Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 05:02

'İlham Əliyev 'Azərbaycan Rusiyaya sığınır' fikrini alt-üst etdi' – Şərh


Azər Rəşidoğlu

«Azərbaycana qarşı Qərb mətbuatının yazdıqları, beynəlxalq təzyiqlər Mehman Əliyevin həbsi və ya hansısa məhbusun taleyi ilə bağlı deyil. Qərb əmin olmaq istəyirdi ki, Azərbaycan enerji daşıyıcısı kimi onun perspektivinə təhlükə kəsb etmir», – siyasi şərhçi Azər Rəşidoğlu belə deyir.

AzadlıqRadiosu onunla müsahibəni təqdim edir.

Azər Rəşidoğlu: «İlham Əliyev dördüncü dəfə öz namizədliyini irəli sürəcək»
Gözlə

No media source currently available

0:00 0:10:28 0:00
Direct-ə keçid

- Azər bəy, «Turan» İnformasiya Agentliyinə qoyulan sanksiyalar əvvəlcə ləğv edildi, az sonra da bərpa olundu. Nə baş verir, sizcə? Mehman Əliyev yenidən həbs edilə bilərmi?

- Maraqlı hadisədir hər halda. Mehman Əliyevin həbsindən sonra «Turan»ın bank hesablarına həbs götürüldü, sanksiyalar tam aradan qaldırıldı. İlham Əliyev ölkədən kənarda olarkən, o, Amerika Birləşmiş Ştatlarına səfər edərkən isə bu hadisələr baş verdi. Eyni zamanda, şeyxülislama qarşı, homoseksuallara hücumlar başladı və s. Sanki kimlərsə Azərbaycanda hər sahədə insan haqlarının, Avropa dəyərlərinin pozulduğunu qabartmaq istəyirlər.

- Bunun arxasında kimlər dura bilər?

- Mehman Əliyev özü də demişdi ki, həbsi hakimiyyət daxilindəki rusiyameylli qüvvələrin sifarişi əsasında baş verib. Görünür, yeni neft müqaviləsinin imzalanmasından sonra İlham Əliyevin ABŞ-a səfəri hakimiyyətdəki rusiyameylli qüvvələrin maraqlarına cavab vermir və buna görə də vəziyyəti gərginləşdirmək istəyirlər. Amma güman edirəm ki, «Turan»la bağlı məsələni həll etmək olar. Bir müddət sonra sanksiyaların yenidən qaldırılması istisna olunmur. Bunu hansı şəkildə edəcəklər, söyləmək çətindir, «texniki qüsur» və ya «anlaşılmazlıq» da adlandıra bilərlər. İstənilən halda, mən Mehman Əliyevin yenidən həbs ediləcəyinə bir o qədər də inanmıram. Burda bir məsələ də var - hakimiyyət indiki ikitirəliyə uzun müddət göz yuma bilməz. Təxminən eyni gücə malik iki qrupun bir-biriylə amansız savaşında qüvvələrdən biri o birinə qalib gəlməlidir. Bu savaşın konturları məhz «Turan»a, eləcə də siyasi məhbuslara münasibətdə özünü açıq şəkildə göstərir. Artıq indidən 2018-ci il prezident seçkilərinə hazırlıq gedir və seçkilərdə kimin iştirak edəcəyi sualı meydana çıxır.

- Yeni prezidentliyə namizəd kim ola bilər?

- Mənim ehtimalıma görə, hakimiyyət namizədini dəyişməyəcək və İlham Əliyev dördüncü dəfə öz namizədliyini irəli sürəcək. Sadəcə, seçkilərdən sonra ikinci hakim ailənin mövqeyi daha da güclənə bilər və bu da əlbəttə, Naxçıvan klanının maraqlarına cavab vermir, buna görə də indidən qabaqlayıcı tədbirlər görürlər. İstisna etmirəm ki, ilin sonuna qədər və ya seçkilərə kimi Avropa Şurasının, başqa Avropa qurumlarının təkidlə azadlığa çıxmasını istədiyi, siyahıdakı siyasi məhbusların çox önəmli hissəsi azad ediləcək. Ancaq bu o demək deyil ki, siyasi məhbus problemi tam həll olunacaq, Azərbaycanda yeni siyasi məhbus siyahısının yaranacağı da mümkündür.

- Prezidentin ABŞ səfərindən nə gözləmək olar?

- İlham Əliyev neft müqavilələrinin vaxtını 2050-ci ilə qədər uzatmaqla «Azərbaycan Rusiyaya sığınır» fikrini alt-üst etdi. Azərbaycan hakimiyyəti də gözəl başa düşür ki, onların şəxsi və siyasi maraqları Qərblə əməkdaşlıqdan asılıdır. O baxımdan Azərbaycan istəsə də, istəməsə də Qərbə inteqrasiyada maraqlıdır və İlham Əliyev yəqin bu səfərdən sonra, bəlkə də elə səfər çərçivəsində Qərbə inteqrasiya xəttinə sadiq qaldığını bəyan edəcək. Ancaq burda bir məqama da diqqət yetirmək lazımdır - 2018-ci ilin martında Rusiyada prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə böyük ehtimalla Vladimir Putin yenidən iştirak edəcək və zəfər qazanacaq. Bu baxımdan, rəsmi Bakının Qərblə Rusiya, İsraillə İran arasında balans siyasəti davam edəcək və 2003-cü ildən bu yana aparılan siyasətdə kəskin dönüşlər baş verməyəcək. Sadəcə, bu aralıq müddətdə hansısa nüfuzlu məmurun vəzifədən getməsi, hətta həbsi, eləcə də müxalifət liderlərindən kiminsə tutulması mümkündür. Həbsdəki siyasi fəalların azadlığa çıxması da mümkündür. Amma bütünlükdə nə daxili, nə də xarici siyasətdə kəskin dönüşlərin, dəyişikliklərin olacağını gözləyirəm.

Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

- Azər bəy, son günlər beynəlxalq qurumlardan, eləcə də dünya mediasında Azərbaycanın ünvanına tənqidlər, çağırışlar eşidilməkdədir. Payızda AŞPA-da Azərbaycanla bağlı müzakirələr gözlənilir, korrupsiya qalmaqalı araşdırılmaqdadır. Azərbaycan üzləşdiyi bu durumdan necə çıxacaq, davamlı xarakter alan tənqidləri susdura biləcəkmi?

- Azərbaycana qarşı Qərb mətbuatının yazdıqları, beynəlxalq təzyiqlər Mehman Əliyevin həbsi və ya hansısa məhbusun taleyi ilə bağlı deyil. Qərb əmin olmaq istəyirdi ki, Azərbaycan enerji daşıyıcısı kimi onun perspektivinə təhlükə kəsb etmir. Yeni imzalanmış neft müqaviləsi də onu deməyə əsas verir ki, Qərbin, xüsusən də ABŞ-ın neft maraqlarına toxunulmayacaq. Neft maraqları olan yerdəsə demokratiya, insan haqları prioritet təşkil etmir. Azərbaycan enerji layihələri ilə bağlı fərqli mövqe nümayiş etdirərsə, həmin təzyiqlər yenidən gündəmə gələcək və demokratiya dəyənəyi işə düşəcək. Nə qədər ki Bakı enerjidaşıyıcılar məsələsində, Yaxın Şərqdə baş verənlərə baxışlarda Qərbə sadiqlik sərgiləyəcək, Azərbaycan hakimiyyətinin küncə sıxışdırılacağını gözləmirəm. Təbii ki, insan haqları, demokratiya, söz azadlığı ilə bağlı təzyiqlər olacaq, amma bunların hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq qədər qabardılacağını gözləmirəm.

- Bəs hakim komanda özü hakimiyyət dəyişikliyinə cəhdin imitasiyasını edə bilərmi? Siz bir qədər öncə bəzi məmurların vəzifədən götürülmə və hətta həbs ehtimalından danışdınız.

- Dövlət başçısı rusiyalı jurnalist Solovyov-a müsahibəsində də demişdi ki, o, Birinci vitse-prezident postunu yaratmaqla faktiki hakimiyyətini qorumuş oldu. Yəni hakimiyyətdən kimlərsə gedə və ya azadlıqdan məhrum oluna bilər. Ancaq bu, Əliyev hakimiyyətinə çox ciddi təhlükə yarada bilməz. Əgər hakimiyyət üçün vəziyyət son dərəcə kritik olarsa, – düzdür, mən bunu gözləmirəm və təhlillər də belə deməyə əsas vermir – bu halda Mehriban Əliyevanın namizədliyi irəli sürüləcək. Amma situasiyada köklü dəyişiklik olacağına inanmıram, İlham Əliyevin dördüncü dəfə prezident seçiləcəyini, Qərbin, Rusiyanın bunu dəstəkləyəcəyini indidən proqnozlaşdırmaq mümkündür. İctimai rəy ölüb, müxalifət ənənəvi və şablon şüarlarla çıxış edir, taktiki və strateji düşüncə yoxdur. Zaman-zaman icazəli və ya icazəsiz azsaylı mitinqlər keçirməklə situasiyanı dəyişmək olmaz. Hazırkı vəziyyətdə iqtisadi və siyasi idarəetməylə bağlı fərqli baxış nümayiş etdirmək üçün çox ciddi fikir mübadiləsinə, proqramların hazırlanmasına ehtiyac var. Populist şüarların dövrü artıq keçib və ənənəvi şüarlarla kardinal dəyişiklik baş verəcəyini gözləmirəm. Məsələ ondadır ki, Azərbaycanda siyasi sistemin özü böhran içindədir və müxalifət də, mətbuat da bu siyasi sistemin tərkib hissəsidir. Ona görə də istər hakimiyyət, istər müxalifət, istərsə də vətəndaş cəmiyyəti siyasi sistem kimi böhrana uğrayıb, belə vəziyyətdə dəyişiklikdən danışmaq sadəlövhlük olardı.

İ.Əliyev və M.Əliyeva
İ.Əliyev və M.Əliyeva

- Bu durumda üçüncü qüvvənin meydana çıxması nə qədər realdır?

- Üçüncü qüvvənin meydana çıxması üçün ciddi resurslar, xüsusən də maliyyə resursları lazımdır. Azərbaycan hakimiyyəti də ancaq ətrafındakı məmur oliqarxlara pul qazanmağa imkan yaradır. Onlar da cızıqlarından çıxan kimi dərhal cəzalandırılır və pulları əllərindən alınır. Xarici dəstək olmayacaqsa, Saakashvili, Poroshenko inqilabından danışmaq yersizdir. Azərbaycanın coğrafiyası elədir ki, hakimiyyət bundan bəhrələnə bilir. Düşünürəm ki, ölkədə tamamilə yeni baxışlar formalaşmalıdır, həm hakimiyyət öz xaotik idarəetməsini dəyişməlidir, həm də müxalifət şablon, naftalin iyi verən taktikasını. Əks halda Azərbaycan insanı acınacaqlı uzun illər yaşayacaq.

- Dediniz ki, hakimiyyətdən kimlərsə uzaqlaşdırıla bilər. Onların üçüncü qüvvəyə çevrilmə ehtimalı nə qədərdir?

- Onların canı hakimiyyətin verdiyi qərardan asılıdır. Maliyyə nəzarəti ölkənin birinci şəxsinin əlindədir. Hakimiyyətdən uzaqlaşdırılan şəxslər, onların təbirincə desək, cızıqlarından çıxmaq istəsələr, həbs ediləcəklər və əmlaklarına əl qoyulacaq. Onlar milyonlarını yalnız siyasi prosesə qarışmayacaqları, müxalifətə, ictimai fəallara dəstək verməyəcəkləri halda xərcləyə bilərlər. Avtoritar ölkələrdə bunu etmək elə də çətin deyil. Ona görə vurğulayıram ki, xarici dəstək olmayacağı, ölkə içində yeni paradiqmaların, yeni baxışların formalaşmayacağı halda dəyişikliyə ümid bəsləmək imkansızdır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG