Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:33

Hökumətin cavabı: ‘İlqar Məmmədovun dərhal azadlığa buraxılması... ‘


İlqar Məmmədov məhkəmə qarşısında
İlqar Məmmədov məhkəmə qarşısında

Azərbaycan hökuməti Respublikaçı Alternativ (REAl) Hərəkatının həbsdəki lideri İlqar Məmmədovla bağlı Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) qərarına cavab göndərib.

Bunu REAl Hərəkatı təmsilçilərindən Erkin Qədirli bildirib.

AŞ NK İlqar Məmmədovla bağlı sonuncu dəfə oktyabrın 25-də qərar vermişdi. İ.Məmmədovun azadlığa buraxılması istənilən həmin qərarda Azərbaycan hökumətinə noyabrın 29-dək cavab vermə imkanı ifadə edilmişdi.

Buna da bax: İlqar Məmmədov həbsdən yazır: 'Neft olmasa…'

E.Qədirlinin bildirməsinə görə, Azərbaycan hökumətinin AŞNK-ya göndərdiyi cavabda vurğulanıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İlqar Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Erkin Qədirli
Erkin Qədirli

“AİHM-in İlqar Məmmədovla bağlı qərarına riayət etmək üçün lazımi tədbirləri həyata keçiriləcək”, - E. Qədirlinin bildirməsinə görə, hökumətin məktubunda bildirilir.

* * *

REAL Hərəkatının İdarə Heyətinin üzvü Rəsul Cəfərov hökumətin cavabını şərh edərkən, bunun onları qane etmədiyini vurğulayıb.

Buna da bax: İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun ikinci şikayətini də təmin etdi

"Hökumətin dəlilləri tutarlı deyil. İ.Məmmədovun Avropa konvensiyasının 18-ci maddəsi (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) üzrə hüquqlarının pozulmasının tanınması faktı onun təqib edilməsinin siyasi xarakter daşıdığını təsdiqləyib. AİHM-in tarixində ərizəçilərin həmin maddə üzrə hüquqlarının pozulmasının tanındığı bütün işlərin hər birində şəxslər azadlığa buraxılıblar", – R.Cəfərov bildirib.

Rəsul Cəfərov
Rəsul Cəfərov

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun iki şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra, müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Avropa Şurasının baş katibi Torbörn Yaqland isə açıqlamasında AİHM qərarına rəğmən, onun azadlığa buraxılmamasına görə, Azərbaycana qarşı «misli görünməmiş» hüquqi hərəkət edilməsi məsələsinə toxunub.

Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovla bağlı qərarına Bakının əməl etməməsindən gedir. Qərarda həmçinin vurğulanırdı ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər.

Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldıra bilər. Bu, Azərbaycana bir növ xəbərdarlıqdır. Növbəti addımlar, hələ gələ bilər. Avropa Şurasının 68 illik tarixində, hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb.

Bu ayın ortalarında AİHM İ.Məmmədovla bağlı ikinci qərarını elan edib. Bu qərar da İ.Məmmədovun 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilməsi ilə bağlıdır.

Həmin qərara görə, İ.Məmmədovun ədalətli məhkəmə araşdırması hüququ pozulub. Hökumət buna görə REAL liderinə ümumilikdə 10 min avro təzminat ödəməlidir.

Buna da bax:

Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG