Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:14

Pəncərələr baş nazirin müavininin bağ evinə 'baxa bilməz'


«Skolkovo Park» yaşayış kompleksi
«Skolkovo Park» yaşayış kompleksi

Moskva ətrafında, Zareçyedə yerləşən «Skolkovo Park dlya jizni» adlı elit yaşayış kompleksində evlər elə tikilib ki, pəncərələri Rusiya baş nazirinin birinci müavini Igor Shuvalov-un bağ evinə tərəf baxmasın. Memarlar layihənin təsvirində qeyd ediblər ki, bu məhdudiyyətlər «təhlükəsizlik məqsədi» daşıyır. Kompleksin korpuslarından birinin cənub fasadındakı «hörülmüş» pəncərələr siyasətçi Aleksei Navalny-nın diqqətini cəlb edib.

Heç pəncərə qoyulmayıb

Onun sözlərinə görə, Korrupsiya ilə Mübarizə Fondunun əməkdaşları cənub-şərq tərəfə baxan korpusların memarlıq xüsusiyyətlərini təsadüfən, dronu sınaqdan keçirərkən aşkarlayıblar. Havadan çəkiliş və bağ evinin ətrafında uçuş zamanı bəlli olub ki, digər yaşayış binalarının bağ evi tərəfdən qarşısını inzibati bina tutur. «Skolkovo Park dlya jizni» kompleksinin bir korpusunda pəncərələr süni şəkildə başqa istiqamətə çevrilib, digərində isə ümumiyyətlə, pəncərə qoyulmayıb.

«Rezerv yaradıcı istehsalat birliyi» bürosunun memarları yaşayış kompleksinin tikintisi zamanı qarşılaşdıqları çətinlikləri memarlıq sahəsinə dair nəşrlərdə təsvir ediblər.

1) «Skolkovo Park» yaşayış kompleksinin 1-ci korpusu. 2) Yaşayış kompleksinin 6-cı korpusu. 3) Igor Shuvalov-un daçası
1) «Skolkovo Park» yaşayış kompleksinin 1-ci korpusu. 2) Yaşayış kompleksinin 6-cı korpusu. 3) Igor Shuvalov-un daçası

Məsələn, memar Vladimir Plotkin «Arch:SPEECH» jurnalına müsahibəsində (həmin məqalə artıq silinib, ancaq surətini keşdən əldə etmək mümkündür) deyir:

«Torpaq sahəsinin tamamilə boş ərazidə yerləşməsinə baxmayaraq, onunla bağlı çoxlu məhdudiyyətlər qoyulurdu. Təhlükəsizliklə bağlı səbəblərdən cənub istiqamətində pəncərə qoymaq olmazdı».

«Cənub-şərq istiqamətində yerləşən şəxsi torpaq mülkiyyətinə açılan mənzərələrdən yan keçmək üçün 1-ci korpusda mənzillərin bir hissəsi birtərəfli layihələndirilib, 6-cı korpusunsa künc hissəsi cənub-şərqə baxır. Ancaq istənilən halda, əsas rolu ikitərəfli erkerlər (çıxıntılı pəncərələr) oynayıb. Lazım gələndə onları arzuolunmaz vizual istiqamətlərdən «yayındırmaq» olur və əksinə, mənzillərin daha çox gün işığı ilə təmin olunması üçün onları günəşə qarşı çevirmək mümkündür. Biz bacardığımız kimi vəziyyətdən çıxmağa çalışırdıq», – memar müsahibəsində deyir.

Igor Shuvalov-un daçası
Igor Shuvalov-un daçası

«Cənub tərəfə açıla bilməzdi»

archi.ru saytı üçün hazırlanmış, «Skolkovo Park dlya jizni» yaşayış kompleksinə həsr olunmuş məqalədə bundan başqa deyilir ki, «ətraf ərazilərin qaydalarına görə, yaşayış kompleksinin bircə pəncərəsi də günəş işığına çıxış baxımından ən əlverişli istiqamət olan cənub tərəfinə açıla bilməzdi».

Navalny-nın öz videosunda «saray» adlandırdığı bağ evi baş nazirin müavini Shuvalov-un gəlir bəyannaməsində qeyd edilib. Sənəddə verilən məlumata görə, məmurun oğlu sahəsi 4174 kvadratmetr olan ev icarəyə götürüb.

«Skolkovo Park dlya jizni» yaşayış kompleksi premium sinifli yaşayış yeri hesab edilir. «Bu, prestijli şəhər kənarında yerləşən dünya səviyyəli irimiqyaslı layihədir. Sahəsi 500 hektar olan kompleksdəki premium sinifli yaşayış evləri müasir infrastrukturla çulğalaşır. Kompleks Moskvanın qərbində, şəhərin mərkəzindən cəmi 15 dəqiqəlik məsafədə, ekoloji təmiz ərazidə yerləşir». Tikinti şirkətinin saytında belə yazılıb. Yaşayış kompleksində ikiotaqlı mənzilin qiyməti 26.6 milyon rubldan (468 min 160 dollar) başlayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG