İranın iki yüksəkvəzifəlisi neft rəsmisinin qətlində ittiham olunur. Söhbət 1979-cu ildə ABŞ-nin dəstəklədiyi İran şahının devrilməsindən, hazırkı teokratik rəhbərliyin hakimiyyətə gəlişindən bir neçə həftə öncə törədilmiş qətldən gedir.
Malik Borucerdini 1978-ci ilin dekabrında ölkənin cənub-qərbindəki Əhvaz şəhərində silahlılar güllələyərək öldürüb. Cinayəti törədənlər tapılmayıb.
Borucerdinin ABŞ-də yaşayan oğlu, akademik Mehrzad Borucerdi qətlə görə İranın ali rəhbərinin müşaviri Əli Şəmxani və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandiri Möhsün Rezayini ittiham edib.
Borucerdi iddia edir ki, Şəmxani və Rezayinin üzvü olduğu gizli islamçı "Mənsurun" qrupu atasının qətlini planlaşdırıb. Həmin gün Əhvazda amerikalı neft rəsmisi Pol Qrimm ayrıca hücumda qətlə yetirilmişdi.
Hazırda Missuri Elm və Texnologiya Universitetində professor kimi çalışan Borucerdinin əlində ittihamlarını sübut edəcək dəlil yoxdur. İranda rəsmi qadağan olunmuş AzadlıqRadiosu Şəmxani və Rezayinin ofisləri ilə əlaqə saxlayıb, amma cavab almayıb.
Borucerdinin iddiaları Şəmxani ilə bağlı bir sıra qalmaqallar fonunda səslənir. 2024-cü ildə qızının Tehranda bahalı toy mərasiminin videosu bugünlərdə yayılıb və sosial mediada tənqidlə üzləşib. Digər tərəfdən, o, İranın 1990-cı illərdə nüvə silahı əldə etməməsinə görə təəssüfünü bildirməklə də gündəmə gəlib.
1978-ci ildəki qətlləri
Borucerdi atasının qətlini kimin törətdiyini öyrənməyə onilliklər sərf etdiyini deyir. O, Şəmxani və Rezayiyə qarşı ittihamlarını ilk dəfə oktyabrın 21-də "Facebook" paylaşımında səsləndirib.
AzadlıqRadiosunun fars xidmətinə müsahibədə o deyib: "İnsanlar bilməlidirlər ki, bu şəxslər kimlərdir, nə ediblər və siyasi pillələrə necə yüksəliblər".
1978-ci ildəki qətl şahın avtoritar idarəçiliyinə etiraz edən neft işçilərinin tətili dövründə baş verib. Dövlətə məxsus İran Milli Neft Şirkətində direktor olan Borucerdi monarxiyanın süqutunu sürətləndirən tətillərə qarşı çıxırdı.
Oğlu danışır ki, bu mövqeyi atasını şahı devirmək istəyən islamçıların hədəfinə çevirdi. Dediyinə görə, "Mənsurun" qrupu məscidlərdə təxminən 10 nəfərin adının olduğu siyahı yayıb, Borucerdi bu siyahıda tətillərə qarşı çıxan, "aradan götürülməli" şəxs kimi göstərilib.
"Bu, təkbaşına törədilmiş hadisə deyildi. Terrorçu bir qrup qərar verdi, icranı iki nəfərə tapşırdı. Qonşular da iki silahlı şəxsi görüblər. Hətta işi bitirdiklərinə əmin olmaq üçün xəstəxanaya da gəliblər", – Borucerdi bildirib.
O, atasını Şəmxani və Rezayinin güllələdiyini iddia edib. Borucerdinin sözlərinə görə, qətldə istifadə edilən silahları Məhəmməd Cahanara verib. "Mənsurun" qrupunun üzvü Cahanara sonradan SEPAH komandiri olub, 1980-ci illərdə İran-İraq müharibəsində həlak olub.
Borucerdi Əhvazda İran Milli Neft Şirkətinin texniki məktəbində dərs deyirdi. Rezayi həmin vaxt orada təhsil alıb. Şəmxani və Cahanaranın da orada oxuyub-oxumadığı bəlli deyil.
Adı çəkilənlər
Əhvazda doğulmuş Şəmxani 1970-ci illərdə İranda gizli islamçı hərəkatların təşkilatçısı olub. Daha sonra SEPAH-ın dəniz qüvvələrinə rəhbərlik edib, müdafiə naziri, Ali Milli Təhlükəsizlik Şurasının katibi - İranın milli təhlükəsizlik müşaviri vəzifəsinədək yüksəlib.
Rezayi əvvəlcə SEPAH-ın kəşfiyyat rəhbəri, sonra isə komandiri olub, daha sonra yüksək siyasi vəzifələrə təyin edilib.
Borucerdi deyir ki, uzun müddət atasının qətlinin arxasında Şəmxani və Rezayinin dayanmasından şübhələnib. İttihamları ictimailəşdirməyin vaxtının indi çatdığını bildirib: "İnsanlar bilməlidir ki, bu şəxslər kimdir və nə ediblər. Buna görə indi danışıram".