Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:47

Hakimiyyətin 'Rəsulzadə qısqanclığı' varmı?


Novxanıda gərginlik: Polislə müxalifətçilər arasında gərginlik
Gözlə

No media source currently available

0:00 0:14:47 0:00

Novxanıda gərginlik: Polislə müxalifətçilər arasında gərginlik

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 101 il keçir.

Müxalifət partiyaları və bəzi cümhuriyyət təəssübkeşləri hakim Yeni Azərbaycan Partiyasının ilk demokratik respublikaya və onun qurucularına münasibətindən narazıdırlar.

Cümhuriyyət irsinin araşdırıcısı, professor Şirməmməd Hüseynov bu gün Bakının bayram əhvallı olmamasına diqqəti çəkir:

“Üzeyir bəy (Hacıbəyli-red.) “Azərbaycan” qəzetində, “İstiqlal bayramımız” adlı məqalədə görün nə yazırdı... Oxu gör Cümhuriyyətin bir illiyini bütün Azərbaycan necə qeyd edirdi... Sonra da indiki Azərbaycana bax. Gör o bayram əhval-ruhiyyəsindən beşcə faiz bu respublikada varmı? Bir illik münasibətilə bütün respublika bayram edirdi. Bütün evlərdən bayraq asılmışdı, bütün balkonlardan xalçalar asılmışdı, musiqi çalınırdı, şəhər bayram edirdi. Hərbi parad keçirilirdi, nümayişlər keçirilirdi bir illik münasibətilə. İndi 101 illik münasibətilə nə var?!”

Şirməmməd Hüseynov hesab edir ki, Azərbaycan xalqı müstəqilliyin, dövlətin mahiyyətini dərk etməli, qurucu babaların dəyərini verməlidir.

O, Üzeyir Hacıbəylidən sitat gətirir. Şirməmməd Hüseynov deyir ki, hər bir azərbaycanlı bilməlidir ki, bu vətən də, bu millət də, bu dövlət də onundur.

Başqa bir tarixçi alim, müxalifətdəki Milli Şuranın sədri Cəmil Həsənli deyir ki, Bakıda təntənəli bayram tədbirlərinin, paradın olmaması, şəhərin mərkəzində Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin heykəlinin olmaması təsadüfi deyil:

“Hesab edirəm ki, Cümhuriyyət irsinə belə münasibət olmaz. Əlbəttə ki, bu müxtəlif mülahizələrlə bağlıdır. Birincisi, bunlar sanki, Cümhuriyyəti özlərininki hesab etmirlər. Heydər Əliyevin Azərbaycan Cəmiyyətində tək liderliyini təmin etmək üçün xalqımızın tarixində və taleyində mühüm rol oynamış liderlərin fəaliyyəti inkar edilir”.

27 dəqiqənin 2 dəqiqə yarımı

Dünən, mayın 27-də, Cümhuriyyət günü münasibətilə rəsmi qəbul keçirilib. Prezident İlham Əliyev deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkələri, xalqları üçün çox böyük işlər görüblər və Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur.

Prezident xatırladıb ki, bir neçə il bundan əvvəl onun sərəncamıyla Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilib.

Amma İlham Əliyev 27 dəqiqəlik çıxışının 2 dəqiqə yarımını Azərbaycan Xalq Cümhuriyyətindən danışandan sonra, söhbətini mərhum atası Heydər Əliyevin və özünün uğurları barədə davam etdirib.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Hakimiyyətin tənqidçiləri deyirlər ki, Yeni Azərbaycan Partiyasının hakimiyyəti Cümhuriyyət qurucularının dəyərini vermir, yarımçıq sərəncamlarla, bəzi kiçik miqyaslı tədbirlərlə kifayətlənir.

Hakim Yeni Azərbaycan Partiyasının üzvü, tarixçi alim Cəbi Bəhramov hakimiyyətin Xalq Cümhuriyyətinə biganə olması barədə iddiaları qəbul etmir:

“Hər il 28 May dövlət başçısının iştirakı ilə dövlət səviyyəsində qeyd olunur. Əlavə olaraq Tarix İnstitunda nə az, nə çox 1990-cı ildən bu günə qədər tədqiqat işləri geniş şəkildə aparılır, ayrıca şöbə yaradılıb və Cümhuriyyət dövrü geniş şəkildə tədqiq olunur”.

Müxalif Milli Şuranın üzvü, tarixçi alim Cəmil Həsənli isə hesab edir ki, Azərbaycan hökuməti görməli olduğu işləri görmür. Verilən sərəncamlara Cümhuriyyət qurucularının adları belə salınmır.

Onun sözlərinə görə, Xalq Cümhuriyyəti barədə seriallar çəkilməli, telekanallarda Cümhuriyyət haqqında verilişlər, debatlar təşkil olunmalı, bu irsin təbliği üçün dövlət proqramı olmalıdır.

1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti 23 ay sonra bolşevik Rusiyası tərəfindən işğal edilib. Cümhuriyyət quruclarının çoxu ya öldürülüb, ya da mühacirətə gedib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG