Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.
O bu səfərdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasi - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edəcək.
Bugün, noyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərində COP28-in açılışı olub.
Dekabrın 12-dək davam edəcək konfransın əsas mövzuları təmiz enerjiyə keçid, sosial inklüzivlik və digər məsələlərdir.
Konfransın elə ilk günündə ölkələr təbii fəlakətlərin gətirdiyi itki və ziyanın aradan qaldırılması üçün xüsusi fonddan istifadəyə dair razılığa gəliblər.
Bu fond iqlim dəyişikliyindən ziyan çəkən yoxsul ölkələrə dəstək üçün yaradılır.
İqlim böhranının bədəlini zəngin ölkələr ödəməlidir
Qeyd olunur ki, qlobal istiləşməyə görə daha çox məsuliyyət daşıyan inkişaf etmiş ölkələr fondun maliyyələşdirilməsinə cəlb olunacaq. Bununla belə fonda ianələrin köçürülməsi tam “könüllü” əsasda olmalıdır.
ABŞ, Britaniya, Almaniya, Yaponiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) itki və ziyan fonduna milyonlarla dollar ödəyəcəklərini vəd ediblər.
Bu fondun 2030-cu ilədək ildə 100 milyard dollarlıq ayırmalar edə biləcəyi gözlənilir. Qeyd olunur ki, bütün inkişaf etməkdə olan ölkələr yardım üçün fonda müraciət edə biləcəklər.
Bu ölkələr bildirirlər ki, iqlim böhranının aradan qaldırılması üçün ehtiyacları artıq 400 milyard dollara yaxınlaşır.
İtki və ziyan fondunun yaradılmasına dair qərar konfransın son günündə, dekabrın 12-də qəbul olunmalıdır.
Qazıntı yanacağından imtina əsas məsələdir
Sammitdə müzakirə olunacaq əsas məsələlərdən biri də qlobal temperaturun yüksəlməsində qazıntı yanacağından istifadənin rolu olacaq. Qazıntı yanacağının yandırılması temperaturun yüksəlməsinə və ətraf mühitin çirklənməsinə səbəb olur.
BMT-nin baş katibi Antonio Quterriş “ağlabatan zaman çərçivəsində” qazıntı yanacağından tam imtina edilməsinə çağırıb.
Onun fikrincə, “texnologiyaların potensial imkanları və pul vəsaitləri bəşəriyyət üçün kritik olan 1.5 dərəcə temperatur artımının nəinki saxlanması, hətta firavanlıqda yaşamaq üçün şərait yarada bilər”.
Quterriş deyib ki, “hələlik çatışmayan yalnız siyasi iradədir”.
Konfransa ev sahibliyi edən BƏƏ dünyanın ən böyük neft hasilatçılarından biridir.
Bu ölkə ümid edir ki, sammit iştirakçılarını aşağı karbonlu gələcəyi qazıntı yanacağından imtina etmədən də yaratmağın mümkünlüyünə inandıra biləcək.
Alimlər bu mövqe ilə razılaşmırlar. Onlar deyirlər ki, qazıntı yanacağının hasilatını ixtisar etmək çox mühümdür.