Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

REAL liderinin vəkili Novruz Məmmədova cavab verdi


Fuad Ağayev
Fuad Ağayev

«İlqar Məmmədov elektron bilərzikdə gəzmək niyyətində deyil. İlqar Məmmədov şərti olaraq azadlığa buraxılmasını xahiş etməyəcək».

REAL Hərəkatının həbsdəki lideri İ.Məmmədovun vəkili Fuad Ağayev bunu prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun açıqlamasını şərh edərkən bildirib.

«İlqar Məmmədov şərti olaraq vaxtından əvvəl həbsdən buraxılmaq üçün müraciət etmək niyyətində deyil», - deyən vəkil REAL Hərəkatının liderinin azadlığa buraxılmasının hakimiyyətin əlində olduğunu bildirib.

«İlqar Məmmədovu hakimiyyət həbs edib, o da azad etməlidir. İlqar Məmmədov şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmaq üçün xahiş etmək, sonra da elektron bilərzikdə gəzmək niyyətində deyil», - vəkil vurğulayıb.

***Buna da bax-Prezidentin köməkçisi: 'İlqar Məmmədov buraxıla bilər'

Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri N.Məmmədov bu gün, dekabrın 7-də Avropa Şurası Nazirlər Komitəsinin İ.Məmmədovla bağlı qərarlarını şərh edib. O vurğulayıb ki, İ.Məmmədov cəzasının 2/3-sini çəkdiyinə görə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılma hüququ əldə edib.

«Prezidentin sərəncamı ilə müvafiq qanunvericilik islahatlarının aparılması davam edir. Bu xüsusda, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci il dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər», - prezidentin köməkçisi deyib.

Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

***Buna da bax-Avropa Şurası İlqar Məmmədovla bağlı Azərbaycana qarşı qətnamə qəbul edib

Avropa Şurasının baş katibi T.Yaqland isə bu il açıqlamasında AİHM qərarına rəğmən, onun azadlığa buraxılmamasına görə Azərbaycana qarşı «misli görünməmiş» hüquqi hərəkət edilməsi məsələsinə toxunub.

Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) də oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Qərarda həmçinin vurğulanırdı ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini noyabrın 29-na kimi bildirə bilər.

Azərbaycan hökuməti isə AŞNK-yə bu günlər göndərdiyi cavabda vurğulayıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İ.Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Nəhayət, dekabrın 5-də AŞNK Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) REAL Hərəkatının lideri İ.Məmmədovun azad edilməsi qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG