Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:53

Əliyevlə Pashinian ayaqüstü söhbətləşiblər


Sentyabrın 28-də Tacikistanın paytaxtı Düşənbədə MDB dövlət başçılarının görüşü olub. Görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Pashinian ayaqüstü söhbətləşiblər.

Pashinian Əliyevlə qısa söhbət etdiyini özünün Facebook səhifəsində də təsdiqləyib.

“Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə söhbət etdim. Detallar barədə Yerevana qayıdanda danışacağam”, – Pashinian yazıb.

Ermənistan hökumətinin yaydığı videoda iki liderin bir neçə addım birlikdə getdikləri, bir neçə kəlmə kəsdikləri görünür.

***

Azərbaycan prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədi ilə sentyabrın 27-də Tacikistana gedib.

AZƏRTAC-ın xəbərinə görə, Düşənbə şəhərinin beynəlxalq aeroportunda prezident İlham Əliyevi Tacikistanın baş nazirinin müavini Azim İbroxim və digər rəsmi şəxslər qarşılayıblar.

MDB Dövlət Başçıları Şurasının iclasında 10-dan çox məsələnin müzakirə ediləcəyi gözlənir. Bura əsasən MDB-də əməkdaşlıq məsələləri daxildir. Eyni zamanda, 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə hazırlıq məsələlərinin də nəzərdən keçiriləcəyi gözlənilir.

Xatırlatma

MDB 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılıb. Bu qurum Rusiya, Ukrayna və Belarus arasında təsis edilib. Daha sonra Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Orta Asiya respublikaları bu quruma daxil olublar.

Azərbaycan 1991-ci ildən qurumla əməkdaşlıq etsə də, rəsmi üzvlük bir müddət gerçəkləşməyib. Yalnız keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ilin sentyabrında Azərbaycan parlamenti MDB-yə üzvlük məsələsini ratifikasiya edib.

Gürcüstan 2008-ci ildə Rusiya qoşunları onun ərazisinə daxil olduqdan sonra bu qurumdan çıxıb.

XS
SM
MD
LG