Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 19:26

Politoloqlar cəbhədəki gərginliyi belə yozurlar...


Ermənistanla sərhəddə artan gərginlik nədən xəbər verir?
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Ermənistanla sərhəddə artan gərginlik nədən xəbər verir?

Azərbaycan-Ermənistan cəbhə bölgəsinin Tovuz istiqamətində gərginliyin qalmaqda olduğu bildirilir. Bu il iyulun 12-dən 17-nə kimi cəbhədə baş verən lokal döyüşlərdən sonra bir müddət sakitlik olsa da, gərginliyin get-gedə yenidən artdığı söylənir.

Azərbaycanın biri general olmaqla 10-dan çox hərbi qulluqçusunu (Ermənistan tərəfdən də itkilər olduğu açıqlanmışdı) həlak olduğu həmin döyüşlərdən sonra Rusiyadan Ermənistana silah göndərilməsi, onların birgə təlimləri (Azərbaycanda Türkiyə ilə birgə təlimlər keçirdi) və sərhəddə bir Ermənistan hərbiçisinin saxlanması gərginliyi soyumağa qoymayan amillər sayılırdı.

İ.Əliyev
İ.Əliyev

Prezidentin dedikləri...

Bu günlər Azərbaycan prezidenti İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı gedən danışıqları yerli televiziyalara belə dəyərləndirmişdi: "Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya (koronavirus) görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir...".

Dünən, sentyabrın 21-də isə BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində bu qurumun 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda o, videoformatda çıxışında da oxşar fikirlər dilə gətirib.

"Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə" bəyanatları ilə hədələyir", - İ.Əliyev vurğulayıb.

Azərbaycanın özü də, deyəsən, boş oturmaq niyyətində deyil. Hər halda, bu günlər ehtiyatda olan hərbi vəzifəlilər təlimə yığılır.

Q.Hüseynli
Q.Hüseynli

"Ermənistan tərəfi danışıqlar aparmaq yox,..."

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, Azərbaycan artıq nəticəsiz danışıqlarda tərəf olmaq istəmir. O qeyd edib ki, Ermənistan tərəfinin danışıqlara şərt (Dağlıq Qarabağın tərəf kimi danışıqlara qatılması və s.) qoymaq istəməsi həddi aşmaqdır, bu isə Azərbaycan üçün qəbulolunmazdır.

Politoloqa görə, Ermənistan tərəfi danışıqlar aparmaq yox, sadəcə, vaxt udmaq, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmanı dərinləşdirmək istəyir.

Q.Hüseynlinin iddiasına görə, bölgəyə terror qruplarının gətirilməsi bölgəni təhdid altına alır:

"Ermənistana "sürətlə irəli" komandası verilib"

"Bu gərginliyin yaradılmasının baş rejissoru yenə də Rusiyadır və Ermənistana "sürətlə irəli" komandası verilib. Odur ki, müharibə ritorikası güclənib".

Politoloq hesab edir ki, problemin həllinə çalışan beynəlxalq qurumlar buna dair hazır sənədlər paketi təqdim etsələr, müharibə təhlükəsinin qarşısını ala bilərlər.

İ.İsmayıl
İ.İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da AzadlıqRadiosuna deyib ki, müharibə hazırlıqları barədə hər iki tərəfdən məlumatlar yayılır. Amma onun fikrincə, böyük müharibə hazırlığı görünmür:

"İlk baxışdan görünən budur ki, Ermənistana müharibə lazım deyil"

"İlk baxışdan görünən budur ki, Ermənistana müharibə lazım deyil. Çünki Dağlıq Qarabağı, ətraf rayonları işğal edib, özünə təhlükəsizlik zolağı yaradıb. İndi isə 27 ildir ki, bu məsələ Azərbaycanın günahı üzündən uzanır. Azərbaycan olaraq isə qarşı tərəfə nə diplomatik, nə də hərbi güc baxımından qarşılıq qoya bilmişik...".

İ.İsmayıl əlavə edib ki, bu məsələdə Rusiya amilini heç vaxt unutmaq lazım deyil. Ona görə, Qarabağ problemi Rusiyaya həm Azərbaycanı, həm də Ermənistanı buxovda saxlamaq vasitəsidir...

"Rusiya və Türkiyə amili"

Politoloq Hikmət Hacızadəyə görə isə, ola bilər ki, tərəflər belə hərəkət və informasiyalarla bir-birini qorxutmaq istəsin: "Bu da mümkündür. Amma gerçək də ola bilər".

H.Hacızadə əlavə edib ki, bölgədə Rusiya və Türkiyə amili də var, bu müstəvidə ciddi nəsə ola bilər.

H.Hacızadə
H.Hacızadə

Rusiyanın Ermənistana dəstək verəcəyini deyən politoloq Türkiyənin hadisələrə biganə qalmayacağı barədə səsləndirdiyi bəyanatları da yada salır.

"Nəsə ola bilər və bu, ciddiyə alınmalıdır", - politoloq bildirir.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz mövqelər tutublar. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttindən tez-tez onun pozulmasına aid məlumatlar yayılır. Buna görə tərəflər, bir qayda olaraq, bir-birlərini günahlandırırlar.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG