Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:39

İkram Rəhimov ailəsinə zəng vurub


İ.Rəhimov

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən isə İ.Rəhimovun səhhətində ciddi problemin yaranmadığını açıqladıqları bildirilir. «Amerikanın Səsi»nin məlumatına görə, bu qurumdan da İ.Rəhimovun aclığı davam etdirdiyini təsdiqləyiblər.

«O, su qəbul edir. Tibb-sanitar hissəsinə keçirilib, həkim nəzarətindədir. İkram Rəhimova hər hansı tibbi müdaxilə edilməyib və səhhətində ciddi problemlər yaranmayıb. O, qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir, yaxınları ilə görüşür və telefonla ailəsi ilə əlaqə saxlayır», - Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib.

+++

reallıq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimov bu gün, avqustun 26-da ailə üzvləri ilə əlaqə saxlayıb. Bu barədə AzadlıqRadiosuna onun ailə üzvlərindən bildiriblər.

Ailəsindən verilən məlumata görə, İ.Rəhimov taqətdən düşdüyünü, amma aclıq aksiyasını dayandırmadığını vurğulayıb: «Deməsinə görə, zəiflikdən iki ayağı da tutulub. Bədəni taqətini itirib, amma həbsinə etiraz olaraq aclıq aksiyasını dayandırmayacağını bildirdi».

Ailəsi oxşar açıqlamanı ötən həftə də vermişdi.

PX: İ.Rəhimovun səhhətində problem yoxdur

«İkram Rəhimov Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsində saxlanılır, səhhətində hər hansı problem yoxdur».

Bunu Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib. Onun sözlərinə görə, İ.Rəhimov həkim nəzarəti altındadır, maye qəbul edir.

+++

realliq.info saytının redaktoru İkram Rəhimovun 16 gündür Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirdiyi bildirilir.

Ailə üzvlərinin deməsinə görə, İ.Rəhimov bu barədə özü avqustun 22-si axşam saatlarında telefonla onlara bildirib.

Yaxınlarının sözlərinə görə, İ.Rəhimov vəziyyətinin daha da pisləşdiyini, artıq gəzə bilmədiyini, baş gicəllənməsinin artdığını vurğulayıb. Yaxınlarının sözlərinə görə, bununla belə, İ.Rəhimov aclığı davam etdirəcəyini söyləyib.

Bu açıqlamaya, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bir neçə gün əvvəl Penitensiar Xidmət İ.Rəhimovun aclıq aksiyası keçirdiyini və bu üzdən sanitar hissəyə köçürüldüyünü təsdiqləmişdi.

İ.Rəhimovun avqustun 7-dən aclıq aksiyasına başladığı açıqlanmışdı. Avqustun 7-də elə Bakı Apellyasiya Məhkəməsində İ.Rəhimovun işi üzrə ilkin iclas olmuşdu. Müdafiə tərəfi birinci instansiya məhkəməsində şahidlərin və zərərçəkənlərin ifadələrinin saxtalaşdırıldığını iddia edərək, onların yenidən dindirilməsi barədə vəsatət qaldırmışdı. Lakin vəsatət təmin edilməyib. İ.Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını bildirmişdi.

Amma müdafiə tərəfinin birinci instansiya məhkəməsində çıxışların dəyişdirilməsi ilə bağlı dediklərinə, hələlik, Bakı Ağır Cinayətlər Məhkəməsi və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İkram Rəhimovu ötən il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmlə İ.Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. İ.Rəhimov özünü təqsirli bilmir. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirmişdi. Onda bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmamışdı. Ancaq İ.Rəhimovun tənqid etdiyi qurumlardan biri - Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İ.Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG