Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Tarixçi: 'Rəsulzadənin məzarından çox irsinə, dəyərlərinə sahib çıxmalıyıq'


Yanvarın 31-də M.Ə.Rəsulzadənin 135 yaşı tamamlandı
Yanvarın 31-də M.Ə.Rəsulzadənin 135 yaşı tamamlandı

«Bu baxımdan onun yubileyinin belə sönük keçməsi anlaşılandır. Ancaq Rəsulzadəni daha yaxından tanısaydıq, ona münasibət də dəyişmiş olardı. Çox təəssüf ki, onu yaxşı tanımırıq».

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Xalq Cümhuriyyəti tarixi şöbəsinin əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru Kamran İsmayılov AzadlıqRadiosuna müsahibəsində belə söyləyir. O həmçinin deyir: «Sadəcə, zaman elə zamandır ki, Rəsulzadəyə qısqanclıq var və o hökmən layiqli qiymətini alacaq».

- Kamran bəy, yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin 135 yaşı tamamlandı. Sizcə, o, layiq olduğu dəyəri alıb?

- Tarixçi kimi deyirəm, Rəsulzadənin Azərbaycan tarixində yeri elə müqəddəsdir ki, onun ildönümü hər il qeyd edilməlidir. Çox təəssüf ki, xalqımız indiyədək Rəsulzadənin böyüklüyünü, əzəmətini dərk edə bilmir. Bu baxımdan onun yubileyinin belə sönük keçməsi anlaşılandır. Ancaq Rəsulzadəni daha yaxından tanısaydıq, ona münasibət də dəyişmiş olardı. Çox təəssüf ki, onu yaxşı tanımırıq.

- Niyə tanınmır?

- Mən siyasi məqamlara toxunmaq istəmirəm. Hər halda göz önündədir. Məhəmməd Əmin Rəsulzadəyə qarşı nəsə bir qısqanclıq hiss olunur. Bu, bir tarixi şəxsiyyətdir. Onu bugünkü dəyərlər baxımından qiymətləndirmək, bugünkü konyunktura baxımından dünyagörüşünə, nəzəriyyəsinə qiymət vermək düzgün deyil. O, bizim üçün ilk növbədə azərbaycançılıq ideologiyasının lideridir, onun yaradıcısıdır. Onun fəaliyyəti sayəsində Azərbaycanda milli dövlətçiliyin əsası qoyulub. Ona qarşı qısqanclıq tamam yersizdir. Azərbaycan xalqının ziyalıları onun bizim üçün hansı əhəmiyyəti kəsb etdiyini yaxşı bilirlər. Sadəcə, zaman elə zamandır ki, Rəsulzadəyə qısqanclıq var və o, hökmən layiqli qiymətini alacaq.

K.İsmayılov
K.İsmayılov

- Siz xalqın Rəsulzadənin layiqli dəyərini vermədiyini söyləyirsiniz, ancaq onun doğum günündə sosial şəbəkədə, az qala, hər kəs bu haqda, onun şəxsiyyəti, xidmətləri haqda yazdı, fotolarını paylaşdı. Müxalifət partiyaları doğulduğu kənddə qoyulan abidə önünə yürüş etdi. Bundan başqa, Novxanıda doğulduğu evə vurulan barelyef oğurlandıqdan sonra Rəsulzadə haqda iki yeni lövhədə yer alan məlumatlara böyük etiraz oldu. Sizcə, bu ona sevgidən xəbər vermirmi? Bəlkə xalq onu tanıyır, sevir, səbəblər başqadır?

- Söhbət onun tarixdəki yerindən getmir. Söhbət onun nəzəriyyəsinin, irsinin öyrənilməsindən gedir. Təəssüf ki, geniş xalq kütlələri nəzəri irsi ilə bir o qədər də tanış deyil. Mən bu baxımdan deyirəm. Rəsulzadə elə bir irs qoyub ki, hələ yüz il də gələcək yolumuzu işıqlandıracaq. Rəsulzadəyə səthi yanaşırıq, onu kiminləsə müqayisə etmək üçün yada salırıq. O, böyük zəkaya, zəngin elmi irsə sahibdir. Onun məqalələri, əsərləri yenə də aktualdır. Elə məsələlərə toxunub ki, sanki bu gün üçün yazılıb. 1918-20-ci illərdə «Azərbaycan», «İstiqlal» qəzetində azərbaycançılıqla bağlı maraqlı məqalələri çap edilib, azərbaycanlıların tarixi, mənşəyi, Azərbaycan-İran münasibətləri, İranda yaşayan azərbaycanlıların coğrafiyası, tarixi haqda yazıb. Bu əsərlərə, məqalələrə gənclərimiz dönə-dönə müraciət etməlidir, bax, onda biz Rəsulzadəni tanıya bilərik.

- Yeri gəlmişkən, onun elmi irsi kifayət qədər araşdırılıbmı?

- Rəsulzadənin elmi irsi yetərincə araşdırılmayıb, hələ öz tədqiqatçılarını gözləyir.

- O dövrün araşdırmaçılarından biri professor Şirməmməd Hüseynov «Yeni Müsavat»a deyib ki, Rəsulzadənin irsini araşdıracaq mərkəz yaradılmalıdır. Eyni zamanda, onun mühacirət dövründə əsərlərinin çap edildiyi «Yeni Qafqasya», «Azəri türkü», «Odlu yurd» dərgilərinin toplanaraq indiyədək Azərbaycana gətirilmədiyinə toxunur.

- Şirməmməd müəllim çox doğru deyir. Rəsulzadənin fəaliyyətini, yaradıcılığını üç dövrə bölmək olar: Cümhuriyyətin yaranmasına qədərki dövr, Cümhuriyyət dövrü və mühacirət dövrü. Mühacirətə qədərki dövr az-çox öyrənilib, amma mühacirət dövründəki həm siyasi fəaliyyəti, həm elmi, həm də publisistik fəaliyyəti yetərincə öyrənilməyib. Tarixi ilkin mənbələrdən öyrənirik. Rəsulzadənin əksər əsərləri, məqalələri tarixi baxımdan ilkin mənbədir. Onların toplanılması, sistemləşdirilməsi, nəşri sahəsində qarşımızda böyük vəzifələr durur. Ümid edirəm ki, bu işlər yaxın illərdə həll ediləcək. Onun Polşada, Almaniyada, Türkiyədə çıxan məqalələrini toplayıb nəşr etmək çox böyük savab olardı. İndiyədək sadəcə epizodik iş aparılıb. Kimsə gedib bir jurnalda məqaləsini tapıb nəşr edib. Ancaq mühacirət dövründəki irsini sistemli şəkildə toplayıb nəşr etdirməmişik.

- Bəs Cümhuriyyət dövrü?

- O da kifayət qədər araşdırılmayıb. Onun həmin dövrdə parlamentdəki bəzi çıxışları, məqalələri diqqətdən kənarda qalıb. Amma az-çox bu dövr əksini tapıb. Ona görə də, Rəsulzadə ilə bağlı mərkəzin yaradılması yaxşı olardı.

- Novxanı kəndində Rəsulzadənin barelyefi ilə bağlı baş verənləri necə dəyərləndirirsiniz? Bu, təsadüf idi, yəni siyasi savadsızlığın nəticəsi idi, ya başqa səbəb aramaq lazımdır?

- Mənə elə gəlir, burda siyasi məna axtarmaq lazım deyil, məişət səviyyəsində bir hadisədir. Ümid edirəm ki, belədir. Başqa cür düşünmək istəməzdim. Amma hər halda, Rəsulzadəyə diqqətsizliyin, qayğısızlığın da təzahürünü gördük. Onun barelyefi daha yaxşı qorunmalıydı. Doğulduğu evdə muzey yaradılsaydı, başqa işlər görülsəydi, bu cür problemlərin qarşısı alınmış olardı.

- Cümhuriyyət qurucularının məzarını da gətirmək lazımdırmı?

- Onun məzarının gətirilməsini doğru saymıram. Biz onun məzarından çox irsinə, dəyərlərinə, bu, böyük sərvətə sahib çıxmalıyıq. O, bizə azərbaycançılıq ideologiyasını qoyaraq gedib. Bu, daha vacib məsələdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG