Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:53

İqtisadçılar prezidentin kredit qərarını şərh edir


N.Cəfərli
N.Cəfərli

«Problemli kreditlər tam olaraq dövlət tərəfindən ödənilməyəcək. Vətəndaş devalvasiyaya qədər olan məzənnə ilə borcunu ödəməyə məcbur olacaq. Amma devalvasiya nəticəsində dəymiş ziyanı dövlət ödəyəcək», – REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli prezidentin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı fevralın 28-də imzaladığı fərmanı şərh edərkən söyləyir.

«Birinci devalvasiyaya qədər vətəndaş krediti 78 qəpiklə götürübsə, elə həmin məzənnə ilə də ödəyəcək, amma devalvasiya nəticəsində dəymiş ziyanı dövlət ödəyəcək. Yəni, dolların məzənnəsi birinci devalvasiyadan sonra 78 qəpikdən 1 manat 5 qəpiyə qalxdı və həmin 25 qəpiklik fərqi dövlət ödəyəcək. İkinci devalvasiyadan sonra məzənnə 1 manat 70 qəpiyə qalxdı. Birinci devalvasiyadan sonra kredit götürənlər borclarını 1 manat 5 qəpikdən ödəyəcəklər. Sonradan devalvasiya nəticəsində yaranan fərqi dövlət üzərinə götürəcək. Yəni, burda məsuliyyət dövlətlə vətəndaş arasında bölünəcək. Banklar heç bir məsuliyyət daşımayacaq», – N.Cəfərli izah edir.

İqtisadçı bir məqama da toxunur: «Burda insanlara maraqlı olan həm də odur ki, yardım 5 min dolları ötməməməlidir. Yəni, götürülən kreditin həcmi 10 min dolları, ediləcək yardım da 5 min dolları keçməməlidir. Dəymiş ziyan 5 min dollardan çoxdursa, bunu vətəndaş özü ödəməli olacaq».

Hər iki devalvasiyadan sonra borcunu banklara ödəmiş fiziki şəxslərlə bağlı fərmanda heç nə deyilmir. N.Cəfərli bunu ədalətsiz sayır və hesab edir ki, kompensasiya ödənməlidir.

O, Azərbaycanda 700 min insanın problemli krediti olduğunu və onun həcminin 1 milyard 800 min manat və ya 1 milyard 100 milyon dollar etdiyini deyir.

İqtisadçinin qənaətincə, fərmandan irəli gələn göstərişlərin hamısı yerinə yetirilsə, problemli kreditlərlə bağlı məsələnin böyük hissəsinin həlli yönündə atılmış addım olacaq.

Prezident sərəncamında ancaq fiziki şəxslərin borclarının həlli nəzərdə tutulur, hüquqi şəxslərlə bağlı heç nə deyilmir.

N.Cəfərli deyir ki, hüquqi şəxslərlə məsələ, bu gün olduğu kimi, məhkəmə çəkişmələri yolu ilə həll olunacaq.

R.Həsənov
R.Həsənov

«Bu pul vətəndaşa geri qaytarılmalıdır»

«Bu, gözlənildiyindən daha yaxşı fərmandır», – iqtisadçı Rəşad Həsənov prezidentin problemli kreditlərlə bağlı imzaladığı sənəddən danışarkən deyir. O, bu günə qədər müxtəlif variantların müzakirə edildiyini xatırladır:

- Son günlərdə səsləndirilən variantlardan biri də borclu vətəndaşa zaman verilməsi və faizlərin silinməsi ilə bağlı idi. Bu kreditlərin uzunmüddətli dövrdə, yəni 10 il ərzində faiz tətbiq edilmədən ödənilməsi haqda danışılırdı. Amma bütün bunların olmaması müsbət məqamdır və dövlət burda müəyyən yükü üzərinə götürmüş oldu. Xüsusən də ilk gündən deyilirdi ki, devalvasiya vətəndaşın maliyyə yükünü və kreditin özünün məbləğini artırıb. Fərmanda devalvasiyanın vətəndaşa vurduğu zərərin kompensasiya olunması öz əksini tapıb. 25 qəpik birinci, 60 qəpik ikinci devalvasiyaya qədər götürülən kreditlərə görə güzəştin tətbiqi nəzərdə tutulur.

– Güzəşt sadəcə 10 min dollara qədər götürülmüş kreditlərə şamil olunacaq, ya hansısa istisnalar var?

- Əgər sonradan rəsmi qurumlar fərmanı şərh edərkən başqa məcralara aparmasalar, 10 minə qədər olan bütün xarici valyutada götürülən kreditlərə güzəşt nəzərdə tutulur. Yəni 100 min borcu olanın da 10 minə qədər hissəsinə bu tətbiq edilməlidir. Bu da yaxşıdır. Fərmanda bir məsələ də təqdirəlayiqdir, məhkəmələrdəki işlərin geri çağrılması üçün banklara bir ay vaxt verilib. Belə baxanda, mütərəqqi addımdır. Son iki-üç həftəyə qədər bunu gözləmirdik. Rəsmi qurumlar bunu yaxın buraxmırdılar. Bu baxımdan belə addımın atılması pozitivdir, əhalinin maliyyə yükünə, dolanışığına, kredit tarixçəsinə müsbət təsir etməklə maliyyə-təsərrüfat işlərini qaydaya salmağa yardım edəcək.

- İndiyədək borcunu ödəyənlər də var. Onlara güzəşt nəzərdə tutulurmu?

- Sonradan sənəd, qanun bəzən fərqli istiqamətlərə yozulur və iş Konstitusiya Məhkəməsinə qədər gedir, orda da dövlətə sərf edən, siyasi qərar verilir. Amma mənim fərmandan başa düşdüyüm odur ki, hesablanmış güzəşt məbləği vətəndaşa qaytarılmalıdır. Yəni, o məbləğ vətəndaşın banka olan borcuna yönəldilməlidr. Artıq qalan hissə vətəndaşın sərəncamına verilməlidir. Amma fərmanda bu dəqiq ifadə edilmir, yəni vətəndaşın sərəncamına necə verildiyi açıqlanmır. Başa düşdüyüm odur ki, «vətəndaşın sərəncamına verilir» deyilirsə, bu pul vətəndaşa geri qaytarılmalıdır. Banklar bunu vətəndaşın adına hesab açıb ora yerləşdirə bilər və s.- bu asandır. Amma görünən budur ki, bağlanmış kreditlər üçün də bir gecədə dəyən zərər geri qaytarılmalıdır.

- Böyük məbləğdə krediti olanlar isə borclarını özləri ödəməli olacaqlar?

– Onlarla bağlı ilk gündən müzakirə getmirdi. O, fərqli məsələdir. Bir də, şirkətlərlə vətəndaşın mövqeyi bir deyil. Şirkətlər bəzən zərər görsə də, eyni zamanda kredit malın idxalı və ixracı üçün götürülür. Qiyməti artırmaqla kompensasiya edə bilirlər. Amma vətəndaşın bu imkanı yoxdur. Vətəndaşın vəziyyəti ilə hüquqi şəxsin vəziyyəti fərqlidir. Düzdür, 2008-ci ildə ABŞ-da maliyyə böhranı zamanı konkret müxtəlif şirkətlərlə bağlı ayrıca qaydalar müəyyənləşdirilirdi və bunun əsasında güzəşt edilirdi. Avtomobil sənayesi, bank sektoru üçün ayrıca güzəşt müəyyən olunurdu. Bizdə problemli kreditlərdən söhbət gedir, vətəndaşın probleminə diqqət yönəlib. Düzdür, böyük biznes də zərər çəkdi, ədalətsizliklə üzləşdi. Devalvasiya qərarını da rəsmi qurum Mərkəzi Bank vermişdi, məlumatlandırma aparmamışdı, yalan məlumat yaymışdı. Amma yenə də, bu fərman vətəndaş üçün faydalı olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG