Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:14

Dairəvi dəmir yolu - 'əllinci məsələ'?


Elektrik qatarı
Elektrik qatarı

Bu il Bakıda şəhərətrafı dairəvi dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev «Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda belə deyib.

«Bu da şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün çox önəmli layihədir. Əminəm ki, Bakının və Bakıətrafı qəsəbələrin sakinləri bunun nə dərəcədə böyük xeyri olacağını hiss edəcəklər», – dövlət başçısı layihənin önəmindən danışarkən qeyd edib.

İ.Əliyev bu il Qəbələyə də dəmir yolunun çəkiləcəyini deyib. Bunu adıçəkilən bölgədə turizm sektorunun inkişafı, onun beynəlxalq turizm mərkəzinə çevrilməsiylə izah edib.

«Cəlbedici», «təqdir olunan ideya»dır, amma...

Azərbaycanda ekspertlər paytaxt ətrafında dairəvi dəmir yolunun çəkilməsini alqışlayırlar. Məsələn, Nemət Əliyev bunu «cəlbedici ideya» kimi dəyərləndirir. Onun sözlərinə görə, Azərbaycanda nəqliyyat siyasətində buraxılan «kobud səhvlər, davamlı yeyintilər» dəmir yolu sahəsinin nəinki inkişafdan qalmasına, dağılmasına, hətta batmasına gətirib çıxarıb. Bu baxımdan ekspert dəmir yollarının inkişaf etdirilməsini təqdirəlayiq hal saysa da, hesab edir ki, ölkədə həlli vacib daha böyük problemlər var, birinci növbədə onlara diqqət yetirmək lazımdır. Bu haqda sonda...

Başqa iqtisadçı Qadir İbrahimlinin qənaətincə, təxminən 3 milyon yarım insanın yaşadığı Bakı kimi meqapolisdə dairəvi dəmir yolu ictimai nəqliyyatın yükünü azalda bilər:

«Sovet Bakısında trolleybus da vardı, tramvay da, elektrik xətləri də. Bu da ictimai nəqliyyatın tənzimləməsində əhəmiyyətli rol oynayırdı. Amma sonradan heç bir əsaslandırma olmadan onlar ləğv edildi. Sovet Bakısından fərqli olaraq paytaxtda əhali, ən azı, iki dəfə artıb. Bu artım fonunda ictimai nəqliyyatın tənzimlənməsi də çətinləşir. Təbii ki, bu halda alternativ nəqliyyat vasitələrinin tətbiqi yada düşür. Bu da həmin tədbirlərdən biridir».

Qədir İbrahimli
Qədir İbrahimli

Ekspertin fikrincə, ölkəboyu dəmir yolunun inkişafı çox yaxşı olardı, amma təəssüflənir ki, birinci neft pulları gələndə bu infrastruktur inkişaf etdirilmədi. Onun qənaətincə, dəmir yolu biznesin inkişafına, eyni zamanda, sərnişin və yük daşımanın asanlaşdırılmasına səbəb ola bilər:

«Neft ucuzlaşanda hökumət məcbur olub alternativ qaynaqlara baş vurur və bu sahələrdən biri də dəmir yoludur. Hökumət yaxşı başa düşür ki, bu sahədən daha böyük gəlir əldə edə bilər. Ona görə də neft bahalandıqca, hökumət bəzi məsələlərə daha ciddi yanaşır».

«O qədər plansız iş gördülər ki…»

Amma Q.İbrahimli hökumətin bu addımını ancaq ideya olaraq təqdir etdiyini söyləyir. Səbəbini də bəzi narahatlıqlarla bağlayır: «O proses necə aparılacaq, yenidən pulların silinməsi layihəsi olacaq, ya həqiqətən də infrastrukturun inkişafına təkan layihəsi olacaq, bunu zaman göstərəcək».

Ekspert hesab edir ki, bu cür layihələrin icrasında şəffaflıq gözlənilməli, icraçıdan keyfiyyət tələb olunmalıdır, amma təcrübə əksini göstərir: «Azərbaycanda yeni təmir olunan yol az sonra çökür, dağılır. Məsələn, Cəlilabadda belə hal baş verdi».

Nemət Əliyev
Nemət Əliyev

Eyni narahatlığı N.Əliyev də bölüşür. O, hökumətin sadəcə «korrupsiya qoxulu» layihələrə aludə olduğunu, vəsait tapan kimi yenə eyni sxem üzrə hərəkət etdiyini düşünür. Fikrini əsaslandırmaq üçün bir neçə il öncə yaşanan yol inşaatı bumunu xatırladır.

«O zaman Bakıda körpülərin çəkilməsində, yeraltı tunellərin salınmasında məqsəd tıxacı aradan qaldırmaq idi. Amma problemin öhdəsindən gələ bilmədilər. O dövrdəki tıxaclar bu gün də var, iş vaxtı qurtaran saatlarda tərpənmək mümkün deyil. Əlbəttə, körpü salmaq, yeraltı keçid tikmək vacibdir, amma hökumət bunu bacarmadı. O qədər plansız iş gördülər, naşılıq etdilər ki, gözlənilən nəticə ortaya çıxmadı. Bəli, dairəvi dəmir yolunun tikilməsi tıxaca müsbət həllini göstərməlidir. Amma praktika göstərir ki, bunu bacarmırlar. Eyni zehniyyətli, eyni təfəkkürlü insanların müsbət nəticə göstərəcəyinə inanmıram», – iqtisadçı deyir.

«Ölkənin maliyyə imkanları bu cür əllinci dərəcəli məsələlərə yönəlməməlidir»

N.Əliyevin sözlərinə görə, bu gün ölkədə dəmir yolundan daha vacib, daha böyük problemlər var:

«Bakıda şəhərin bir ucundan o biri ucuna getməyə problem yoxdur, axı. Yoxdursa, bu basırıqda belə təşəbbüsə nə ehtiyac var? Mənə elə gəlir ki, diqqətçəkən layihə olsa da, problemlər həll edilmədən heç yerində olmayan təşəbbüsdür. O baxımdan düşünürəm ki, ölkənin maliyyə imkanları varsa, o bu cür onuncu, əllinci dərəcəli məsələlərə yönəlməməlidir. Bu vəsait qeyri-neft sektorunun təşviqinə, inkişafına, sahibkarlara dəstək proqramına və ya əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün proqramlara yönəldilməlidir. Hökumətin vəzifəsi ağlına gələn sahəyə vəsait yönəltmək deyil, prioritetləri düzgün müəyyənləşdirməkdir».

Dövlət başçısı isə çıxışında başqa layihələrə də toxunub. O deyib ki, Azərbaycan öz ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işləri görüb: «Ancaq növbəti illərdə biz bu xətti də ölkə ərazisində tədricən yenidən qurmalıyıq. Çünki bu istiqamət üzrə də böyük yüklər gözlənilir. Mövcud dəmir yolu infrastrukturu bu yükləri ötürə bilməyəcək. Ona görə builki investisiya proqramında Bakı-Yalama və Bakı-Astara dəmir yollarının modernləşdirilməsi və yenidən qurulması, təmiri, çəkilişi nəzərdə tutulub, vəsait də ayrılıb və işlər dərhal başlamalıdır. Hesab edirəm ki, bu il Bakı-Yalama istiqamətində tikinti işləri aparılacaqdır. Bakı-Astara istiqamətində isə bu il daha çox layihələndirmə işləri aparılmalıdır».

O bu işlərin bu il və gələn il sürətlə aparılacağını bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG