Keçid linkləri

2026, 06 Mart, Cümə, Bakı vaxtı 02:14

Prezident Əliyev: 'Silahlı Qüvvələrimiz... bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib'

İlham Əliyev
İlham Əliyev

"Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir". AZƏRTAC-ın xəbərinə görə, bunu martın 5-də prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.

O vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salıb: "Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər...".

"Bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir", - o əlavə edib.

Prezident deyib ki, Azərbaycan tərəfinə İran rəsmiləri izahat verməlidir, üzr istənilməlidir və bu hücumu törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir: "Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir".

Əliyev 2023-cü il yanvarın 27-də Azərbaycan səfirliyinə silahlı hücumu yada salıb. Onda səfirliyin bir əməkdaşı ölmüş, ikisi isə yaralanmışdı: "Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat "Kalaşnikov"la, "Molotov kokteyli" və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir".

Amma onda İran rəsmiləri bu işdə rəsmi qurumların əlinin olmasını təkzib etmişdi.

"Gücümüzü sınamasınlar..."

Prezident əlavə edib ki, onlar Azərbaycana qarşı törədilmiş bu "əsassız terror aktı, təcavüz" ilə barışmayacaqlar: "Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin. Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdi ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bugünə qədər imkan verməmişik".

Əliyevin sözlərinə görə, Azərbaycan heç vaxt İrana qarşı olan əməliyyatlarda iştirak etməyib və etməyəcək: "...Bizim gücümüzü sınamasınlar... Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilib. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi".

Prezident əlavə edib ki, diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək: "Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər".

Xatırlatma

Bu gün, martın 5-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası dron hücumuna məruz qalıb.
Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, mülkü strukturlar, o cümlədən Naxçıvan şəhər aeroportuna ziyan dəyib. Dörd nəfərin xəsarət aldığı hadisə ilə bağlı Baş Prokurorluqda cinayət işi açılıb.

Amma İran Silahlı qüvvələri Azərbaycanın dronlarla hədəfə alınması xəbərlərini təkzib edib.

XS
SM
MD
LG