Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:12

İlham Əliyev BMT qətnamələrinin icrası üçün 'yenilənmiş qrafik' istəyir


Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib.

İlham Əliyev çıxışının əvvəlində BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.

Prezident Əliyev deyib ki, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir:

“Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulmuşdur. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır”.

“Bəzi hallarda qətnamələr bir neçə gün ərzində icra olunur”

İlham Əliyev daha sonra çıxışında 1992-ci ildə Xocalıda baş vermiş qətliamdan söz açıb və deyib ki, dünyanın ondan artıq ölkəsi bu hadisəni “soyqırım” kimi tanıyıb.

Prezident xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir:

“Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”.

İlham Əliyev deyib ki, “Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır, Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirir”.

“Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz”.

Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

İşğal olunmuş ərazilərin təbii sərvətləri

İlham Əliyev bildirib ki, Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara aid tarixi və dini abidələr dağıdılır.

O daha sonra Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji böhran yaratmaqda, təbii ehtiyatları qanunsuz şəkildə istismar etməkdə, qızıl və başqa qiymətli metalları beynəlxalq bazarlara çıxarmaqda ittiham edib.

İlham Əliyev bildirib ki, bu qanunsuz fəaliyyətlərdə iştirak edən xarici şirkətlərə və şəxslərə qarşı hüquqi addımların atılmasına başlanıb.

Bundan sonra prezident Ermənistan-Azərbaycan sərhədində mülki şəxslərin məqsədyönlü şəkildə hədəflənməsindən və təxribatlar törədilməsindən danışıb.

O deyib ki, “2020-ci il iyulun 12-də Ermənistan dövlət sərhədi istiqamətində növbəti təxribata əl atıb” və onun bundan məqsədi “regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək” olub.

İlham Əliyev deyib ki, “Ermənistan hökuməti Azərbaycan tərəfinin əsirlərin “hamının-hamıya” prinsipi əsasında mübadiləsi təklifini rədd edib”.

Ermənistanda Azərbaycanla gərginliyin səbəbini axtarırlar
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Ermənistanın yeddi şərti

İlham Əliyev bu ilin martında Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi seçkini pisləyib:

“Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

İlham Əliyev deyib ki, Ermənistanın baş naziri on minlərlə mülki insanlardan ibarət silahlı dəstələrin yaradılmasını elan edib və bu, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını aydın şəkildə nümayiş etdirir:

“Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələyir”.

İlham Əliyev iddia edib ki, Azərbaycan tərəfində ASALA terror təşkilatının işğal edilmiş ərazilərdə olması ilə bağlı “etibarlı məlumatlar” var.

Azərbaycan prezidenti bildirib ki, bütün bunlar Ermənistanın Azərbayacna qarşı yeni təcavüzə hazırlaşdığından xəbər verir:

“Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Minsk qrupu həmsədrlərinin fəaliyyəti nəticə verməyib

İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin heç bir nəticə verməməsindən gileylənib:

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanmışdır. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var”.

Azərbaycan prezidenti deyib ki, BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi işğal qüvvələrinin çıxarılması üçün yeni vaxt qrafiki tərtib edilməsini nəzərdə tutur:

“Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”

Rusiyanın adını çəkmədən

İlham Əliyev deyib ki, o Ermənistanın getdikcə artmaqda olan silahlandırılmasından narahatdır.

Azərbaycan prezidenti çıxışında Rusiyanın adını çəkməsə deyib ki, iyulun 17-dən etibarən Ermənistana təyyarələrlə min tonluq hərbi avadanlıq daşınıb:

“Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik”.

İlham Əliyev daha sonra Ermənistanda insan haqlarının pozulmasından, lakin beynəlxalq təşkilatların buna diqqət verməməsindən gileylənib.

Prezident çıxışının qalan hissəsini “son 17 ildə Azərbaycanın iqtisadi uğurlarına”, COVID-19 pandemiyası ilə bağlı tədbirlərə həsr edib.

İlham Əliyev bildirib ki, onun ölkəsində epidemioloji vəziyyət nəzarət altındadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG