Keçid linkləri

2026, 08 Yanvar, Cümə axşamı, Bakı vaxtı 16:37

Prezident: 'Qarabağdakı idarəetmə modeli bütövlükdə ölkəyə tətbiq edilə bilər'


Prezidenti İlham Əliyev yerli televiziya kanallarına danışıb
Prezidenti İlham Əliyev yerli televiziya kanallarına danışıb

"Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər. Bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur. Hər halda azad edilmiş ərazilərdə özünü doğruldub, yəni gələcək göstərər".

AZƏRTAC-ın xəbərinə görə, bu fikri prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

2021-ci ildən etibarən prezident işğaldan azad olunan rayonlarda özünün xüsusi nümayəndəsini təyin etməyə başlayıb. Sonradan bu təyinat Naxçıvan Muxtar Respublikasında da təkrarlanıb.

Müxalifətdə isə hesab edirlər ki, bələdiyyələrin statusları artırılmalı, iri şəhərlərdə mer seçkiləri keçirilməlidir. Eyni zamanda, vurğulayırlar ki, bu addımların uğur gətirməsi üçün seçkilər azad və ədalətli olmalıdır.

Prezident Çinlə bağlı: 'Bu əməkdaşlığın bir hissəsi hərbi paradda nümayiş etdirilib'

"Azərbaycan ilə Çin arasında bir il ərzində strateji, sonra isə hərtərəfli strateji tərəfdaşlıq haqqında iki sənədin imzalanması ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib".

İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin 4 milyard dolları keçdiyini vurğulayan Əliyev Çin şirkətlərinin Azərbaycanda bərpaolunan enerji, nəqliyyat və digər sahələrə fəal şəkildə investisiyalar qoymağa başladığını bildirib.

Azərbaycanın bu regionda Çin üçün prioritet tərəfdaş olduğunu deyən dövlət başçısı siyasi razılaşmalar çərçivəsində hərbi-texniki əməkdaşlığa başlandığını qeyd edib: "Bu əməkdaşlığın bir hissəsi hərbi paradda nümayiş etdirilib (Noyabrın 8-də Bakıda Zəfər paradı keçirilib), amma bu, yalnız başlanğıcdır. Biz bu halda böyük qarşılıqlı maraq görürük. Bundan əlavə, hərbi texnikanın əldə olunması ilə kifayətlənməyərək biz müştərək müəssisələrin yaradılması üzərində işləyirik və bu sahədə işlər artıq başlayıb".

Xatırlatma

Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşma müşahidə edilir. 2024-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Ötən il isə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında sənəd imzalanıb. Habelə Azərbaycan və Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında saziş qüvvəyə minib.

Çin Azərbaycanın idxalında birinci yeri tutur. Eyni zamanda, Azərbaycan Çinin əsas rol oynadığı bir sıra beynəlxalq qurumlarla əməkdaşlığı da gücləndirib. Amma Azərbaycan müxalifəti hesab edir ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri inkişaf etdirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirmək lazımdır.

"Kiminsə naminə azərbaycanlıların həyatını riskə atmaq niyyətində deyilik"

Prezident Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirakı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, bu məsələdə kimin mandat verəcəyi və onun necə olacağı indiyədək aydın deyil: "Bu, sülhməramlı əməliyyatlar, yaxud sülhün bərqərar olması - ingiliscə deyildiyi kimi, "peacekeeping" və ya "peace enforcement" olacaq. Bunlar iki ayrı-ayrı məfhumlardır. Təbii ki, biz ikinciyə hazır deyilik və hətta heç vaxt öz iştirakımızı nəzərdə tutmamışıq".

"Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur", - deyən prezident bildirib ki, onlar kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyillər. "Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi…", - Əliyev əlavə edib.

Xatırlatma

ABŞ prezidenti Donald Tramp Qəzzada sülhlə bağlı 20-bəndlik plan təklif edib. Planda ərəb və digər tərəfdaşlarla birlikdə müvəqqəti sabitləşdirici qüvvənin yaradılması da var. BMT-nin Təhlükəsizlik Şurası ötən ilin noyabrında bu qüvvənin yaradılması üçün qətnaməni təsdiqləyib.

Danışıqlardan agah mənbələr "Middle East Eye" (MEE) nəşrinə deyiblər ki, İsrailin Qəzzada Türkiyə hərbçilərini görmək istəməməsi Azərbaycan, Pakistan, Səudiyyə Ərəbistanı və İndoneziya kimi tərəfdaşları çəkindirib.

Oktyabrın 13-də Misirdəki sülh sammitinə Azərbaycan prezidenti İlham Əliyev də qatılıb.

ABŞ və müttəfiqlərinin terror təşkilatı kimi tanıdığı HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumu ilə Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib.

Azərbaycan da, BMT kimi, Fələstin böhranının "iki dövlət" prinsipi il çözülməsinə tərəfdardır.

XS
SM
MD
LG