Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 09:42

İnsan alveri hesabatında Azərbaycanın göstəricisi pisləşib


ABŞ dövlət katibi Mike Pompeo İnsan Alveri hesabatını iyunun 20-də açıqlayıb
ABŞ dövlət katibi Mike Pompeo İnsan Alveri hesabatını iyunun 20-də açıqlayıb

ABŞ dövlət katibi Mike Pompeo iyunun 20-də 2019-cu il üçün İnsan Alverinə dair Hesabatı (2019 Trafficking in Persons (TIP) Report) təqdim edib.

ABŞ-ın Trefikinq Qurbanlarının Müdafiəsi Qanununa (Trafficking Victims Protection Act -TVPA) uyğun olaraq hazırlanan illik hesabat bütün dünyada hökumətlərin insan alveri və müasir quldarlıqla mübarizəsini qiymətləndirir.

Hesabatda deyilir ki, Azərbaycan hökuməti trefikinqin ləğvi üçün minimum standartlara cavab verməsə də, bu istiqamətdə əhəmiyyətli səylər göstərir.

Qeyd olunur ki, Azərbaycanda xaricə gedən miqrantlar üçün agahlıq kampaniyaları artırılıb.

Buna baxmayaraq Azərbaycan hökumətinin səyləri əvvəlki dövrlə müqayisədə zəif olub, bu sahədə cinayət təqibi zəifləyib və məhkəmələr trefikinqdə ittiham olunanların hamısı üçün şərti cəzalar verməklə kifayətlənib.

Azərbaycan hökuməti habelə QHT-lər tərəfindən idarə olunan sığınacaqların saxlanmasına maliyyə dəstəyi verməyib.

Hesabatda deyilir ki, məsələn büdcə təşkilatları işçilərinin pambıq yığımına cəlb edilməsinə dair məlumatlar var.

Nəzarət siyahısında

Məhz bütün bunlara görə Azərbaycanın reytinqi azaldılıb və o 2-ci dəstənin içərisində xüsusi nəzarət siyahısına daxil edilib.

Nəzarət siyahısında Azərbaycandan başqa Əfqanıstan, Konqo, İraqla yanaşı keçmiş Sovet İttifaqından Qazaxıstan, Qırğızıstan, Özbəkistan da var. Avropa ölkələrindən bu siyahıda yalnız Macarıstan qərar tutub.

Bu hesabatda dünya hökumətlərinin qiymətləndirilməsi üç paradiqm əsasında aparılıb – insan qaçaqmalçılığının mühakiməsi, qurbanların müdafiəsi və trefikinqin profilaktikası.

Bu təsnifat əsasında bütün dünya ölkələri üç dəstəyə bölünüb.

Burada trefikinqlə bağlı görülən tədbirlərə görə ən yaxşı dəstə birinci dəstədir. Əksər Avropa ölkələri, Kanada və Birləşmiş Ştatlar bir qayda olaraq bu dəstəyə salınır. Bu dəstəyə Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstan düşüb.

Ermənistan ikinci dəstədədir.

Bu dəstəyə daxil ölkələrin, Trefikinq Qurbanlarının Müdafiəsi Qanununa tam riayət etməsələr də, insan qaçaqmalçılığına qarşı mübarizədə əhəmiyyətli səylər göstərdiyi bildirilir.

Rusiya, Belarus, Türkmənistan və İran üçüncü dəstədədirlər. Bu ən pis qrup sayılır.

Azərbaycan hökumətinə tövsiyələr

Hesabatda Azərbaycan hökumətinə xüsusi tövsiyələr verilir.

Bunlar xüsusilə də ölkə daxilində trefikinqə, məcburi əməyə və uşaq trefikinqinə diqqətin gücləndirilməsi, xüsusilə də pambıq yığımı dövründə məcburi əməyin qarşısının alınması, bu barədə faktların hakimiyyət orqanlarına çatdırılmasının stimullaşdırılmasıdır.

Hüquq-mühafizə orqanlarının, prokuror və hakimlərin bu sahədə təlimləndirilməsi də tövsiyələrdən biridir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG