Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Prezident: 'Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil'


İ.Əliyev
İ.Əliyev

«Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr edib».

AZƏRTAC-ın xəbərinə görə, bunu prezident İlham Əliyev mayın 10-da keçmiş prezident Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə bağlı keçirilən tədbirdə söyləyib.

İ.Əliyev deyib ki, H.Əliyev bütün dövrlərdə xalqın dəstəyi ilə Azərbaycanı inamla irəliyə aparıb. Onun deməsinə görə, H.Əliyev 1969-cu ildə rəhbər seçilənə qədər Azərbaycan sovet məkanında ən geridə qalmış respublikalardan biri olub: «Əgər sovet dövründə - 1980-ci illərdə iki donor respublika var idisə, onlardan biri Azərbaycan idi. Azərbaycan ümumittifaq xəzinəsinə daha çox vəsait verirdi, nəinki alırdı».

***Buna da bax-İlham Əliyev: 'Heydər Əliyev hakimiyyətdə olsaydı...'

Prezident əvvəlki çıxışlarında olduğu kimi, bu dəfə də Azərbaycanda 1992-93-cü illərdə hakimiyyətdə olan siyasi qüvvələri tənqid edib. Dövlət başçısı onları hakimiyyəti zəbt etməkdə ittiham edib: «Ovaxtkı AXC-Müsavat hakimiyyəti xalqın ümidlərini doğrulda bilmədi, öz yarıtmaz, xəyanətkar siyasəti ilə Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə böyük zərbələr vurdu və demək olar ki, ölkəni idarəolunmaz vəziyyətə gətirdi».

Dövlət başçısı deyib ki, 1993-cü ildə H.Əliyev hakimiyyətə gələndən sonra ölkədə vəziyyət inkişafa doğru dəyişib. İ.Əliyev deyib ki, bununla ölkədə sabitlik, inkişaf və təhlükəsizlik təmin olunub.

***Buna da bax-Prezident: 'AXC-Müsavat çevriliş etdi, torpaqlarımızı itirdik'

Dövlət başçısı daha sonra deyib: «Biz son 15 il ərzində milli dəyərlərimizlə bağlı çox ciddi siyasət aparırıq. Çox şadam ki, bu gün gənc nəsil milli ruhda tərbiyə olunur və milli ləyaqət hissləri güclənir. Müstəqillik ən böyük sərvət kimi cəmiyyət tərəfindən qəbul edilir və dəstəklənir».

İ.Əliyev çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub: «Münaqişənin digər həlli yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaq».

Xatırlatma

1992-1993-cü illər hakimiyyətdə olan şəxslər isə onlara aid tənqidləri qəbul etmirlər. Həmin şəxslər bildirir ki, cəmi birillik hakimiyyətləri dövründə Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasına nail olublar. Tələbə qəbulunda test üsulunu tətbiq ediblər, bununla qəbulda rüşvətxorluğa böyük zərbə vurublar.

***Buna da bax-Əliyevin 'anti-milli, satqın ünsürlər' sözlərinə reaksiyalar [video]

Onların demələrinə görə, həmin il ölkənin iqtisadi inkişafında da ciddi irəliləyişlər əldə edilib və bunlar rəsmi rəqəmlərdə də öz əksini tapıb.

Üstəlik, indi müxalifətdə olan həmin qüvvələr hesab edirlər ki, mövcud hakimiyyət ölkəyə gələn böyük neft pullarını «korrupsiyanın yeminə» çevirib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.1994-cü ildə imzalanan atəşkəs müqaviləsinə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minski qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG