Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:14

Generallar 'Nərmin işi'nə görə məhkəməyə çağırıldı


Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...

Üç il öncə Tovuz rayonunun Dondar Quşçu kəndində 11-yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılması ilə bağlı məhkəmə prosesində generalların dindirilməsi tələb olunur. Söhbət Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi Kamal Qılıcov, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, eləcə də bu cinayət işinin istintaqını aparmış Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyevdən gedir. Bu barədə azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun vəkilləri dekabrın 7-də məhkəmədə vəsatət qaldırıblar.

"Cinayət işinin materiallarından görünür ki, müstəntiq İlkinin telefonunu tədqiq eləmək üçün Arzu Daşdəmirova verir. Birincisi, tədqiqatın nəticəsi yoxdur. İkincisi, Arzu Daşdəmirov telefonla bağlı hansı xüsusi biliklərə malikdir ki, müstəntiq tədqiq üçün İlkinin telefonunu ona təqdim edir?", – vəkil Zabil Qəhrəmanov vəsatətini belə əsaslandırıb.

Məsələ burasındadır ki, azyaşlının ölümündə təqsirləndirilən Süleymanova qarşı sübutlardan biri onun telefonudur. İddia olunur ki, onun telefonunda müxtəlif vaxtlarda Youtube şəbəkəsində cizgi filmlərinə baxış olub. İş materiallarında rəy də var ki, o telefonda intim xarakterli fotolara, videolara da baxılıb. O da aydın oldu ki, sözügedən fotolardan birinə baxışla Süleymanovun müstəntiqə şahid kimi birinci dəfə ifadə verdiyi tarix və saat eynidir. Söhbət 8 yanvar 2020-ci ildən gedir.

"Onun nə marağı vardı bu işdə?"

Süleymanovun vəkilləri də bildirir ki, o, 6 yanvar 2020-ci ildə saat 20:00 radələrində saxlanılıb və o vaxtdan telefonu əlindən alınıb. O vaxtdan da telefonuna müxtəlif formada müdaxilələr edilib. Telefonda müxtəlif sayt və şəbəkələrə daxil olaraq saxta sübutlar yaratmağa cəhd göstərilib. Vəkillərin sözlərinə görə, Süleymanov 8 yanvarda müstəntiq qarşısında ifadə verərkən intim xarakterli videoya baxılması haqda ekspert rəyində yazılanlar da bunu sübut edir.

Qılıcovun dindirilməsi məsələsinə gəlincə, onun adı ilyarımdır ki, bu məhkəmə prosesində hallanır: "Kamal Qılıcov da gəlsin, izah eləsin görək ki, müstəntiqə və İlkin Süleymanova niyə təzyiq edirdi? Onun nə marağı vardı bu işdə? Çünki İlkin Süleymanov özü də, məhkəmədə dindirilən şahidlər də dəfələrlə onun adını çəkiblər".

Vəkillər müstəntiqin isə cinayət işinin materiallarındakı çoxsaylı ziddiyyətlərə aydınlıq gətirməsini istəyiblər.

Fevralda verilmiş rəyi aparıcıya kim deyib?

Müdafiəçilərin qaldırdığı başqa bir məsələ isə "Azad Azərbaycan" telekanalının (ATV) aparıcısı Zaur Baxşəliyevin bu məhkəmə prosesində dindirilməsi idi. Çünki hələ ekspertizanın rəyi bir ay sonra bəlli olacaqdı, amma Baxşəliyev yanmış meyit tapılandan bir gün sonra efirdən səsləndirmişdi ki, baş nahiyəsinə dəmir parçası ilə beş zərbə endirilib, həm də beş gün öncədən öldürülüb.

"Birincisi, rəydə dəmir yox, daşla vurulmadan söhbət gedir. İkincisi, fevralda verilmiş rəyi yanvarın 8-də Zaur Bəxşəliyevə kim demişdi?", - vəkillər vəsatəti belə əsaslandırıb.

Nərminin atası Şərif Quliyev bildirib ki, Zaur Baxşəliyev yanvarın 7-də onunla telefonla əlaqə saxlayıb, məlumatları aparıcıya o verib. Vəkillər isə bununla razılaşmayıb: “Yaxşı, bəs onda sən haradan bilirdin? İkincisi, axı aparıcı sənə istinad eləmir, Patoloji Anatomiya Birliyinə istinad edir".

Lakin məhkəmə Baxşəliyevi çağırıb dindirməyə razılıq verməyib. Generalların çağırılıb dindirilməsi məsələsi isə açıq qalıb.

Bu cinayət işində ekspertiza rəyləri ilə bağlı da xeyli ziddiyyətlər var. Məsələn, meyitin üzərindən tapılmayan paltarla bağlı ekspertlər rəy verib. Həmin paltarların (cins şalvar və s.) ekspertizaya necə gedib çıxması bəlli deyil. Ona görə vəkillər həmin ekspertlərin də çağırılıb dindirilməsini istəyir. Bütün bu məsələlərə dekabrın 21-də keçiriləcək məhkəmə iclasında baxılacaq.

Xatırlatma

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir. Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG