Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:42

Diri insana baş köçürmək mümkündürmü? Patoloqanatom izah edir


Xiaoping Ren və Sergio Canavero
Xiaoping Ren və Sergio Canavero

İli il öncə italiyalı cərrah Sergio Canavero 2017-ci ilin sonunadək tarixdə ilk dəfə bir insandan başqasına başköçürmə əməliyyatını uğurla gerçəkləşdirəcəyinə söz verib. Bu günlərdə bəlli olub ki, Canavero vədini yerinə yetirib. Əməliyyat Çində uğurla başa çatıb. Ancaq arada bircə nüans var: baş cəsəddən cəsədə köçürülüb.

Müalicə olunmayan onurğa əzələ atrofiyasından əziyyət çəkən rusiyalı Valery Spiridonov təcrübədə iştiraka razılıq verib.

BAŞ KÖÇÜRMƏKDƏN DANIŞMAQ TEZDİR

Ancaq əməliyyat daim ertələnir. Canavero bu məsələdə elm ictimaiyyətini günahlandırır, onun həddindən artıq mühafizəkar olduğunu deyir. Bundan başqa, o, ən böyük filantropları, o cümlədən Sergei Brin və Mark Zuckerberg-i gərəkli layihələrə pul vermədiklərinə görə qınayır.

Əslində, mütəxəssislərin çoxu hesab edir ki, bəşəriyyət qopmuş ətrafı (qolu, yaxud ayağı) yerinə tikməyi yetərincə yaxşı öyrənməmiş baş köçürmədən danışmaq çox tezdir.

Ryazan Dövlət Tibb Universitetinin patoloji anatomiya kafedrasının müdiri, İnsanın Kök Hüceyrələri İnstitutunun direktoru Roman Deev AzadlıqRadiosunun rus xidmətinə bu məsələdəki çətinliklərdən danışıb. Mütəxəssisin fikrincə, canlı insana baş köçürülməsi gec-tez mümkün olacaq. Ancaq o bunu yaxın bir neçə onillik ərzində mümkün saymır.

«Bərpa cərrahiyyəsi və implantasiyanın müasir imkanları çox zaman barmaqlar, biləyin fraqmentləri kimi kiçik seqmentlərlə məhdudlaşır», – o deyir.

EYNİ CÜR FANTASTİK

Alimin sözlərinə görə, başın köçürülməsi ona görə çətindir ki, nəhəng sayda ayrı-ayrı sinirlərdən ibarət onurğa beyni baş beyinə birləşdirilməlidir.

«Sinir impulsu bütövlükdə onurğa beynindən yox, konkret sinir topalarından keçir... Buna görə də funksionallıq üçün minlərlə, on minlərlə belə topalar dəqiqliklə bir-birinə birləşdirilməlidir... İmpuls konkret neyrondan konkret sinirlərlə konkret yerə ötürülür. Birbaşa yol olmayanda sinir impulsunun birbaşa ötürülməsi də baş vermir, nəticədə bu sinir ötürücülərindən aşağıda yerləşən orqanlar funksiyasını itirir», – alim deyir.

«Professor Douelin başı» filmindən kadr
«Professor Douelin başı» filmindən kadr

R.Deev-in sözlərinə görə, «professor Douelin başı» 50-60 il öncə necə fantastik görünürdüsə, bu gün Canavero-nun təklif etdikləri də eynilə o qədər fantastik görünür. (Deev Aleksandr Belyaev-in «Professor Douelin başı» adlı məşhur romanını nəzərdə tutur. - tərc.) «Fantastikanın səviyyəsi təxminən eynidir», – o deyir.

Alim qeyd edir ki, daxili orqanların köçürülməsi zamanı texniki iş iki-üç damarın birləşdirilməsindən ibarətdir. Baş köçürülməsində isə nəhəng sayda, on minlərlə sinirdən söhbət gedir:

«Hər şey çox dəqiqliklə, bir-bir birləşdirilməlidir. Əks halda, bütün bu iş mənasızdır. Bunu təmin etməksə fantastikadır».

SİNİRLƏR

R.Deev-in sözlərinə görə, onurğa beyninin birləşdirilməsi ilə iş bitmir. Bundan sonra başın içərisində yerləşən hər şeyin adekvat qan dövranını təmin etmək üçün bərpasına ehtiyac yaranır. Sonra onurğa beynindən ayrı fəaliyyət göstərən 12 cüt kəllə-beyin sinirinin birləşdirilməsi məsələsi var.

«Bunlar çox mühüm sinirlərdir, onlar ürəyin döyünməsini, diafraqma və qabırğalararası əzələlərin tənəffüs hərəkətlərini, yəni həyati orqanların funksiyalarını təmin edir.

İnsan üz sinirini soyuğa verəndə üzün yarısı hərəkətsiz qalır. Bəzi hallarda isə, üz siniri və ya üçlü sinir travma alanda bu, ömürlük belə qalır. Heç nəyi tikmək olmur, heç nə də özü-özünə bərpa olunmur», – Deev deyir.

Onun sözlərinə görə, başın cəsəddən cəsədə köçürülməsi «tamamilə normal, məntiqi hazırlıq mərhələsidir».

1950-60-cı illərdə sovet alimi Vladimir Demikhov itdən itə baş köçürmək kimi cəsarətli və yenilikçi təcrübələr aparıb. Deev-in sözlərinə görə, Demikhov-un təcrübələri yetərincə uğurlu olub və istər incə texniki iş, istərsə də yad mənşəli orqanların immunoloji təcridi metodikası baxımından xarici mütəxəssislərin böyük marağını oyadıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG