ABŞ donanma veteranı, iki ilə yaxın İranda saxlanmış Michael White Vaşinqtonla Tehran arasında məhbus mübadiləsi çərçivəsində evinə qayıdır. White iyunun 4-də azad olunub.
ABŞ Prezidenti Donald Trump Twitter-də yazıb ki, White ilə telefonla danışıb. O, Birləşmiş Ştatlara Sürixdən uçur.
ABŞ-ın İrandakı maraqlarını İsveçrə təmsil edir.
“Təşəkkür, İran, bu, razılaşmanın mümkün olduğunu göstərir!”, – yazan Trump İrana aşkar sülh jesti edib.
Danışıqlar aylardır gedirmiş
Məlumatlara görə, ABŞ və İran hökumətləri arasında vasitəçilik edən İsveçrə məhbuslarla bağlı aylardır səssizcə aparılan danışıqları asanlaşdırıb. Həm Birləşmiş Ştatlar, həm də İranla yaxşı münasibətləri olan Qətərin də məhbus mübadiləsini asanlaşdırdığı bildirilir.
İranın Xarici işlər naziri Javad Zarif Twitter-də yazıb ki, iki iranlının və White-ın ailələrinə qovuşmasından məmnundur.
“Bu, bütün məhbuslarla bağlı baş verə bilər. Seçimlə yanaşmağa ehtiyac yoxdur. Birləşmiş Ştatlarda saxlanmış iranlı məhbuslar evlərinə qayıtmalıdırlar”, – o deyib.
ABŞ Dövlət katibi Mike Pompeo isə deyib ki, İran hakimiyyəti White-ın buraxılması məsələsində “konstruktiv” davranıb, ancaq İranda saxlanmış, İran əsilli üç ABŞ vətəndaşını da dərhal buraxmağa çağırıb.
Müşahidəçilərin fikrincə, məhbus mübadiləsi bir-birinə ədavət bəsləyən iki dövlətin pərdəarxası diplomatiya aparması üçün nadir fürsətdir. Ancaq çox az adam ABŞ-da noyabr seçkisi öncəsi bu yöndə ciddi irəliləyişin olacağını bildirir.
Vaşinqtonda Tehranın münasibətləri 2018-ci ildən bəri daha da gərginləşib. Trump İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyalar tətbiq etməyə başlayıb.
***
İran keçmiş ABŞ hərbçisini azad edib
2018-ci ildən İranda məhbus olan ABŞ donanma veteranı Michael White azad edilib və hazırda vətəninə qayıtmaqdadır.
Bu barədə məlumatı iyunun 4-də keçmiş hərbçinin anası Joanne White verib:
“Mən böyük bir şükrlə bəyan edirəm ki, oğlum Amerika tərəfinə verilib və evinə qayıdır”.
Associated Press agentliyinin verdiyi məlumata görə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brian Hook həkimlə birlikdə White-la görüşmək üçün İsveçrə hökumətinin göndərdiyi təyyarədə Sürixə yola düşüb.
Hook White-ı onun ABŞ təyyarəsində Birləşmiş Ştatlara qayıdışında müşayiət edəcək.
Khameini-ni təhqir etməkdə ittiham olunmuşdu
İran hakimiyyət orqanları keçmiş hərbçini 2018-ci ilin iyulunda İranda həbs etmişdi. O bu ölkəyəinternetdə tanış və aşiq olduğu qadınla görüşmək üçün gəlmişdi.
Onu İranın ali rəhbəri ayətüllah Ali Khamenei-ni təhqir etməkdə və şəxsi məlumatları internetdə açıqlamaqda ittiham etdmişdilər. Məhkəmə keçmiş hərbçiyə 13 il iş kəsmişdi.
ABŞ donanma veteranı bu ilin martında koronavirus pandemiyası və səhhətindəki problemlərlə bağlı müvəqqəti olaraq həbsxanadan azad edilmişdi.
İranlı alimin deportasiyası ilə bağlı deyil
Bu da xəbər verilir ki, keçmiş hərbçinin azad edilməsi bu həftə İran alimi Sirios Asgarinin ABŞ-dan deportasiya edilməsi ilə bağlı deyil.
Hazırda bir neçə ABŞ vətəndaşı İranda ya məhbusluqda, ya da zamindədir.
Vaşinqton və Tehran arasında münasibətlər 2018-ci ildən bəri xüsusilə gərgindir.
Həmin ilin mayında ABŞ prezidenti Donald Trump öz ölkəsini birtərəfli qaydada 2015-ci ildə İranla imzalanmış nüvə sazişindən çıxarıb.
Bunun ardınca İran üzərinə ağır ABŞ sanksiyaları bərpa olunub.