Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

İqtisadçı: '1 ilə yerli mal 25 faiz azalıb'


N.Əliyev
N.Əliyev

«Yerli malların ticarəti 1 ilə 25, 5 ilə 55 faiz azalıb. Rəsmi səslənən o bəzəkli bəyanatlar, inkişaf nağılları real mənzərəni əks etdirmir. Açıqlanan məlumatların təhlili tamam fərqli nəticələr ortaya çıxarıb».

Bunu AzadlıqRadiosuna AXCP İqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev bildirib.

İqtisadçıya görə, hesablamalar göstərir ki, yerli malların pərakəndə ticarət dövriyyəsinin 3 aylıq həcmi bu il 2.8 milyard dollardan 2.1 milyard dollara düşüb: «Deməli, azalma 700 milyon dollardır».

N.Əliyev deyir ki, bütünlükdə zərbə istehsala dəyib: «Zərbənin əsas hədəfi isə qeyri-neft sektoru olub (yanvar-mart dövründə neft məhsullarının və təbii qazın istehsalında artım qeydə alınıb). Qeyri-neft mallarının ixracında gözəgəlimli nəticə də əldə olunmayıb. Vur-tut 59 milyon dollar məbləğində artım qeydə alınıb ki, bu da ümumi itkiləri kompensasiya eləmək baxımından çox azdır».

N.Əliyev hesab edir ki, dövlət başçısının bu sahəyə aid çoxsaylı sərəncamlar, fərmanlar verməsinə baxmayaraq, qeyri-neft istehsalı sahəsində geriləmə davam edir: «Altı illik dövrün dinamikası göstərir ki, ötən 5 ildə yerli malların 3 aylıq ticarət dövriyyəsi 55 faiz və ya 2.7 milyard dollar azalaraq 4.8 milyard dollardan 2.1 milyard dollara düşüb».

Xatırlatma

Ancaq Azərbaycan rəsmiləri qeyri-neft sektorunda geriləmə ilə bağlı deyilən fikirlərlə razılaşmırlar.

Bu il aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev bunları demişdi: «İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə, ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artıb. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki görülən işlər bunu deməyə əsas verir. Sənaye istehsalı 4.4 faiz artıb. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15.6 faiz artıb. Bax, gördüyümüz işlərin nəticəsi budur və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması bizim siyasətimizin bariz nümunəsidir. Kənd təsərrüfatı 3.6 faiz, əhalinin gəlirləri isə 5.5 faiz artıb».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG