Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:30

İlham Əliyev: ‘Ölkə haqqında yalan məlumatlar geniş vüsət alıb’


“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır”

President.az saytının xəbərinə görə, bunu dövlət başçısı İlham Əliyev bu gün, mayın 27-də 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda söyləyib.

“Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da...”

O vurğulayıb ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görüb:

“Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Keçən il isə ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir”

“AXC-Müsavat rejimi hakimiyyəti qanunsuz zəbt etdikdən sonra...”

Prezident daha sonra ötən əsrin 90-cı illərində əldə edilən müstəqilliyin ilk dövrünü “faciəvi illər” adlandırıb.

O, 1992-ci ildə prezident seçilib bir il sonra devrilən Əbülfəz Elçibəyin (Azərbaycan Xalq Cəbhəsinin sədri) hakimiyyəti dövrünü də yenə əvvəllər olduğu kimi tənqid edib:

“AXC-Müsavat rejimi hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra vəziyyət daha da ağırlaşdı, pisləşdi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz o illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaqlarımız işğal altına düşmüşdü. Ölkəmizdə xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Onu da əlavə edim ki, AXC-Müsavat rejimi ölkədə vətəndaş müharibəsini başlamışdı. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini təsdiqlədi”.

Keçmiş prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev
Keçmiş prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev

İlham Əliyevin sözlərinə görə, 1993-cü il Azərbaycanın müasir tarixində dönüş nöqtəsi idi.

O, daha sonra atası, keçmiş prezident Heydər Əliyevin xidmətlərindən bəhs edib.

Prezident Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Onun vurğulamasına görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və torpaqların işğal altına düşməsi AXC-Müsavat hakimiyyətinin acı mirasıdır:

“Qondarma “Dağlıq Qarabağ respublikası”nı heç bir ölkə tanımayıb”

“Biz çalışırıq bu məsələni həll edək. Həm hüquqi, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərdən Azərbaycan bu istiqamətdə böyük dərəcədə güclənib. Son illərdə mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr bizim ədalətli mövqeyimizi dəstəkləyir və münaqişənin həlli üçün bu, çox güclü hüquqi baza yaradıb. Qondarma “Dağlıq Qarabağ respublikası”nı heç bir ölkə tanımayıb, orada keçirilmiş qanunsuz referendumlara dünyanın aparıcı təşkilatları və bir çox ölkələr tərəfindən sərt, mənfi reaksiya verilmişdir”

İlham Əliyev deyib ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

“Ölkə haqqında yalan məlumatlar geniş vüsət alıb”

Prezident qeyd edib ki, indi dünyada informasiya müharibəsi aparılır və hər bir vətəndaş bunu açıq-aydın görə bilir:

“Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir. Ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb. Biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur. Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu böhranları darmadağın edirik və etməliyik”

Xatırlatma

Sabah, mayın 28-də Azərbaycanda Respublika Günü qeyd ediləcək.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılıb.

1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə Cümhuriyyət süqut edib.

1991-ci ildə elan edilən Azərbaycan Respublaikasının AXC-nin varisi olduğu açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Bu münaqişənin tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğuldur. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

Opponentlərin cavabı

Azərbaycan Xalq Cəbhəsi (hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyası - AXCP) və Müsavat Partiyasının bir sıra rəhbər şəxsləri 1992-1993-cü illərdə ölkədə yüksək vəzifələr tutublar.

Prezident İlham Əliyev Azərbaycan torpaqlarının işğalında bundan əvvəl də onları günahlandırıb.

Müxalifət bildirir ki, Bakıda Heydər Əliyevin çoxsaylı heykəlləri olsa da, Xalq Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin bir heykəli belə yoxdur
Müxalifət bildirir ki, Bakıda Heydər Əliyevin çoxsaylı heykəlləri olsa da, Xalq Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin bir heykəli belə yoxdur

Amma onlar qeyd edirlər ki, hakimiyyətdə olduqları bir ildə cəmi bir rayon - Kəlbəcər rayonu işğal edilib.

Onlar vurğulayırlar ki, əvəzində onların hakimiyyətdə olduğu vaxt bir çox yaşayış məntəqələri işğaldan azad edilib.

Həmin şəxslər qeyd edirlər ki, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilən rayonları məhz indiki prezidentin atası, Heydər Əliyevin hakimiyyəti dövründə işğal edilib.

Onlar hesab edirlər ki, İlham Əliyev də hakimiyyətdə olduğu 16 ildə Azərbaycanın işğal edilən ərazilərinin geri qaytarılmasından ötrü əməli iş görməyib.

Hazırda müxalifətdə olan AXCP və Müsavat Partiyasının təmsilçiləri indiki hakimiyyəti Xalq Cümhurriyyəti qurucularına da layiqli qiymət verməməkdə günahlandırırlar.

Onlar deyirlər ki, Bakıda Heydər Əliyevin çoxsaylı heykəlləri olsa da, Xalq Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin bir heykəli belə yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG