Keçid linkləri

2026, 31 Avqust, bazar ertəsi, Bakı vaxtı 20:29

İran Prezidenti Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduqlarını deyir

Azərbaycan və İran prezidentləri görüşür
Azərbaycan və İran prezidentləri görüşür

Avqustun 31-də Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla da görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, Məsud Pezeşkian ölkəsinin üzləşdiyi çətin vəziyyətdə Prezident Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb.

Əlaqələrin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu deyən İran Prezidenti Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını qeyd edib.

Əliyev də öz növbəsində İranın üzləşdiyi bu şəraitdə Azərbaycanın yardımının qardaşlıq nümunəsi olduğunu vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, ölkəsi İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır.

Söhbət zamanı Azərbaycanla İran arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Əliyev və Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün avqustun 31-də Qırğızıstana işgüzar səfərə gəliblər

Xatırlatma

Azərbaycan-İran münasibətləri 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra xeyli gərginləşib. Həmin hücumda bir nəfər həlak olmuşdu.

Sonrakı dövrdə əlaqələrdə müəyyən yumşalma yaranıb, tərəflər birgə hərbi təlimlər keçirib. Amma regional geosiyasi gərginlik fonunda yeni böhranlar yaşanıb. Xüsusilə, 2026-cı ilin martında İsrail və ABŞ-nin İranla hərbi toqquşmaları zamanı Azərbaycanın Naxçıvan bölgəsinə dronların düşməsi münasibətləri yenidən sınağa çəkib. Prezident İlham Əliyev bu hadisəni "terror aktı" kimi pisləyərək İrandan rəsmi üzrxahlıq tələb edib. Tehran isə qonşu dövlətləri hədəf almadığını bəyan edərək araşdırma aparılacağını bildirib. Gərginlik səbəbindən dayandırılan yük daşımaları iki ölkə liderinin telefon danışığından sonra bərpa edilib. Ardınca Azərbaycan İrana humanitar yardım göndərib.
Son vaxtlar ABŞ İrana qarşı sanksyaları bir az da gücləndirib.

XS
SM
MD
LG