Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:20

İlqar Məmmədov təkrar seçkilərə qatılır


İlqar Məmmədov
İlqar Məmmədov

90 saylı Ağdaş seçki dairəsində keçiriləcək təkrar parlament seçkilərində Respublikaçı Alternativ Hərəkatının (ReAl) həbsdə olan rəhbəri İlqar Məmmədov da iştirak etmək niyyətindədir. Artıq ReAl rəhbərinin sənədləri seçki komissiyasına təqdim olunub və qəbul edilib.

Bu haqda AzadlıqRadiosu-na hərəkatın icra katibi Natiq Cəfərli məlumat verib.

O deyib ki, İ. Məmmədovun səlahiyyətli nümayəndəsi kimi dairə seçki komissiyasına dəvət olunub.

«Mayın 3-də Ağdaşda dairə seçki komissiyasında oldum. İlqar Məmmədovun imza vərəqələrini götürmüşəm» – deyən icra katibi imzaları lazımı zamanda toplayıb seçki qurumuna təqdim edəcəklərini qeyd edib.

90 saylı Ağdaş seçki dairəsində keçiriləcək təkrar parlament seçkilərində, hələlik, 6 nəfər iştirak etmək istəyir. Həmin şəxslər də deputatlığa namizədliklərinin təsdiqlənməsi məqsədi ilə Mərkəzi Seçki Komissiyasına müraciət ediblər.

İlqar Məmmədovdan başqa Ümid Partiyasının sədri İqbal Ağazadə də Ağdaşdan iddialı olduğunu bəyan edib. O, ötən il noyabrın 1-də keçirilən parlament seçkiləri zamanı Sosial Demokrat Partiyasının sədri Araz Əlizadəyə uduzmuşdu.

90 saylı dairədən digər iddialılardan birinin hakim Yeni Azərbaycan Partiyasının üzvi, qalanlarının isə bitərəf olduğu bildirilir.

Şəki Apelyasiya Məhkəməsi aprelin 29-da REAL Hərəkatının lideri İlqar Məmmədovun işinə təkrar baxış üzrə qərarını elan edib. Məhkəmə İlqar Məmmədovu azadlığa buraxmayıb.

İ. Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib.

Apelyasiya Məhkəməsi bu hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kasasiya şikayətinə baxaraq işi təkrar Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa Məhkəməsi İ. Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Ancaq aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi İ. Məmmədovu həbsdə saxlayıb.

XS
SM
MD
LG