Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:43

Yeni direktor İctimai televiziyaya yenilik gətirə biləcəkmi?


İctimai Televiziyada nə dəyişir?
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

İctimai Televiziyada nə dəyişir?

Balakişi Qasımov İctimai Televiziyaya yeni baş direktor seçildi. İyunun 1-də keçirilən iclasa qatılan bu telekanalın Yayım Şurasının 8 üzvünün hamısı ona səs verib.

İctimai TV-də direktor müavini, son 20 gündə isə direktor vəzifəsini icra edən Balakişi Qasımov ayaqüstü bildirib ki, kanalda yeniliklər olacaq.

Onun baş direktor olmasını yerli media hələ mayın 11-də yazırdı. Sonradan media hüquqları üzrə mütəxəssislər sosial şəbəkələrdə İctimai TV-yə kiminsə seçkisiz baş direktor təyin edilməsinin qanunsuz olduğunu yazdılar. Bundan sonra İctimai TV-nin yayım şurası məlumat verdi ki, Balakişi Qasımov müvəqqəti olaraq direktor təyin edilib, əslində isə seçki olacaq.

İyunun 1-ə təyin edilən seçkidə direktor vəzifəsinə 7 nəfər namizəd vardı. Onlardan biri, 7news.az saytının rəhbəri Səbuhi Abbasov deyir ki, seçkilər tam şəffaf və ədalətli keçirilib. Amma deyir ki, müddət qısa olsa da o cəmiyyətə öz proqramını tanıda bilib:

“Çox sevinirəm ki, belə mehribançılıq şəraitində seçki yekunlaşdı. Balakişi Qasımov yüksək səslə İctimai Televiziyanın yeni baş direktoru seçildi. Mən hesab edirəm ki, bu seçim uğurlu idi. Düzdür, mən özümə də güvənirəm, fikirləşirəm ki, televiziyaya bir çox yeniliklər gətirə bilərdim. Amma Balakişi Qasımovun da mənim qədər, hətta daha artıq işlər görəcəyinə inanıram”.

Media eksperti Ələsgər Məmmədli isə bu seçkini əvvəldən sona kimi formal hesab edir. Düşünür ki, əvvəlcədən verilmiş qərar bu seçkilərlə rəsmiləşdirildi. O, bu teleziyanın işində hər hansı yeniliklərin olacağını gözləmir. Onun fikrincə, öz nizamnaməsinə əməl etməyən ictimai televiziya lazımsızdır:

“Balakişi Qasımov ötən 20 gündə İctimai teleziyanı idarə edirdi. Qanunsuz olaraq idarə etdiyi televiziya indi onu qanunsuz olaraq, baş direktor seçdi. Ona görə də mən İctimai yayımdan heç nə gözləmirəm. İctimai yayım ümumiyyətlə, yükdür cəmiyyətin belində. Biz ümumiyyətlə bunu ləğv etməliyik. Hər il 15-20 milyon manat dövlət büdcəsindən bu kanala vəsait ayrılır. Onsuz da AzTV var. Bir yandan da hələ 2001-ci ildə AzTV ləğv olunub, dövlət kanalı ictimailəşməli idi. Amma hökumət bu öhdəliyi hələ də icra etmir”.

İctimai televiziyanın nizamnaməsinə görə bu kanal əhalinin ümumi maraqlarını əhatə edən proqramlar hazırlamalı, ölkədə və dünyada baş verən mühüm hadisələr, dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnu təmin etməlidir.

Amma Ələsgər Məmmədli deyir ki, ictimai televiziya bu tələbləri ödəmir, daha çox iqtidarın təbliğinə yer ayrılır, ölkədəki olayları ya obyektiv, ya da ümumiyyətlə işıqlandırmır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, İTV vətəndaşların problemlərini nə qədər doğru işıqlandıra bilir?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

İctimai televiziyanın yayım şurasının üzvü Azər Həsrət bildirir ki, əslində sosial problemlərə yer ayrılır. Sadəcə olaraq, nizamnamənin tələbindən irəli gələn digər proqramların fonunda bu mövzular az görünür:

"İctimai televiziyada Azərbaycan musiqisi, mədəniyyəti, tarixi, Azərbaycanın xarici əlaqələri və sair mövzularda çox gözəl fundamental verlişlər və filmlər efirə verilir. Çatışmazlıq ordadır ki, daha çox rəsmi informasiya nəzərə çarpır, ona görə də vətəndaş fikirləşir ki, onların problemlərinin işıqlandırılması arxa plana keçir. Amma heç də belə deyil. Balakişi Qasımov da bu gün çıxışında bildirdi ki, əllərindən gələni edəcəklər ki, ictimai rəydə formalaşmış bu fikri alt-üst eləsinlər. Həqiqətən də insanlar görsünlər və anlasınlar ki, ictimai yayım insanların marağına xidmət edir".

Amma müstəqil eskpertlər bu telekanaldan ciddi dəyişiklər gözləmirlər. Media tənqidçilərinin fikrincə, Azərbaycanda nəinki ictimai televeziya, digər özəl kanallar, eləcə də mətbuat hakimiyyətin nəzarətində olduğundan ictimaiyyəti maraqlandıran məlumlatlar yayımlanmır.

«Sərhədsiz Reportyorlar» təşkilatı aprel ayında mətbuat azadlığı ilə bağlı indeks açıqlayıb. Azərbaycan 180 ölkə içində 163-cü yerdə göstərilib.

Hakimiyyət təmsilçiləri isə adətən bu tənqidləri rədd edir, ölkədə medianın azad olduğunu bildirirlər.

İctimai televiziya Azərbaycan 2005-ci ildə ildə yaradılıb. O zaman Avropa Şurası qarşısında Azərbaycanın götürdüyü öhdəliklərdən biri də ictimai yayımın yaradılması idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG