Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 07:58

'Yüksək inflyasiya yoxsulluğu artıracaq'


Foto illüstrasiya

Dövlət Statistika Komitəsinin (DSK-nın) məlumatına görə, bu ilin yanvarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin yanvarına nisbətən 11.9 faiz bahalaşıb. Ən çox bahalaşma isə ərzaq məhsullarında olub – 14.5 faiz. Bundan başqa qeyri-ərzaq məhsullarının qiymətləri 12.3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8 faiz artıb.

Son 10 ilə baxsaq, ilin ilk ayında orta illik inflyasiya 17 faiz də olub, 0.2 faiz də: 2007 – 17; 2008- 15.3; 2009 – 11.9; 2010 – 1.8; 2011- 8.3; 2012- 4.8; 2013 – 0.8; 2014 – 2.2; 2015- 0.2; 2016 – 13.6 faiz.

İqtisadiyyat Nazirliyi 2017-ci ildə illik inflyasiyanı 7.3 faiz proqnozlaşdırır. Hələlik, Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiya hədəfini açıqlamayıb. Prezident İlham Əliyev isə təkrəqəmli inflyasiyanın məqbul olduğunu deyib.

QARŞIDAN NOVRUZ BAYRAMI GƏLİR…

İnflyasiya dərəcəsinin yüksəlməsi son nəticədə yoxsulluq həddinin daha da dərinləşməsinə gətirib çıxarır. Yoxsulluğun ən kəskin sosial problemlərdən biri olan Azərbaycanda da inflyasiya dərəcəsinin yüksəlməsindən əhalinin böyük hissəsi əndişələnir. Bu onların real gəlirlərinə mənfi təsir göstərir. İnflyasiya istehlakçıların real xərclərinin artmasına, yığımların dəyərsizləşməsinə, istehsalçıların rəqabət qabiliyyətinin azalmasına, investisiya iqliminin pisləşməsinə və son nəticədə də, yerli istehsalçıların keyfiyyətli məhsul istehsalına maraqlarının azalmasına gətirib çıxarır.

İqtisadçı-ekspert Natiq Cəfərliyə görə, inflyasiyanın əsas səbəbi məzənnə fərqidir: «Məzənnə dəyişikliyi qiymətlərə təsir edir. Mövsümi səbəblər də var, qış aylarında həmişə qiymətlər daha çox artır. Qarşıdan Novruz bayramı gəlir, düşünürəm ki, qiymət artımı daha da sürətlənəcək».

Ekspert də söyləyir ki, inflyasiyanın artımı əhalinin real gəlirlərini azaldır, kasıblıq həddini artırır.

Ülvi Əmrahsoy
Ülvi Əmrahsoy

«TƏKRƏQƏMLİ İNFLYASİYA GÖZLƏMİRƏM»

Başqa bir ekspert Ülvi Əmrahsoy isə vurğulayır ki, Azərbaycanda yerli istehsal az olduğundan xaricdən gələn mallar manatın məzənnəsinə uyğun bahalaşmaqda davam edəcək. İqtisadçı bu il təkrəqəmli inflyasiya gözləmədiyini qeyd edir. O, inflyasiyanın vətəndaşa mənfi təsir göstərdiyini, belə durumda vətəndaşların gündəlik tələbat mallarının alınmasına daha çox vəsait xərcləməyə məcbur qaldığını söyləyir.

«Bu da öz növbəsində əhalinin gəlirlərinin azalmasına səbəb olacaq. Azalan gəlirlər bütövlükdə iqtisadiyyatı kiçildəcək», – deyə ekspert sözlərinə əlavə edir.

TÖVSİYƏLƏR

İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri hesab edir ki, hökumət əhalinin gəlirlərinin artımına inflyasiyanın mənfi təsirini azaltmaqdan ötrü aşağıdakı tədbirləri görməlidir:

– Qiymətlərin artımının əhalinin istehlak strukturunun dəyişməsinə (həm kəmiyyət və həm da keyfiyyətcə) təsirini nəzərə alaraq, istehlak səbətinin strukturuna yenidən baxmalıdır;

– Yoxsulların həyat səviyyəsinə inflyasiyanın mənfi təsirini düzgün qiymətləndirmək və onu vaxtında reallaşdırmaq məqsədilə yoxsullar üçün inflyasiyanı ayrıca hesablamağa başlamalıdır;

– Effektiv sosial müdafiə sistemi qurmalı, ilk növbədə ünvanlı sosial yardımın ayrılması mexanizmləri təkmilləşdirilməklə yoxsulların bu sistemə giriş baryerlərini dəf etməli və təyinat imkanlarını artırmalıdır;

– Minimum istehlak səbətinin strukturuna, minimum normalara yenidən baxmalı, ümumiyyətlə, yaşayış minimumunun təkcə əməkqabiliyyətli əhali, uşaqlar, əməkqabiliyyətli yaşdan yuxarı əhali üçün deyil, həmçinin daha çox sayda yaş qruplarını əhatələməklə hesablamalıdır;

– Digər müavinətlərin məbləğini yenidən hesablayaraq yaşayış minimumuna uyğunlaşdırmalıdır.

XS
SM
MD
LG