz ucuzlaşaraq 95,92 dollara düşüb. ABŞ-mim WTI markalı nefti isə 5,19 dollar və ya 5,59 faiz ucuzlaşıb, 88,70 dollara enib.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, İranın Hörmüz boğazını faktiki bağlaması Yaxın Şərqdən gündəlik 14 milyon bareldən çox neft tədarükünün dayanmasına səbəb olub.