Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

İnternet alıcılarına rəylərə və 'ulduzlara' çox da inanmamaq məsləhət görülür


Guardian qəzeti yazır ki, yeni araşdırma populyar Amazon saytının müştəri rəyləri sisteminin “saxta beşulduzlu rəylərlə” dolu olduğunu aşkara çıxarıb.

Britaniyada mənzillənmiş Which? istehlakçı məcmuəsi qulaqcıqlar, avtomobil kameraları, idman trekerləri və smart saatlar da daxil 14 internet kateqoriyası üzrə texnika mallarının təhlilini aparıb.

Təhqiqatçılar aşkar ediblər ki, yüksək reytinqli brendlər arasında Itshiny, Vogek və Aitalk üstünlük təşkil edir. Bu da üzə çıxıb ki, bu brendlər barədə mənşəyi bilinməyən minlərlə rəylər mövcuddur. Bu rəylərdən onları yazanların sözü gedən məhsullardan bəzən heç istifadə etmədikləri məlum olur.

Araşdırmadan bəlli olub ki, bəzi məhsullar qısa müddət ərzində “beş ulduz”la qiymətləndirilib. Bu isə həmin məhsullara yazılmış rəylərin saxtalığına dəlalət edən əlamətdir.

Təhqiqat göstərib ki, məsələn qulaqcıqlar üçün axtarış verərkən az tanınan brendlər barədə orta müştəri rəyləri onları birinci səhifəyə çıxarır. Bu məhsullar barədə yazılmış 12 min rəyin 87 faizi naməlum alıcılar tərəfindən verilib.

Maraqlıdır ki, qulaqcıqların 71 faizinə mükəmməl beş ulduz reytinqi verilib, amma bunların arasında bu məhsula deyil, məsələn sabun paylayıcılarına verilən rəylər də var.

Məsələn Celebrat brendi tərəfindən istehsal olunmuş qulaqcıq dəstinə 439 rəy yazılıb. Bu mənşəyi naməluim rəylərin hamısı beş ulduzla qiymətləndirilib. Bu da aşkara çıxıb ki, rəylərin hamısı məhsulun sayta çıxdığı gün yazılıb.

Which? məcmuəsi smart saatlar üçün də buna bənzər nəticələr əldə edib. Bu saatlara yazılan mənşəyi naməlum rəylərin 99 faizi birinci sırada olan 4 məhsula aid olub.

Which? qrupundan məişət malları bölməsinin başçısı Natalie Hitchins deyib:“Araşdırmamız göstərir ki, Amazon saxta rəylərlə mübarizəni uduzub. Burada alıcılar naməlum brendlər barədə süni rəy atəşinə tutulur”.

Ekspert deyir ki, Amazon milyonlarla müştərisinin etibarını qoruyub saxlamaq istəyirsə, öz saytlarını saxta rəylərdən qorumalıdır.

Xanım Hitchins alıcılara məsləhət görür ki, internetdən nəsə alarkən məhsullar barədə yazılmış rəylərə ehtiyatla yanaşsınlar.

Məqalədə deyilir ki, nə Which? məcmuəsi, nə də Guardian bu hesabatda adı çəkilən brendlərlə əlaqə yarada bilməyib. Şübhəli rəylərin mənbələrini də aşkar etmək mümkün olmayıb.

Amazon bu barədə verdiyi bəyanatda bildirir ki, öz saytlarındakı rəylərin etibarlılığına və həqiqiliyinə son dərəcə diqqətlə yanaşır.

“Bizim rəyçilər və satış partnyorlarımız barədə aydın davranış qaydalarımız var və biz bu qaydaları pozanları qadağan edir və onlara qarşı hüquq müstəvisində tədbir görürük”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG