Keçid linkləri

2025, 11 İyul, Cümə, Bakı vaxtı 04:39

Hər il 800 min nəfər intihardan ölür


İntihar. Foto arxiv
İntihar. Foto arxiv

Hər il dünyada 800 mindən çox adam intihardan ölür, bundan 25 dəfə çox adamsa intihara cəhd göstərir.

Bütün bunlar arxasında həyatlarının dəyərini sual altına alan fərdlərin hekayəti durur. Bu fərdlərin hər biri cəmiyyətin üzvüdür. Bəziləri cəmiyyətə yaxşı bağlanıb, ailə, dostlar və həmkarlardan ibarət şəbəkəsi var. Bəzilərinin əlaqələri elə də yaxşı deyil və hətta təcrid olunmuş durumdadır. Bütün şərtlərə baxmayaraq, cəmiyyət zəif, gücsüz olanların müdafiəsində vacib rol oynayır.

78 FAİZ

«Bir dəqiqə dayan və kiminsə həyatını dəyişdir». Bu, 2017-ci ildə Ümumdünya İntiharların Önlənməsi gününün – 10 sentyabrın mövzusudur.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, həyatla mübarizə aparanları tapıb onlarla əlaqə yaratmaq, hekayətlərini istədikləri kimi nəql etməyə həvəsləndirməyə məsuliyyət daşıyırıq. Mülayimcəsinə dəstək göstərmək, mühakimə etmədən dinləmək də çox şeyi dəyişə bilər.

Qurum bildirir ki, intihar 15-29 yaşlılar arasında ölümün ikinci əsas səbəbidir.

Dünyada intiharların 78 faizi az- və ortagəlirli ölkələrdə baş verir.

Zəhərli maddələr içmək, özünü asmaq və odlu silahdan istifadə intiharların törədilməsində ən çox işlənən metodlardır.

«The Guardian» qəzeti isə yazır ki, Böyük Britaniyada universitet tələbələri içində intihar rekord həddədir. Əsas səbəb də psixi problemlər sayılır.

TƏLƏBƏ İNTİHARI

IPPR beyin mərkəzinin açıqladığı hesabat üzə çıxarıb ki, təhsilinin ilk ilində psixi problemini açıqlayan tələbələrin sayı son 10 ildə beş dəfə artaraq 15 min 395-ə çatıb.

2015-ci ildə rekord sayda – 134 tələbə özünü öldürüb. Elə həmin il rekord sayda tələbə psixi problemlər üzündən universitetdən çıxıb. Ekspertlər səbəbi həm universitetdən çıxan tələbəyə təzyiqin artmasında, həm də bilgiləndirmənin yüksəlməsində görürlər, yəni daha çox adam problemlərini dilə gətirir.

Psixiatrların Kral Kollecinin sözçüsü Mark Salter deyib ki, son 10 ildə tələbə intiharlarının iki dəfəyədək artması «çox təəssüfləndiricidir».

«Bilirik ki, hökumət adamların həyatlarına qıydıqları ümidsizlik həddinə çatmasını dayandırmalıdır. İntiharın qarşısı alına bilər… gərəkən resurs, yaxud maliyyə olmadan İngiltərədə intiharın səviyyəsini azaltmayacağıq», – o söyləyib.

Hesabat müəllifləri universitetləri çağırırlar ki, yerlərdə müalicə həkimləri və psixi sağlamlıq xidmətləriylə sıx əlaqə yaratsınlar.

XS
SM
MD
LG