Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Xarici media: ‘İlham Əliyevi təbrik etməyin’


İ.Əliyev səs verir
İ.Əliyev səs verir

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkisini bir sıra xarici media orqanları işıqlandırıb.

Qeyd edək ki, ötən gecə Mərkəzi Seçki Komissiyası İlham Əliyevin 86 faizlə öndə getdiyini bildirib.

***Buna da bax: Məzahir Pənahov: İlham Əliyev 86 faizlə liderdir

“Frans Pres” agentliyi yazır ki, son illər dövlət büdcəsinə axan neft pulları Əliyevin mövqeyini möhkəmləndirib.

“ƏLİYEVƏ ALTERNATİV YOXDUR”

Müxalifət təmsilçiləri Azərbaycanda bütün seçkilərin saxtalaşdırıldığını, kobud pozuntularla keçdiyini bildirsə də, hakimiyyət təmsilçiləri bu iddiaları rədd edir, 11 aprel səsverməsinin də azad və ədalətli olduğunu bildirir.

38 yaşlı məktəb müəlliməsi Elmira Balayeva agentiyə Əliyevə səs verdiyini, onu ölkəni iqtisadi rifaha və siyasi sabitliyə aparmağa qadir yeganə namizəd kimi gördüyünü deyib.

“Əliyevə alternativ yoxdur. Onun sayəsində Azərbaycan güclü iqtisadiyyatı olan sabit ölkəyə çevrilib”, – o, sözlərinə əlavə edib.

“The Associated Press” agentliyi isə yazır ki, İlham Əliyev atasının yoluyla gedərək özünü sabitliyin qarantı kimi təqdim edib. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonrakı xaos və çaxnaşmanın hələ də xatirələrdən silinmədiyi ölkədə bu, çox şeyi ehtiva edir. Agentlik Azərbaycan hökumətinin insan haqları pozuntuları, narazıları susdurmağa çalışmasına görə Qərbin tənqidiylə üzləşdiyini də vurğulayır.

***Buna da bax: “The Washington Post”: Ilham Əliyev pop ulduzları seçir

“Amerikanın Səsi” İlham Əliyevin hakimiyyətini möhkəmləndirmək məqsədiylə konstitusiyanı iki dəfə dəyişdirdiyini qeyd edir.

“SEÇKİ MƏZHƏKƏSİ”

“Azərbaycanda seçki bir məzhəkədir”. Bu başlıqlı məqalə isə “Foreign Policy” dərgisində yer alıb. Müəlliflər Richard Kauzlarich və David J. Kramer yazırlar ki, Birləşmiş Ştatlar İlham Əliyevin korrupsioner rejimiylə barışmamalı, onu pisləməlidir.

Müəlliflər Azərbaycandakı səsverməni bu günlərdə Rusiya və Misirdəki prezident seçkiləri ilə müqayisə edirlər, həmin proseslərin heç birinin Qərb liderlərini təbrikinə layiq olmadığını, eyni prosesin Azərbaycanda da baş verdiyini vurğulayırlar.

Qərbin başı Putin Rusiyasına qarışdığından Əliyevin Azərbaycanı yaddan çıxıb, amma onun rejimi regiondakı ən korrupsioner və avtoritar rejimlərdən biridir”, – məqalədə deyilir. Müəlliflər Birləşmiş Ştatlarda həm respublikaçıların, həm demokratların hakimiyyəti dövründə Əliyevin pozuntularla yaxasını kənara çəkə bildiyini, Trump administrasiyasının ötən dekabrda tətbiq etməyə başladığı Qlobal Magnitsky Aktı çərçivəsində sanksiyalardan da canını qurtardığını yazırlar. Məqalədə qeyd olunur ki, Birləşmiş Ştatlar və Qərb ölkələri Əliyevlə əməkdaşlığa getməklə ölkənin demokratik inkişafına ümidləri məhv edir.

***Buna da bax: Freedom House-un hesabatına deputatın reaksiyası: 'Keçiddə atları dəyişməzlər'

ABŞ hökuməti anlamalıdır ki, Əliyevə və rejiminə yol açmaq Azərbaycandakı siyasi və sosial durumu daha da pisləşdirib. Bu utancverici seçkinin nəticələri açıqlanınca Vaşinqtondan, digər Qərb ölkələrindən bircə nəfər də Əliyevə zəng edib onu 'qələbəsi' münasibətilə təbrik etməməlidir”, – müəlliflər yazırlar.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti insan haqları pozuntularıyla bağlı deyilənləri qəbul etmirlər, xarici medianın, beynəlxalq insan haqları təşkilatlarının tənqidlərini isə “qarayaxma kampaniyası” adlandıraraq rədd edirlər.

XS
SM
MD
LG