Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:58

Dollar kreditləri ilə bağlı qərar verildi


İ.Əliyev
İ.Əliyev

Banklara 10 min dollara qədər borcu qalanlara güzəşt olunacaq

Prezident İlham Əliyev bu gün, fevralın 28-də fiziki şəxslərin problemli kreditlərinin həllinə dair fərman imzalayıb.

Sənəd «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» adlanır.

Fərmanda banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarından bəhs edilir. Onun devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilib. Borc həmin qiymətləndirməyə əsasən, fərman qüvvəyə mindiyi gün Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir.

Qaydalar belədir.

2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0.25 manat (0,15 ABŞ dolları) müəyyən edilib.

2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə isə 1 ABŞ dollarına 0.6 manat (0.35 ABŞ dolları) götürüləcək.

Fərmana əsasən, bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.

Mərkəzi Bank fərman qüvvəyə mindiyi tarixə (10 min ABŞ dollarınadək kreditlər üzrə) vaxtı keçmiş kredit borclarının restrukturizasiyası (kredit şərtlərinin dəyişdirilməsi-red.) məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 milyon manat dövlət zəmanəti ilə güzəştli kredit verəcək.

Mərkəzi Bank həmçinin, ayrılmış kreditin hesabına banklara 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada, illik faiz dərəcəsi 0.5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edəcək

Sənədə əsasən, banklar nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməlidirlər. Eyni zamanda, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılması tövsiyə olunur.

Sənəddə vurğulanır ki, fiziki şəxslərin 10 min ABŞ dollarınadək (milli valyutada 17 min manatadək) olan əsas kredit borcları dedikdə, onların bütün banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi nəzərdə tutulur.

Fərmana görə, banklar əhaliyə yeni kredit müqaviləsinin bağlanılmasını təklif etməlidirlər. Kreditlərin müddəti 5 ilə qədər uzadılmalıdır. Fiziki şəxslərə 1 il güzəştli dövr verilməlidir.

Sənədə görə, fiziki şəxslər artıq yeni müqavilə üzrə öhdəliklərini ikinci ildən həyata keçirməyə başlayacaqlar. Eyni zamanda, həmin kreditlər üzrə hesablanmış və ödənilməmiş faizlər, dəbbə pulları, cərimələr varsa, onların silinməsi üzrə tədbirlər görülməli, yəni o, sıfırlanmalıdır. Habelə, yeni müqavilə üzrə kredit faizləri cəmi illik 1 faizə endirilməlidir.

Xatırlatma

2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş verib. 2015-ci il fevralın 21-də baş verən devalvasiyada 1 dollar 78 qəpikdən 1 manat 5 qəpiyə yüksəlib. Həmin il dekabrın 21-də baş verən ikinci devalvasiyada isə 1 dollar 1 manat 55 qəpiyə çatıb.

Dollar Azərbaycanda bu arada bir müddət 1 manat 90 qəpiyə yüksəlsə də, son illər məzənnə sabit qalır. Hazırda 1 dollar 1 manat 70 qəpikdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG