Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:27

İkram Rəhimovun etirazı qəbul edilməyib


İkram Rəhimov

Bu gün, avqustun 28-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə reallıq.info saytının redaktoru İkram Rəhimovun məhkəməsi olub.

“Turan” agentliyinin xəbərinə görə, Avropa İttifaqının və Almaniyanın Azərbaycandakı səfirliynin nümayəndələri də prosesi izləyib.

İkram Rəhimov açıqlama verib ki, 22 gündür aclıq aksiyası keçirir və onun vəziyyəti ağırdır. O, əlavə edib ki, daimi həkim müşahidəsi altındadır və prosesdə iştirak edə bilməsindən ötrü ona iynə vurulub.

Xəbərdə habelə qeyd edilib ki, iclasda prosesə sədrlik edən hakim, İkram Rəhimovun hakim heyətinə etirazının təmin edilmədiyini bildirib.

Bundan əvvəlki prosesdə İkram Rəhimov hakim heyətinə etiraz etmişdi. Buna səbəb kimi isə verdikləri vəsatətlərin qəbul edilməməsini göstərmişdi.

Xəbərə görə, daha sonra həm İkram Rəhimov, həm də vəkil Elçin Sadıqov birinci instansiya məhkəməsi zamanı zərərçəkənlərin ifadələrinin məhkəmə protokolunda saxtalaşdırıldığını bildiriblər. İkram Rəhimov deyib ki, bu səbəbdən zərərçəkənlər yenidən ifadə verməlidir.

Vəkil də öz növbəsində qeyd edib ki, İkram Rəhimov zəifləyib. O, qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Dövlət ittihamçısı vəsatətlərin heç birini dəstəkləməyib.

Hakim də vəsatətləri təmin etməyib. Yalnız birinci məhkəmə instansiyasında ifadə verməyən bir zərərçəkənin apellyasiya insansiyasında ifadə verməsi barədə qərar qəbul edilib. Növbəti iclas sentyabrın 18-nə təyin edilib.

İkram Rəhimovun avqustun 7-dən aclıq aksiyasına başladığı açıqlanmışdı.

Avqustun 7-də elə Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun işi üzrə ilkin iclas olmuşdu.

Müdafiə tərəfi birinci instansiya məhkəməsində şahidlərin və zərərçəkənlərin ifadələrinin saxtalaşdırıldığını iddia edərək, onların yenidən dindirilməsi barədə vəsatət qaldırmışdı. Lakin vəsatət təmin edilməyib. İkram Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını bildirmişdi.

Penitensiar Xidmətdən də İkram Rəhimovun aclıq etdiyi təsdiqlənib. Qurumdan bildiriblər ki, o həkim nəzartindədir və bütün hüquqlarından istifadə edir.

Amma müdafiə tərəfinin birinci instansiya məhkəməsində çıxışların dəyişdirilməsi ilə bağlı dediklərinə, hələlik, Bakı Ağır Cinayətlər Məhkəməsi və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İkram Rəhimovu ötən il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib.

Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb.

İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmlə İkram Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. O özünü təqsirli bilmir.

Redaktor tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirmişdi. Onda bu açıqlamaya Əli Həsənovdan hər hansı münasibət almaq mümkün olmamışdı. Ancaq İkram Rəhimovun tənqid etdiyi qurumlardan biri - Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İkram Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

İkram Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG