Kanadanın IMAX korporasiyası iyunun əvvəlində Moskvanın Ukraynaya qarşı səbəbsiz işğalına görə Rusiya bazarından gedib. İndi şirkət Rusiyadakı avadanlığından istifadəni qadağan etdiyini bildirir.
Rusiyanın birləşmiş Cinema Park və Cinema Formula şəbəkəsinin baş direktoru Aleksey Vasyasin avqustun 23-də RBK media qrupuna deyib ki, ölkə boyunca kinoteatrların IMAX-ın icazəsi olmadan onun texnologiya və avadanlığından istifadəsi yasaqlanıb.
Vəziyyət pisdir
Onun sözlərinə görə, IMAX ilin sonunadək Rusiya bazarına qayıtmazsa, ölkənin kinoteatr şəbəkələri bu addıma görə korporasiyanı məhkəməyə verə bilərlər.
IMAX (Image Maximum) yüksək ölçülü və aydın təsvir qabiliyyətinə malik film nümayişi sistemidir.
Vasyasin deyib ki, hazırda Rusiyanın sinema industriyasında vəziyyət koronavirus pandemiyası dövründən daha pisdir. Səbəb isə Hollivud blokbasterlərinin Rusiya bazarından yığışdırılması, kinoteatrlara qərb filmlərinin göstərməyə lisenziya verilməsi ilə bağlı qeyri-müəyyənlikdir.
5 milyard rubl itki
Rusiya fevralın sonunda Ukraynaya tammiqyaslı təcavüzə başlayandan az sonra, martda Disney, Warner Brothers, Sony, Universal Pictures işğala etiraz olaraq filmlərinin Rusiyada prezentasiyasını dayandırıb. Bu şirkətlərin bəziləri Rusiya bazarından tamamilə çıxıb.
İndustriya təhlilçilərinin hesablamasına görə, təkcə “Batman” və “Morbius” filmlərinin qadağanı Rusiya kinoteatrları üçün 5 milyard rubl ($83.6 milyon) itki deməkdir. Martdan bəri Rusiyada 200-cən kinoteatr bağlanıb, kommersiya kinoteatr komplekslərinin üçdə biri əməliyyatlarını dayandırıb.
Kinoteatr sahiblərinin assosiasiyası Prezident Vladimir Putindən kömək istəyib. Çin, Koreya və sovet filmləri onların böyük Hollivud filmlərinin nümayişindən qazancının cəmi beş faizini təşkil edir.