Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 14:52

Freedom House-un hesabatına deputatın reaksiyası: 'Keçiddə atları dəyişməzlər'


İ.Əliyev və M.Əliyeva prezident seçkisində səs verirlər. 11 aprel 2018

«Çox acınacaqlı haldır ki, Azərbaycan siyasi məhbusların sayına, korrupsiya qalmaqallarında adının hallanmasına görə lider ölkələr sırasındadır. Bu səbəbdən də beynəlxalq hesabatlarda, demokratiya indeksində həmişə son yerlərdən birini tutur», – müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı «Freedom House» təşkilatının «Keçid ölkələri» adlı illik hesabatını şərh edərkən bildirir. Dəyərləndirmədə ən demokratik ölkələr 1, ən qeyri-demokratik olanlar isə 7 bal yığıb. Azərbaycan 6.93 bal toplaya bilib.

Hesabatda deyilir ki, ötən il Azərbaycanda avtoritarizm daha da möhkəmlənib, dövlət aparatı ifadə azadlığını məhdudlaşdırmaq, tənqidçiləri susdurmaq, siyasi məqsədlə azlıqlara təzyiqləri artırmaq yönündə «misli görünməmiş» addımlar atıb.

«Prezident İlham Əliyev ailəsinin dövlətə nəzarətini daha da gücləndirib, həyat yoldaşı Mehriban Əliyevanı Birinci vitse-prezident təyin etməklə onu hakimiyyət sıralamasında birinci yerə gətirib», – hesabatda qeyd olunur.

«Ən obyektiv», ya «ən qərəzli» təşkilat davası

Azərbaycan hakimiyyəti hər zaman adıçəkilən qurumu qərəzli olmaqda suçlayır. Hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi Məlahət İbrahimqızı da istisna deyil. O da «Freedom House»u Azərbaycana qara yaxmaqda, qərəzli mövqe nümayiş etdirməkdə suçlayır.

A.Hacılı
A.Hacılı

Hərçənd, A.Hacılı əksini düşünür, o, sözügedən qurumu «dünyanın proseslərə ən düzgün qiymət verən, ən obyektiv təşkilatlarından biri» kimi təqdim edir və Azərbaycandakı durumu da obyektiv dəyərləndirdiyini vurğulayır.

Müsavat Partiyası başqanının sözlərinə görə, əslində, Azərbaycandakı durumu müəyyənləşdirmək üçün «Freedom House»un hesabatına ehtiyac yoxdur: «Bu hesabat Azərbaycan hakimiyyətinin, dünya birliyinin diqqətinə çatdırmaq üçün vacibdir. Durumu biz özümüz görürük, bilirik. Təəssüf ki, ölkədə proseslər demokratiyanın inkişafı istiqamətində deyil, tam sürətlə əks istiqamətdə gedir».

«Bu hesabatda səslənən fikirlər Azərbaycan reallığından tamam uzaqdır, ona görə də deyilənləri birmənalı şəkildə rədd edirəm», – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev hesabat haqda danışarkən deyir. Onun fikrincə, bu gün Azərbaycanda «güclü, sabit dövlət» qurulub, ona görə də ona qarşı qarayaxma kampaniyası aparılır.

M.İbrahimqızı
M.İbrahimqızı

YAP-dan cavab: «... bəs niyə Hillari Klinton da prezidentliyə namizədliyini verdi?»

O ki qaldı hesabatda ailə hakimiyyətinin möhkəmlənməsi haqda deyilənlərə, M.İbrahimqızı hesab edir ki, bu ənənə «demokratiyanın beşiyi» sayılan Amerikadan bütün dünyaya yayılıb:

««Freedom House» gedib Amerikadan da bir hesabat hazırlayaydı – Bill Klinton prezident oldu, bəs niyə (xanımı) Hillari Klinton da onun prezidentliyi dövründə senator idi, ya qubernator idi və ya sonradan prezidentliyə namizədliyini verdi? Elə birinci bu nümunə Amerikadan gəlib. Azərbaycanda bir şəxsin prezident seçilməsi ilə bağlı limit götürüləndə də mən demişdim ki, ABŞ-da bir nəfər iki dəfədən artıq prezident seçilə bilməz, ancaq Ruzvelt dörd dəfə seçildi. Amerika demokratiya beşiyidirsə, niyə Ruzveltə bu imkan yaradıldı? Özü də xəstəydi. Bəli, o vaxt bu, zərurətdən doğmuşdu. İkinci Dünya müharibəsi təzəcə bitmişdi, təhlükələr vardı. Ona görə də xalq onu seçdi».

Deputat bu gün Azərbaycanda böyük neft-qaz, nəqliyyat layihələrinin gerçəkləşdirildiyini, ancaq Qarabağ kimi dərdi olduğunu da qeyd edir. Bu durumda isə deputat hakimiyyətdə uzun zaman bir nəfərin qalmasını belə əsaslandırır: «Azərbaycanda qədim misalda deyilir: «Keçiddə atları dəyişməzlər»».

A.Hacılı isə YAP-çı deputatın müqayisəsini yanlış sayır. O, H.Klinton-un azad, ədalətli seçki nəticəsində seçicilər tərəfindən senator seçildiyini, sonrakı mərhələdə də təyinat vasitəsilə yox, məhz seçki vasitəsilə prezidentliyə namizədliyinin verildiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG