Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:39

'Jurnalistlərin binasındakı mənimsəmələr haqda yazdığıma görə həbs olundum'


İ.Rəhimov
İ.Rəhimov

«Məni Əli Həsənov və Əflatun Amaşov həbs elətdirib. Səbəb isə onların birləşib, jurnalistlər üçün tikilən binalardakı mənimsəmələri barədə yazdıqlarımdır. O binalarda nə qədər jurnalist olmayan adamlara ev verilib. Hamısından pul alıb eləyiblər», –reallıq.info saytının həbsdə olan rəhbəri İkram Rəhimov martın 27-də məhkəmədə belə deyib.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Məhkəmədə prokuror öncə ittiham aktını elan edib. Sayt rəhbəri müxtəlif adamlar haqqında onları rüsvay edən məlumatlar yaymaqla hədələyib, həmin materialların silinməsi üçün pul tələb edib almaqda suçlanır. İttihamda yazılıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinə onun bu əməllərindən ziyan çəkən xeyli adamlardan şikayətlər daxil olub. Qurumun əməkdaşları da həmin məlumatlar əsasında onu saxlayıb.

«Səs yazısı montaj olunub»

İ.Rəhimov özünü təqsirli bilməyib. Deyib ki, ittihamda yazılanlar yalandır: «Məsələn, cinayət işində adı keçən Zakir Hüseynovu uzun müddətdir tanıyıram, dost olmuşam. Ona hədə-qorxu gəlmək, nəsə tələb etmək olmayıb. Raquf Mirzəyev isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışırdı. Onu qohumum vasitəsilə tanımışam, mətbuatda onun haqqında yazılar getmişdi, məndən xahiş elədi ki, saytlardan çıxartdırım. Ona qarşı da hədə-qorxu, nəsə tələb etmək olmayıb. Əksinə, Ekologiya Nazirliyi dəfələrlə mənim saytımı mükafatlandırıb. Cinayət işində adları çəkilən şəxslər məndən xahiş ediblər, mən də onlara görə indi adlarını çəkmək istəmədiyim sayt rəhbərlərindən müəyyən xahişlər etmişəm».

DTX bir müddət öncə təqsirləndirilən İ.Rəhimova aid olduğu bildirilən səs yazıları yaymışdı. Telefon danışıqlarında ayrı-ayrı şəxslər haqqında hansısa saytlarda yazılar dərc olunması, o materialların silinməsi üçün müəyyən məbləğlərdən söhbət gedirdi.

İ.Rəhimov məhkəmədə bu barədə də danışıb, deyib ki, onun adından yayılan səs yazısı montajdır: «Biz istintaq vaxtı o səs yazılarının ekspertizadan keçirilməsini istədik, eləmədilər. Tələsik hazırlayıblar deyə, montajda səhvə yol verilib. Ekologiyadan söhbət getdiyi yerdə ortaya məktəb, torpaq söhbətləri düşüb».

Təqsirləndirilən şəxs bildirib ki, prezidentin köməkçisi Əli Həsənov haqqında yazılardan sonra ona təzyiqlər başlayıb. Onun sözlərinə görə, hətta Ə.Həsənov onu şəxsən qəbul edib: «Əvvəl hədə-qorxu gəldi, sonra pul təklif elədi. Dedi ki, gəl, başqa saytlar kimi, mənim kurasiyamda işlə. Razılaşmayanda saytımı blokladılar. Ardınca Əflatun Amaşovun əli ilə təzyiqlərə başladılar. Mətbuat Şurası mənim saytımı «reket» elan eləyib, hüquq-mühafizə orqanlarına müraciət elədi ki, «tutun bunu». Məni tutub DTX-ya aparanda da məndən ilk tələbləri Əli Həsənov haqqında yazdığım «Özümü sizin yerinizə qoymağa utandım» başlıqlı yazının silinməsi oldu».

Xatırlatma

İ.Rəhimov ötən il oktyabrın 26-da həbs olunub. O, həbsindən öncə də prezidentin köməkçisi Ə.Həsənovu tənqid etdiyinə görə təqib edildiyini bildirirdi. Bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb.

Mətbuat Şurasından isə onun dediklərini əsassız sayıblar. Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli mətbuata açıqlamasında bildirib ki, İ.Rəhimovun onlara qarşı ittihamları əsassızdır: «Onun rəhbərlik etdiyi saytlarda qarayaxma xarakterli yazılara görə Mətbuat Şurasına şikayətlər gəlirdi. Biz İkram Rəhimova 2017-ci ildə xəbərdarlıq etdik, o isə ittihamları qəbul etmədi. Şikayətçilərin məhkəməyə müraciətindən sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən onun saytı bloklandı. Bundan sonra o, başqa sayt açdı. Vətəndaşlar özləri Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib və araşdırmalardan sonra İkram Rəhimov həbs edilib».

İ.Rəhimov CM-in 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunur. Bu ittihamlar sübuta yetirilərsə, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG