Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 12:06

'Nərmin işi': yanmış meyit tapılmazdan iki gün öncə deyilənlər


Tovuzda itkin düşən qızın meyiti tapıldı
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

Tovuzda itkin düşən qızın meyiti tapıldı

İki il yarım öncə Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın oğurlanıb 47 gün saxlandığı iddia olunan otaqla bağlı məhkəmədə yeni hal üzə çıxıb. Şahid kimi ifadə verən Nicat Eminov deyir ki, həmin dövrdə elə eyni otaqda paltarlarını dəyişsə də, orada nə Nərmini görüb, nə də bir başqasını.

Şahid deyir ki, onun həmin otaqda toya getməkdən ötrü paltar dəyişdiyini təsdiqləyəcək Orxan adlı başqa bir dostu da var. Onun sözlərinə görə, Orxanla birlikdə Bakıdan Tovuza toya gedib.

"Polis rəisi dedi ki, kənddən çıxmaq üçün sənə vaxt verirəm, yoxsa..."

"Özüm Bakıda yaşayıram, anamsa kənddə müəllimədir. Hadisədən əvvəl babam insult keçirdiyindən anam babamgildə qalıb ona qulluq edirdi. Dekabrın 15-də sinif yoldaşımın toyuna görə kəndə getdim. Bakıda yaşayan iki sinif yoldaşım və maşın sahibi Orxanla birlikdə getmişik. Orxan iki gün mənimlə birlikdə babamgildə qalıb", - Eminov iyunun 7-də məhkəmədə dindirilərkən belə deyib.

O, azyaşlını oğurlayıb, ayyarım saxladıqdan sonra öldürməkdə, meyiti isə yandırmaqda suçlanan İlkin Süleymanovun bacısı oğludur. Dindirilərkən onu da bildirib ki, dayısının həbsindən sonra hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları gəlib babası və başqa qohumlarıyla kobud davranıblar. Buna səssiz qalmadığından Tovuz rayon Polis Şöbəsinin ovaxtkı rəisi Şirzad Əsgərov onu hədələyib: "Şirzad Əsgərov məni hədələdi ki, səni də basaram dayının yanına, heç kim də çıxara bilməz. Dedim, elədiyinizi eləmisiz, bundan sonra da nə istəyirsiz, eləyin. Dedi ki, sənə vaxt verirəm kənddən çıxmağa, yoxsa dayının yanına gedəcəksən. Bəhruz dayım məni yola gətirdi ki, gedim. Şirzad yanıma iki polis qoşdu, onlar məni gətirib avtobusa mindirdilər. Sürücünün nömrəsini götürüb ona tez-tez zəng edirdilər ki, mənimlə bağlı məlumat alsınlar".

Təzə paltarda Nərminə aid lif necə tapılıb?

Bu cinayət işində bir sıra ekspert rəyi var. Onlardan biri də təqsirləndirilən Süleymanovun isti alt paltarları ilə bağlıdır. İddia olunur ki, həmin paltarın üzərində Nərminin paltarına uyğun lif tapılıb.

Qardaşı Bəhruz Süleymanov bunun mümkün olmadığını deyir, çünki həmin alt paltarını qardaşı saxlanılandan sonra bazardan alıb və aparıb Tovuz rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verib: "Post-patrul bölüyünün komandiri Vüqar zəng elədi mənə, nömrəsi də qalır. Sonra özü də evimizə gəldi. Dedi ki, paltar gətir İlkinə. İlkini yanvarın 6-da saxlamışdılar, həmin gecə atamın gödəkcəsini aparıb vermişdim. Yanvarın 8-də bazardan isti alt paltarını aldım, gəldim, evdən yemək də bişirdilər, götürdüm, aparıb şöbəyə verdim".

Tovuz rayonundakı mərkəzi bazarda kişi corabları, alt paltarları satan Müslüm Əliyev də Bəhruz Süleymanovun söylədiklərini təsdiqləyib. İyunun 7-də məhkəmədə dindirilən Əliyev deyir ki, məhz yanvarın 8-də Bəhruz Süleymanovun gəlib ondan isti alt paltarı aldığı yadındadır: "Dedi ki, İlkin üçün alır. Hətta qutudan açıb ölçüsünə baxdıq ki, İlkinə uyğun olsun. Tünd göy rəngli isti paltar idi. Mən də həmin kənddən olduğuma görə İlkini tanıyıram".

"Uşaq itkin olanda bizim evdə də axtarış aparılmayıb"

Dondar Quşçu kənd sakini Ürfət Əliyev yanmış meyit tapılmazdan iki gün öncə Nərminin əmisinin ona dediklərini məhkəmədə açıqlayıb. Şahidin sözlərinə görə, Arif Quliyev (uşaq sonuncu dəfə evdən çıxanda bu əmisigilə gödəkcə aparıb-red.) onun evinə gəlib: "Məni çağırdı, çıxdım. Dedi ki, "birdən gecə Nərminin paltarını, ayaqqabısını, özünü gətirib atarlar qapına, ayıq-sayıq ol, qonşuyuq, düşmən eləyərlər bizi". Düzü, bilmirəm, bunu niyə deyirdi. Mən də dedim ki, "yaxşı"...".

Bu olayla bağlı ən çox dartışılan məqamlardan biri – polisin Nərmin itkin olduğu dövrdə kənddəki evlərdə axtarış aparıb-aparmamasıdır. Zərərçəkmiş tərəf iddia edir ki, kənddəki bütün evlərdə axtarış aparılıb, yalnız İlkin Süleymanov və onların divar qonşusu olan əmisigildən başqa. Səbəb də budur ki, həmin dövrdə əmisi oğlu Murad Süleymanov post-patrul bölüyündə serjant idi.

Ancaq məhkəmədə dindirilən kənd sakinlərinin çoxu uşaq itkin olduğu dövrdə onların evində axtarış aparılmadığını deyir. Ürfət Əliyev də eyni fikri səsləndirib: "Nərmin itən vaxtlarda bizdə axtarış olmayıb. Yanmış meyit tapılandan iki gün sonra evi axtarıblar".

Bu şahid vurğulayıb ki, o, 2020-ci il aprelin 6-da - kənddə yanmış meyit tapılan gün İlkin Süleymanovu Gəncəyə yas mərasiminə aparıb.

Xatırlatma

2009-cu il doğumlu Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.

Baş Prokurorluq İlkin Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

İlkin Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG