Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 20:03

Avropa iri addımlarla... kömürsüzləşir


Almaniyada kömür elektrik stansiyası
Almaniyada kömür elektrik stansiyası

2017-ci ilin dekabrında Avropa Birliyi 2030-cu ilədək üzv dövlətlərin istehlak etdiyi enerjinin 27 faizinin külək, günəş və bioloji mənbələrdən alınması hədəfini təsdiqləyib. Bura elektrik enerjisinə tələbatın 50 faizə qədəri də daxildir.

Avropanın yeni enerji hədəfləri

İndi isə xüsusi ekspert komitəsinin narahatlığına cavab olaraq bu hədəf 35 faizə qaldırılıb.

Avropa Birliyi (AB) ölkələri bütün dünyada havaya buraxılan istixana qazlarının 10 faizinə görə məsuliyyət daşıyır. Bu siyahıda AB yalnız ABŞ və Çindən geri qalır. Paris iqlim sazişini imzalamaqla Avropa hökumətləri 2030-cu ilədək bu qazların havaya buraxılmasını 1990-cı il səviyyəsi ilə müqayisədə 40 faiz azaltmağı öhdələrinə götürüblər. Hazırda qoyulmuş bu böyük hədəflər Paris sazişi öhdəliyinin yerinə yetirilməsi yolunda ciddi töhfə ola bilər.

Ancaq sözügedən qərar dərhal işə düşməyəcək. Növbəti addım Avropa Parlamentinin bu planı hər bir üzv dövlətin hökuməti ilə müzakirə etməsi olacaq. İşin çətin tərəfi də elə budur.

Almaniya istixana qazlarını 55 faiz azaltmış olacaq

«Futurism» saytı «Reuters»ə istinadən yazır ki, artıq Almaniya özünün istixana qazları ilə bağlı daha öncə qoyduğu hədəflərdən geri çəkilməyi düşünür. Ölkə öncə 2020-ci ilədək havaya buraxdığı istixana qazlarının miqdarını 1990-cı illə müqayisədə 40 faiz azaltmaq niyyətini bəyan etsə də, sonradan bu hədəfi yenidən dəyərləndirərək, onun qeyri-real olduğunu bildirib.

Polşada Belxatuv kömür elektrik stansiyası
Polşada Belxatuv kömür elektrik stansiyası

Ancaq «Reuters»in xəbərinə görə, Almaniyanın AB-nin qoyduğu yeni 35 faizlik hədəfi yerinə yetirə biləcəyi ehtimalı yüksəkdir. Üstəlik, bu ölkə Paris sazişini imzalamaqla öhdəsinə götürdüyü 40 faizlik hədəfə artıq 2020-ci illərin əvvəllərində çata bilər. 2030-cu ilədəksə Almaniya artıq havaya buraxdığı istixana qazlarının 55 faizini azaltmış olacaq.

Ancaq ümumən Almaniyanın indiki durumda ilkin hədəflərindən çəkilməsi ayrı-ayrı üzv dövlətlərin bu iddialı plandan geri çəkilə biləcəyinə işarədir. Məsələn, Polşa iqtisadiyyatı daş kömürdən çox asılıdır. Bu vəziyyətin hələ 2030-cu ilədək (bu isə Paris sazişində qoyulmuş hədəflərin son tarixidir) qalacağı ehtimal olunur. Hazırda ölkənin istehlak etdiyi elektrik enerjisinin 80 faizi daş kömürün yandırılmasından gəldiyindən, ölkənin cəmi 12 il ərzində bu durumu dəyişə biləcəyi o qədər də real görünmür.

Çexiya da daş kömürdən çox asılıdır. Ölkənin istehlak etdiyi enerjinin 55 faizi daş kömürün payına düşür. Görünür, qonşuları kimi bu ölkənin də daha təmiz enerji mənbələrinə keçidi asan olmayacaq.

Həddindən çox iş görülməlidir

Avropada uzunmüddətli enerji strategiyasının nüvə enerjisindən çox asılı olduğu ölkələr də var. Onların da Paris sazişinin öhdəliklərini vaxtında yerinə yetirməməsi ehtimalı böyükdür. Belə ölkələrdən biri Macarıstandır.

Nüvə enerjisi Avropa Birliyinin planında göstərilən enerji mənbələri arasında yer almayıb. Uyğun infrastruktura investisiya qoymuş dövlətlər istixana qazlarını sazişdə göstərilmiş səviyyədə azaltmaqda çətinlik çəkəcəklər.

İlk baxışdan, Avropa Birliyinin bu yeni siyasəti doğru istiqamətdə daha bir addım kimi görünür: qazıntı mənşəli yanacaqdan bərpa oluna bilən enerji mənbələrinə keçidlə bağlı birgə səy, özü də beynəlxalq miqyasda. Kömür yandırmaq ətraf mühitə də, insan orqanizminə də ziyan vurur. Artıq çoxdan bəllidir ki, ən qısa zaman kəsimində daha təmiz alternativlərə üstünlük verməyə başlamalıyıq. Ancaq bu işin sözdən əmələ keçməsi göründüyündən daha çətindir. Bu hədəflərə 2030-cu ildə çatılmasından ötrü həddindən çox iş görülməlidir.

XS
SM
MD
LG