Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. Azərbaycan prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev təklif edib ki, Mərkəzi Asiyanın nəqliyyat və tranzit haqqında sazişlər hazırlaması, Çin, Cənubi Asiya və Yaxın Şərq ölkələrinə, Avropa İttifaqına nəqliyyat dəhlizlərinin mexanizmlərinin yaradılması ilə bağlı birgə işlərə Azərbaycan da fəal qoşulsun.
Bakı-Tbilisi-Qars dəmir yolu müasirləşdirilir
Prezident Əliyev öz çıxışında bildirib ki, nəqliyyat və logistika sahəsi Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə mühüm yer tutur: "Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. "Şərq-Qərb" marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir".
Onun sözlərinə görə, daha böyük həcmdə tranzit yüklərin cəlbi üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir.
Əliyev bildirib ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi üç dəfədən çox, bu ilin yeddi ayı ərzində isə daha 50 faiz artıb: "Birgə sərmayə fondları yaradılıb, növbəti üç il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb".
Xatırlatma
Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsünü 2017-ci ildə Özbəkistan prezidenti Mirziyoyev irəli sürülüb. İlk görüş Qazaxıstanda keçirilib.
Beşinci görüş isə Tacikistanda baş tutur. Azərbaycan prezidenti ilk dəfədir ki, bu görüşə qatılır.